Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-446/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi Bəşiri-X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 qızı iddia tələbinə dəqiqləşmə verərək, İddiaçı işə getmədiyi müddət üzrə, yəni 250 manatdan 6 ayın əmək haqqısının, cəmi 1500 manat pulun Cavabdeh tutularaq birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt ŞRİ-nin İŞ-nin müstəntiqi Elgün Hüseynovun icraatında olan HK-1/592 nömrəli materialdan görünür ki, Cavabdeh 03.12.2019-cu ildə saat 19.45-də idarə etdiyi QAZ-31105 markalı ** NC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə Sumqayıt şəhəri, Sülh küçəsi ilə üzü S.Vurğun küçəsi istiqamətində hərəkətdə olarkən Corat qəsəbəsində yerləşən 7 saylı orta məktəbi keçib “Dörd yol” adlanan ərazidə yolu keçən piyada İddiaçı vuraraq sonuncuya müxtəlif bədən xəsarətləri yetirməklə, yol hərəkəti qaydalarını pozmuşdur. Araşdırma zamanı alınmış məhkəmə tibbi ekspertizasının 30.12.2019-cu il tarixli 1970 saylı rəyindən görünür ki, İddiaçı bədəni üzərində açıq kəllə-beyin travması, baş-beyinin orta ağır dərəcəli əzilməsi, sol tərəfli otohemolikvariya, sağ təğə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah sümüyünün sınığı, sağ gicgah payında epidural hematoma, sol alın payında subaraxnoidal hemorragiya, sağ təğə nahiyəsinin dərialtı hematoması, qulaqətrafı yumşaq toxumaların şişkinliyi, sağ gicgah təğə nahiyəsinin əzilmiş yarası xəsarətləri açkar edilmiş həmin xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Ona görə də Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin tərkibi vardır. O, araşdırma zamanı Cavabdeh ona vurulan zərərin əvəzinin tam ödəniləcəyi ilə bağlı yalan sözlərinə inanıb, ərizə ilə Sumqayıt ŞPİ-nə müraciət edərək Cavabdehlə barışdığını və ona qarşı tələb və şikayətinin olmadığını bildirərək, araşdırmanın dayandırılmasını bildirmişdir. Həmçinin cavabdehin özü də iltizam formalı kağız yazaraq onun bütün dava-dərmanlarını alacağını, həkim xərclərini ödəyəcəyini, sıradan çıxmış telefonunun, kurtkanın, ayaqqabının pulunu ödəyəcəyini boynuna götürmüşdür. Ona görə də Azərbaycan Respublikası CM-nin 40.3-cü və 212-ci maddələrini rəhbər tutaraq müstəntiqin 03.01.2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Hadisənin üstündən xeyli vaxt keçməsinə baxmayaraq, Cavabdeh onun sağlamlığına vurduğu maddi zərəri tam həcmdə ödəməmişdir. Müxtəlif bəhanələrlə ona vurduğu zərəri ödəməkdən boyur qaçırır. Halbuki, hadisə vaxtı onun 600 manat dəyərində Samsung markalı telefonu sıradan çıxmış, 70 manat dəyərində kurtka, 30 manat dəyərində ayaqqabı tam yararsız hala düşmüşdür. Müalicə və müayinələrinə gedərkən taksilərə 100 manata qədər pul vermişdir. 6 ay işləməyərək ayda aldığı 250 manatdan məhrum olmuşdur. Son vaxtlar isə klinika və həkimlərə taksi ilə gedib-gələrkən 500 manata qədər pul xərcləmişdir. Ümumilikdə 3000 manat zərər düşmüşdür. Hələ bundan sonra da müalicə və müayinələrə pul ödəməlidir. Sağ diz oynağında zədə qaldığı üçün fizioterapiya, nitqində qüsur qaldığı üçün loqoped və psixoloji müalicə almalıdır. Buna isə xeyli məbləğdə vəsait tələb olunur. Bu vəsaiti ödəməyə maddi cəhətdən imkanı yoxdur. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, İddiaçı işə getmədiyi müddət üzrə, yəni 250 manatdan 6 ayın əmək haqqı məbləğinin Cavabdeh tutularaq birdəfəlik ödənilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Xəsarət alanın müalicəsinə lazımi qədər pul verdiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “Unikal” klinikanın 04.12.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı sol alın payında beyin şırımlarında, falksda minimal subaraxnoidal hemorragiya, sol alın payında kortikal sahədə bir neçə millimetrik ölçülü kontuziya sahələri, sağ gicgah payında 6 mm qalınlıqda epidural hematoma izlənilir. Kəllə sümüklərində: Sağ gicgah sümüyünün mastoid parçasında minimal yerdəyişmiş sınıq, mastoid hüceyrələrdə, orta qulaq boşluqlarında, hər iki sfenoid sinuslarda hemorragik yığıntı izlənilir. Sağ təpə nahiyəsində 14 mm qalınlıqda dərialtı hematoma, qulaqətrafı yumşaq toxumaların şişkinliyi qeyd olunur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20.11.2020-ci il tarixli, 21 saylı arayışından görünür ki, 21.10.2019-cu il tarixdən “xxxx” MMC tərəfindən İddiaçı ilə əmək müqaviləsi bağlanaraq, o, ictimai işlərər cəlb olunmuşdur. 03.12.2019-cu il tarixdən 05.06.2020-ci il tarixədək xəstəlik vərəqəsində olmuşdur. - İş materiallarında olan 25.12.2019-cu il tarixli yazılı iltizamnamədən görünür ki, Cavabdeh 03.12.2019-cu ildə İddiaçı maşınla vurduğunu, onu xəstəxanaya yerləşdirdiyini və müalicə olunan İddiaçı bundan sonra da bütün iynə, dərman, tibbi komissiyalardan keçməsi xərci və həkim xərclərini öz üzərinə götürdüyünü, qəza zamanı itmiş mobil telefonu, kurtkasını almağa razı olduğunu, verdiyi sözü yerinə yetirməsə İddiaçı ondan şikayətçi ola biləcəyini bildirmişdir və öz imzası ilə təsdiq etmişdir. - İş materiallarında olan 25.12.2019-cu il tarixli yazılı iltizamnamədən görünür ki,X2 övladı Cavabdeh verdiyi sözə kəfil olduğunu bildirərək, Cavabdeh İddiaçı müalicə xərclərini ödəyəcəyini bildirmişdir və sənədə imza etmişdir. - 03 yanvar 2020-ci il tarixli Sumqayıt ŞPİ-nin qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. 03.12.2019-cu il tarixdə, saat 19:45-də Cavabdeh sürücülük vəsiqəsi ilə idarə etdiyi “QAZ-31105” markalı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sülh küçəsi ilə üzü S.Vurğun küçəsi istiqamətində hərəkətdə olarkən Corat qəsəbəsində yerləşən 7 saylı orta məktəbi keçib 4 yol adlanan ərazidə yolu keçən piyada İddiaçı ehtiyatsızlıqdan vuraraq sonuncuya qapalı baş-beyin silkələnməsi və bədəninin müxtəligf nahiyələrinin politravmasından ibarət bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətsə də, sonradan İddiaçı ilə barışdığından, toplanmış material üzrə Cavabdeh barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. - 07.05.2021-ci il tarixli, **********9 saylı arayışdan görünür ki, İddiaçı “xxxx” MMC ilə 21.10.2019-cu il tarixdə əmək müqaviləsi bağlayaraq Sumqayıt şəhərinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. 03.12.2019-cu ildən 04.06.2020-ci ilədək müddət ərzində 22,48 manat əmək haqqı və xəstəlik vərəqələri üzrə 308,13 manat pul almışdır. - 13.08.2020-ci il tarixli, **********6 nömrəli arayışdan görünür ki, İddiaçı 6 ay ərzində (2019-cu ilin dekabr ayından - 2020-ci ilin may ayınadək) hər ay 241,25 manat (vergi çıxılmaqla) almalı idi. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh 03.12.2019cu ildə saat 19.45-də idarə etdiyi QAZ-31105 markalı ** NC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yolu keçən piyada İddiaçı vuraraq sonuncuya müxtəlif bədən xəsarətləri yetirməklə, yol hərəkəti qaydalarını pozmuşdur. İddiaçı bədəni üzərində müxtəlif xəsarətlər almışdır. 03.01.2020-ci il tarixli qərar ilə toplanmış material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar 2019-cu ilin dekabr ayından - 2020-ci ilin may ayınadək işə çıxa bilməmiş, bülletendə olmuşdur. Onun aylıq əmək haqqısı 250 (vergilər çıxıldıqdan sonra 241,25 manat) manatdır. İddiaçı işləmədiyi müddətdə ona xəstəlik vərəqələri üzrə 308,13 manat pul hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh tərəfindən ona yetirilmiş sağlamlığına ağır zərər vurulması ilə nəticələnən xəsarətlərə görə 2019-cu ilin dekabr ayından-2020-ci ilin may ayınadək müddətdə işləyə bilməmiş, bununla əlaqədar əmək haqqından məhrum olaraq, yalnız xəstəlik vərəqələri üzrə ona pul ödənilmişdir. Belə olduqda, həmin müddət ərzində onun almalı olduğu əmək haqqı (vergilər çıxıldıqdan sonra) ilə verilən xəstəlik pulu arasındakı fərq iddiaçıya ödənilməlidir. Bu məbləğ isə 1116,89 manat təşkil edir. Belə ki, 6 ay ərzində (2019-cu ilin dekabr ayından - 2020-ci ilin may ayınadək) hər ay 241,25 manat, cəmi 1447,5 manat əmək haqqı almalı olduğu təqdirdə, 308,13 manat xəstəlik vərəqələri üzrə pul və cəmi 22,48 manat əmək haqqı verilmiş, bununla da 1116,89 manat fərq yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1116,89 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1116,89 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-446/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-446/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver