Məhkəmə qərarları › İş №2(060)-440/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-440/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-440/2023 02.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 400 manat maddi ziyanın və 30 manat ödədiyi dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə təxminən 18-19 radələrində cavabdeh-qonşusu Cavabdeh maşının arxasından çıxıb önə doğru gəlib əyilmiş, iddiaçının eyvanda olduğunu görən kimi özünü itirərək cəld şlanqı götürüb ağacları suvarmağa başlamışdır və iddiaçı onun maşının ətrafında fırlandığını görmüşdür. Təxminən 21 radələrində isə iddiaçı avtomaşını sürərkən qəfildən maşının təkərlərinin boşaldığını müşahidə etdikdə maşını saxlamış və maşının təkərlərini qonşusu sökdükdə təkərlərə bolt-qayka batdığını görmüşdür. Həmin anda 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Ramil adlı polis əməkdaşı həmin hadisə yerinə gəlib iddiaçıdan ərizə almışdır. Təhqiqat orqanı tərəfindən aparılmış araşdırma ilə Cavabdeh iddiaçıya məxsus əmlaka qəsdən ziyan vurması faktı təsdiq edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati material toplanaraq Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(060)- 2730/2022 saylı qərarı ilə cavabdeh barəsində olan inzibati xəta üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən (inzibati məsuliyyətə cəlb etmə ilə bağlı bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulan 3 aylıq müddət başa çatdıqda) xitam verilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Göründüyü kimi icraata xitam vermə qərarı inzibati xəta törədən şəxsin 3 ay müddətində inzibati cəzaya məruz qalmaması və müddətin ötürülməsi səbəbindən qəbul edilmiş və bu da şəxsi maddi məsuliyyətdən azad etmir. İddiaçıya məxsus olan avtomaşının 4 təkəri cavabdehin təqsiri üzündən yararsız hala düşmüş və «Hunday Accent» markalı 99CD981 dövlət qeydiyyat nişanlı avtomaşında istifadə etdiyi «KUMHO SOLUS» koreya istehsalı olan bir təkərin qiymətini orta bazar qiyməti əsasında hesabladıqda 4 təkərə görə dəymiş ziyanı 400 manat məbləğində qiymətləndirilir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh həyətdəki ağacları suladığını, onun maşınının ətrafında əyilib qalxdığını görmüşdür. Bundan iki saat sonra iddiaçı özünəməxsus avtomobilə əyləşib həyətdən çıxdıqda rulun ağırlaşdırğını hiss etmiş, avtomobili bir az irəliyə sürüb saxlamış, düşüb təkərlərə baxanda qabaq təkərlərin boşaldığını və təkərlərə bolt batırıldığını görmüşdür. Elə həmin an 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşı gəlib iddiaçıdan ərizə almışdır. Həmin polis əməkdaşı təkərlərə bolt-qayka batırıldığına şahiddir. Əlavə olaraq bildirdi ki, başqa şəxslərlə də münasibəti pisdir, lakin avtomobilə həmin şəxslər deyil, cavabdeh ziyan vurmuşdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçının maşınına onun tərəfindən zərər vurulmadığını bildirmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan : - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti, naməlum şəxslərin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmiş, zərərçəkmiş şəxs İddiaçı vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci ildə özünə məxsus avtomobili idarə edərkən sükanının ağırlaşdığını hiss etmiş, baxarkən avtomobilin ön təkərlərinin boşaldığını və təkərlərə bolt batırıldığını görmüşdür. Bundan sonra iddiaçı 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, Cavabdeh təqsirli olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti, naməlum şəxslərin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2730/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilmiş, zərərçəkmiş şəxs İddiaçı vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə müraciət etmişdir. İddiaçı avtomobilinə cavabdeh tərəfindən ziyan dəydiyini bildirsə də, bunu sübut edə bilmir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 400 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh 400 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar