Məhkəmə qərarları › İş №2(060)-4410/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4410/2023

19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4410/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 25700 manat məbləğində pulun, dəymiş mənəvi ziyanın əvəzi olaraq 3000 manat məbləğində pulun, 176 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun oğlu Ramid Həmzalıyevin qaynatasıdır. Belə ki, oğlu Ramid Həmzalıyev 2019-cu ildə cavabdehin qızı Aytən ilə ailə həyatı qurmuş və nikahlarından bir qız övladları dünyaya gəlmişdir. 2021-ci ilin yay aylarında belə qərara gəlmişdirlər ki, o, evini satıb, evin satışından da oğluna pul versin ki, övladı özünə mənzil ala bilsin. Bu məqsədlə evin satışından əldə etdiyi məbləğdən 15000 manat pulu oğluna vermişdir. Oğlu həmin pulu qaynatası Fizuli Ələkbərova aparıb gələcəkdə ev almaq məqsədi ilə saxlaması üçün vermişdir. Bir müddət sonra cavabdeh oğluna ilkin ödəniş 15000 manat olmaqla Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MTKda ucuz kreditə ev satıldığını bildirmişdir. Oğlu cavabdeh ilə həmin mənzili götürmüş və bundan sonra cavabdeh bildirmişdir ki, mənzili təmir etmək üçün də pul lazımdır. O da yenidən oğlunun xatirinə oğlu ilə birlikdə bankdan kreditlə pul götürmüş və 7500 manat məbləğində pulu da cavabdehə vermişdirlər. Bundan əlavə oğlu özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını sataraq 3200 manatı da cavabdehə vermişdir. 2023-cü ilin əvvəllərində oğlu ilə həyat yoldaşının arasında söz-söhbət yaranmış, oğlu mənzilin sənədlərini cavabdehdən tələb etdikdə məlum olmuşdur ki, cavabdeh ondan aldığı 25700 manat məbləğində pulu öz adına mənimsəmişdir. Belə ki, cavabdeh mənzili öz adına almışdır. Ona görə də cavabdehin ona qarşı dələduzluq etməsi barədə Sumqayıt şəhər Polis idarəsinə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən ərizə təmin edilməmiş, ona məhkəməyə müraciət etməsi barədə hüquqları izah edilmişdir. O, cavabdehin bu əməlindən əsl şok yaşamışdır. O bu hadisədən dərin mənəvi iztirab keçirmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın hazırki tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən əsassız olduğunu bildirdi. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, o, iddiaçının oğludur. Həyat yoldaşı Aytən iddiaçı olan anası İddiaçı ilə yola getmirdilər. Anası demişdir ki, evini satıb, evin satışından da ona pul versin ki, o, özünə mənzil ala bilsin. Anası bu məqsədlə evin satışından əldə etdiyi məbləğdən 15000 manat pulu ona vermişdir. O da həmin pulu qaynatası Fizuli Ələkbərova aparıb gələcəkdə ev almaq məqsədi ilə saxlaması üçün vermişdir. Cavabdeh 2022-ci ilin mart-aprel aylarında ona zəng edib ilkin ödəniş 15000 manat olmaqla Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MTK-da ucuz kreditə ev satıldığını bildirmiş, sonra evin təmir olunmalı olduğunu demişdir. O özü 5000 manat, anası isə 2500 manat bankdan kredit götürmüş və cəmi 7500 manat pulu da cavabdehə vermişdir. Bundan əlavə o özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını sataraq 3200 manatı da cavabdehə vermişdir. 2023-cü ilin əvvəllərində onun ilə həyat yoldaşının arasında söz-söhbət yaranmış, o, mənzilin sənədlərini cavabdehdən tələb etdikdə məlum olmuşdur ki, cavabdeh ondan aldığı 25700 manat məbləğində pulu öz adına mənimsəmiş, evi öz adına keçirmişdir. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, iddiaçının qızıdır. O, iddiaçı, qardaşı Ramid Həmzalıyev və onun həyat yoldaşı birlikdə bir evdə yaşamışdırlar. Sonradan münasibətlər pozulmuş, nəticədə ev satılmış, evin satışından 15000 manat pul qardaşı Ramid Həmzalıyevə verilmişdir. Qardaşı da həmin pulu qaynatası Fizuli Ələkbərova aparıb gələcəkdə ev almaq məqsədi ilə saxlaması üçün vermişdir. Sonradan qardaşı ev alındığını demişdir. Qardaşı gəlib anasına evin təmirinə görə pul lazım olduğunu bildirmiş və onlar kredit götürərək həmin pulu da cavabdehə vermişdirlər. O, pulların cavabdehə verilməsini görməmişdir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə Fizuli adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Həmin qərardan görünür ki, araşdırma müddətində Cavabdeh izahat verərək, 2021-ci ilin yay aylarında kürəkəni Ramidin onun ünvanına gələrək ev alması üçün onunla məsləhət etməsini və anasına məxsus evi satdıqlarına görə əlində 15000 manat pulu olduğunu, saxlamaq üçün ona verdiyini, sonra ev axtarmaqda ona köməklik etməyini xahiş etdiyi üçün maraqlanan zaman Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən "xxxx" MTK-da 1 otaqlı 63 kv metr kreditlə ev tapdığını, kürəkəni Ramidə zəng edərək belə bir ev tapdığını və ilkin ödəniş olaraq Ramiddə olan kürəkəninə məxsus 15000 manat pulu verib evi almaq lazım olduğunu bildirməsini, bununla Ramidin razılaşdığını və onu Saray MTKya çağıraraq həmin evi kürəkəninin adına rəsmiləşdirməyini bildirməsini, lakin kürəkəninin ona inanaraq rəsmiləşdirməyi istəmədiyi üçün öz adına rəsmiləşdirərək, aylıq olaraq hər ay hal-hazıradək 720 manat kredit ödədiyini, Ramid Həmzəliyevin verdiyi izahatda qeyd etdiyi 25.700 manat pulun yalan olduğunu cəmi ona ilkin olaraq 15000 manat verməsini daha sonra isə evin təmirinə pul çatmadığına görə Ramid və qızı özlərinə məxsus qızılları aparıb sataraq 3200 manat pul verməklə ümumilikdə 18.200 manat pulu Ramidin xəbəri və razılığı ilə aldığı evə xərclədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halı kimi müəyyən edildi ki, iddiaçı oğluna ev almaq üçün 15000 manat hədiyyə etmiş, sonuncu bu vəsaiti qayınatasına vermiş, cavabdeh isə MTK ilə müqaviləni öz adına bağlamışdır. Bundan əlavə, iddiaçının oğlu özünə və arvadına məxsus qızılların satışından əldə olunan 3200 manatı da cavabdehə vermişdir. İşin mübahisəli halı iddiaçının bankdan 7500 manat kredit götürərək mənzilin təmirinə görə oğluna, sonuncunun isə həmin vəsaiti cavabdehə verməsidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia hazırki tələbi irəli sürmək hüququ olmayan şəxs tərəfindən verildiyindən əsassızdır. Belə ki, 1500 manat, eləcə də kreditlə götürülmüş 7500 manat iddiaçı tərəfindən oğluna hədiyyə edildiyindən, 3200 manat sonuncunun özünə və arvadına məxsus qızılların satışından əldə olunduğundan, həmin pulları iddiaçı cavabdehdən tələb etmək hüququna malik deyildir. Ona görə də cavabdeh həmin əmlakları, onları digərinə hədiyyə vermiş, eləcə də başqasına məxsus zinət əşyalarının dəyərini tələb edən iddiaçıya qaytarmaq öhdəliyini daşımır. Məhkəmə tərəfindən iddiaçıya iddiaçının əsl iddiaçı əvəz edilməsi izah və təklif olunsa da, o, buna etiraz etmişdir. Məhkəmə verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu qənaətə gəlir ki, iddia, tələb irəli sürmək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Mənəvi ziyanla bağlı tələblə əlaqədar isə məhkəmə hesab edir ki, iş materialları ilə, eləcə də məhkəmə araşdırması zamanı cavabdeh X4 İddiaçı mənəvi ziyan vurması təsdiqini tapmamış, bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddia həmin hissədə də əsassızdır. Həmçinin, məhkəmə iddia tələbinin ödənilmiş 176 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsi ilə bağlı hesab edir ki, əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh X2 25700 manat məbləğində pulun, dəymiş mənəvi ziyanın əvəzi olaraq 3000 manatın, 176 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar