Məhkəmə qərarları › İş №2(060)-4419/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4419/2020

03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4419/2020 03.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4367/2015 saylı xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh hər ay bir uşağa 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimentin alınaraq xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4367/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay bir uşağa 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində alimentin tutularaq xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsi qət edilmişdir. Artıq X5 13, X6 9 yaşı vardır. Böyüdüklərinə görə onların tələbatı da artmışdır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən həmin il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin məhkəmə prosesində İddiaçı atasının villasının olması barədə səsləndirdiyi fikirləri təkzib edərək, onun yalan olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh yenidən ailə qurması, onun birinci nikah münasibətlərindən doğulmuş övladlarının hüquqlarını tapdalamaq, alimentinin azaldılması üçün əsas ola bilməz. Eyni zamanda Cavabdeh İddiaçı uşaqları ilə birlikdə ölkədən çıxışına süni olaraq maneələr yaradır. Bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, sözügedən iddia tələbi ilə tam razılaşmır və onu qismən qəbul edir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(060)-4367/2015 saylı qətnaməsinə əsasən ondan birgə nikahdan doğulmuş Turqut və Muradın saxlanması üçün hər ay hər biri üçün 80 manat olmaqla, ümumilikdə 160 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə qaydasında kəsilən aliment məbləğini vaxtı-vaxtında ödəmiş və bir gün də olsun belə gecikməsi olmamışdır. Gecikmə olmamasının səbəbi, kəsilən aliment məbləğinin maddi vəziyyətinə uyğun olmasıdır. Çünki aldığı əmək haqqı 500 manat məbləğindədir. Sözügedən əmək haqqının bir hissəsini alimentə, bir hissəsini də kirayə tutduğu mənzilə ödəyir. Bu səbəbdən də o hər ay 400 manat sabit pul məbləğində aliment yox, 200 manat ödəyə bilər. Ondan fərqli olaraq İddiaçı atasının villası var və maddi vəziyyətləri olduqca yaxşıdır. Əlavə olaraq qeyd etdi ki, İddiaçı ayrıldıqdan sonra yenidən nikaha daxil olmuş və həmin nikah münasibətlərindən də xx.xx.2016-cı il təvəllüdlü Ömər adlı yetkinlik yaşına çatmayan bir övladı vardır. İddiaçının uşaqları ilə birlikdə ölkə hüdudlarından kənara çıxarılmasına süni maneələr yaratması fikri ilə də razılaşmır, çünki o, heç vaxt iddiaçıya belə bir problem yaratmamışdır. Yuxarıda göstərdiklərinin nəzərə alınmasını və iddia ərizəsinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2011ci il təvəllüdlü X10 anadan olmuşdur. (İş materiallarına əlavə olunmuş AZ-İ 973149 və AZ- İİ 772557 nömrəli doğum haqqında şəhadətnamələrnin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-4367/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh ilə X7 arasında olan Sumqayıt şəhəri Qeydiyyat Şöbəsində xx xxxxxxx 2010-cu il tarixdə bağlanmış və 1683 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X6 anaları X1 himayəsinə verilməsi, Cavabdeh hər ay bir uşağa 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat məbləğində alimentin, xx.xx.2015-ci il tarixdən başlayaraq tutulub xx.xx.2007-ci təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X2 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 109100 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh ilə X8 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 932 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Muradova soyadı verilmişdir. İşdə olan AZ-İİİ 879128 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Murad Ömər Zaur oğlu xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Cavabdeh, anası isə X3r. Muradov X4 şəhəri, 13 saylı məhəllə, ev 56A, mənzil 12 ünvanında yaşayır. (işdə olan xx.xx.2020-ci il tarixli, 582 saylı arayışa əsasən) Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin rəsmi nikahından olan xx.xx.2007-ci il təvəllüdlü X5 8 yaşı, xx.xx.2011-ci il təvəllüdlü X6 isə 4 yaşı olmuşdur. Hazırda isə onların 13 və 9 yaşları vardır. Bu isə uşaqların saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin yenidən ailə qurmasını, himayəsində daha bir övladının olmasını və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, hər uşaq üçün 130 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(060)-4367/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar