Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4447/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qürbət oğluna qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qürbət oğluna qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Qürbət oğlu ilə 2013-cü tarixində faktiki, 07.03.2014-cü il tarixində rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 19.02.2015-ci il təvəllüdlü X8 və 10.04.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Nikahdan sonra cehiz əmlakları ilə birlikdə qaynanasına məxsus ünvan 1 ünvanına gəlin köçmüşdür. Sahəsi 39,60 m2 olan mənzil 09/414 nömrəli, 29.04.1985-ci il tarixli orderə əsasən, digər Cavabdeh2 adına qeydə alınmış və mənzil fonduna aiddir. Artıq 8 ildən artıqdır ki, həmin evdə yaşayır, cavabdehlə birgə təsərrüfat edir. Lakin cavabdehlər və baldızı onu evdə yaşamağa imkan verməmiş, üzərinə hücum çəkmiş, döymüş və təhqir etmişlər. Səbəbsiz bəhanələrlə onun və uşaqlarının orada yaşamaqlarına mane olmuşlar. Belə ki, o, cavabdehin ikinci nikahıdır, həmin mənzilin bir otağına Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə cavabdehin ilk nikahından olan həyat yoldaşı X4 və azyaşlı övladları ilə birlikdə köçürülmüşdür. Ev mənzil fonduna məxsus olduğuna görə onun mənzilə istifadə hüququ yarana bilər. Uşaqları mübahisəli mənzildə qeydiyyatda olsalar da, lakin onun passport qeydiyyatına alınmağında cavabdehlərlə ümumi razılığa gələ bilməmişdir. Cavabdehlər onun hüquqlarını pozduqları üçün hesab edir ki, onun mübahisəli mənzilə istifadə hüququ tanınmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən ünvan 1 ünvanına istifadə hüququnun tanınması, passport qeydiyyatına alınmasına və 2 azyaşlı övladları 19.02.2015-ci il təvəllüdlü X8 və 10.04.2017-ci il təvəllüdlü X2 mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 05.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh1 Qürbət oğlu lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 Qürbət oğlu ilə Söhbətova Gülşanə Zabil qızı arasında bağlanmış nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 07.03.2014-cü il tarixində akt qeydləri kitabında 228 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxışov, arvada isə Baxışova soyadı verilmişdir. İş materiallarında olan 14 saylı MKS-dən verilmiş 26.04.2021-ci il tarixli, 334 nömrəli ətraflı arayışdan görünür ki, ünvan 1, 3 otaqlı mənzil sahəsi 39,60 m2 olan mənzil orderi №09/414 sayı ilə 29.04.1985-ci il tarixində verilmişdir. Qeyd olunan ünvanda aşağıdakı ailə üzvləri qeydiyyatdadırlar: ev sahibəsi Cavabdeh2, onun mərhum həyat yoldaşı X14, onun oğlu Cavabdeh1 Qürbət oğlu, onun qızı X6, onun qızı X7, onun gəlini X4, onun nəvəsi X10, onun nəvəsi X11, onun nəvəsi X9, onun nəvəsi X12. Məhkəmənin qərarına əsasən mənzilin 1 otağı bölünərək X3 və onun 2 övladına verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 19.02.2015-ci il tarixində anadan olmuşdur. Atası Cavabdeh1 Qürbət oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 10.04.2017-ci il tarixində anadan olmuşdur. Atası Cavabdeh1 Qürbət oğlu, anası isə İddiaçıdır. İş materiallarında olan 14 saylı MKS tərəfindən verilmiş 26.04.2021-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında 2014-cü ildən yaşayır. İş materiallarında olan 29.04.1985-ci il tarixli, 09/414 nömrəli orderin surətindən görünür ki, ünvan 2 ünvanı X1 adına verilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, İddiaçı həmin mübahisəli mənzildə azyaşlı övladları və ailə üzvləri ilə birlikdə yaşasada, ailədə olan narazılıqlar və ailə münaqişləri ilə bağlı hüququnun tanınmasını tələb etmiş, lakin iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin nikahı hazırda qüvvədə olmaqla, mənzil iddiaçının qaynanası Cavabdeh2 order əsasında ayrılmışdır. Mübahisənin qeyd olunan halları mənzilə istifadə hüququnun tanınmasını mümkünsüz edərək, iddia tələbinin qanunvericiliyin tələbinə uyğun olmayaraq, məhkəmənin iddia tələbinin rədd olunması qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 27.1 və 27.3-cü maddələrindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmədiyinin nəzərə alınması diqqətə çatdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yuxarıda qeyd olunanları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməyərək İddiaçı ünvan 1 ünvanına istifadə hüququnun tanınması, passport qeydiyyatına alınmasına və 2 azyaşlı övladları 19.02.2015-ci il təvəllüdlü X8 və 10.04.2017-ci il təvəllüdlü X2 mənzilə köçürülməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4447/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4447/2021
17.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver