Məhkəmə qərarları › İş №2(060)-4432/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4432/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4432/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 18000 manat pulun, 160 manat dövlət rüsumunun və vurulmuş maddi zərər kimi 5000 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, iddiaçı fərdi sahibkarlıqla məşğul deyildir. Baş mühəndis işləyir. İşin məhkəmə aidiyyatı üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, işin məhkəmə aidiyyatı üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Beləliklə yuxarıda qeyd olunan normaların mənasından göründüyü kimi işin mülki və ya kommersiya məhkəməsinə aidiyyatının müəyyən edilməsi üçün 3 qiymətləndirici meyar müəyyən edilmişdir: -Tərəflərin subyektiv tərkib; -Mübahisənin predmeti; -Hüquq münasibətlərinin xarakteri. Məhkəmə hazırki işin yuxarıda qeyd edilən meyarlar əsasında yoxlanılmasını zəruri hesab edərək qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş vergi məlumatları ilə İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) fərdi sahibkar kimi vergi orqanında uçota alındıqları müəyyən olunur. Məhkəmə həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı (VÖEN **********) və Cavabdeh (VÖEN **********) vergi ödəyicisi olaraq fəaliyyətlərini müvəqqəti dayandırmaları ilə bağlı işin aidiyyatının ümumi və ya komersiya məhkəməsi olması baxımından qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyə görə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə gəldikdə isə iddiaçının tələb etdiyi pul vəsaiti 27 oktyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında satılmış qeyri-yaşayış sahəsinin 01 may 2009-cu il tarixli beh müqaviləsində göstərilən ölçüdə satılmamasından qaynaqlanan vəsaitdir. Başqa sözlə desək, iddiaçı ona satılmış qeyri-yaşayış sahəsinin ölçüsünün cavabdehlə aralarında bağlanmış 01 may 2009-cu il tarixli beh müqaviləsində göstərilən ölçüsündən az olduğunu əsas göstərərk əskik olan ölçüyə görə 18000 manat məbləğində pul vəsaitinin ödənilməsini cavabdehdən tələb edir. Beləliklə mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-yaşayış sahəsi ilə bağlı olduğundan məhkəmə hesab edir ki, mübahisənin predmeti və hüquq münsibətinin xarakteri də məhz sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə subyekt tərkibi, hüquq münasibətinin xarakteri və mübahisənin predmetindən ibarət sadalanan üç qiymətləndirici meyarın bir-biri ilə qarşılıqlı bağlılığı olduğundan mübahisəyə ümumi məhkəmədə deyil kommersiya məhkəməsində baxılmalıdır. Bu səbəbdən mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı cavabdehdən 18000 manat pulun, 160 manat dövlət rüsumunun və vurulmuş maddi zərər kimi 5000 manat pulun tutulub ona verilməsinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar