Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4465/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 1720 manat dəyərində maddi ziyan və ödənilmiş 38 manat dövlət rüsumu olmaqla, cəmi 1758 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1(060)-527/2023 saylı cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, iddiaçı cavabdehin mərhum atası Məhəmmədi tanımışdır. «Yaşıl dərə» sakinləri olaraq pul yığaraq yaşadıqları əraziyə su çəkmişlər. Cavabdehin atası su çəkilməsinə nəzarət etmişdir.Tağıyev Məhəmməd təxminən 7 il əvvəl vəfat etmişdir. Onun vəfatından sonra həmin ərazidə su kollektoruna su idarəsinin razılığı ilə iddiaçı nəzarət edir. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində cavabdeh iddiaçının yaşadığı evə gələrək onu evin qarşısına çağırmış, guya atasının tikdirdiyi kollektordan əlavə xətlər çıxdığını söyləmiş və onun razılığı olmadan həmin xətləri kimin qoşduğunu iddiaçıdan soruşmuşdur. İddiaçı da orada yaşayan sakinlərin ərizə ilə Su Təchizat idarəsinə müraciət edərək həmin xətləri çəkdirdiyini cavabdehə bildirmişdir. Cavabdeh iddiaçıdan su kollektoruna kimin baxdığını soruşmuş və iddiaçı ona kollektora onun nəzarət etdiyini bildirəndə, cavabdeh iddiaçını nalayiq sözlərlə təhqir etmişdir. İddiaçı da ona problem yaratmamağı və Su idarəsinə müraciət etməyi tövsiyə etmiş və evinə qayıtmaq istərkən, cavabdeh qəfildən arxadan onu əlində olan, onun görmədiyi əşya ilə vurmuş və iddiaçı yerə yıxılmışdır. O, iddiaçını yerdə bədəninə yumruq və təpiklə aramsız zərbələr endirmiş, əli ilə onu boğmuşdur. Həmin hadisə zamanı iddiaçının üstündə olan qiyməti 650 manat dəyərində “MİA2” markalı mobil telefonu və 70 manata aldığı görmə eynəyi sınmışdır. İddiaçı fərdi işlərdə işləyərək ailəsini dolandırırdı.Hər gün ən azı günə 20 manat gəliri olurdu. Bu hadisə ilə əlaqədar təxminən 2 aydan artıq işləyə bilməmişdir. Çünki hadisə ilə əlaqədar onun əlləri və bədəninin müxtəlif nahiyyələri zədələnmişdi. Bununla əlaqədar 1000 manat maddi gəlirimdən məhrum olunmuşdur. Cavabdehin təqsiri üzündən ona maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, o, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Sonuncu dəfə 1990-cı illərin əvvəllərində işlədiyi “Məişət Kimyası” zavodundan işdən çıxıb. Hazırda fərdi olaraq fəhləçilik edib gəlir əldə edir. Həmin hadisədən sonra təxminən 2 ay işləyə bilməmiş və hər ay təxminən 500 manat gəlirdən məhrum olmuşdur. Üstündə olan mobil telefon və görmə eynəyinin hadisə vaxtı zədələnməsini görən olmayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. Cavabdeh xx.xx.1987-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə iddiaçı cavabdehin cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanının əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(060)-527/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh 22 iyul 2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisində yerləşən zərərçəkmiş şəxs İddiaçı məxsus evin qarşısında sonuncu ilə atası Məhəmmədin həmin əraziyə öz hesabına əvvəllər çəkdirdiyi su kollektorunun onun icazəsi olmadan başqa şəxslərə paylamasına gora aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı İddiaçı yumruq və təpiklə qəsdən bir neçə dəfə zərbə vurub yerə yıxaraq ona hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin qançırı-şişkiniliyi, sağ yanaq nahiyyəsinin qançırı, sağ dirsək, sol dirsək, sağ diz nahiyyəsinin sıyrıqlarından ibarət xəsarət yetirərək İddiaçı sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının sağlamlığına ziyan vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. İddiaçı sağlamlığına vurulmuş zərərlə bağlı 2 ay müddətində işləyə bilmədiyini və bu səbəbdən 1000 manat gəlirdən məhrum olduğunu bildirərək, həmin məbləği cavabdehdən tələb edir. Mülki Məcəllədə göstərilmişdir ki, zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir (1119.1.). Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır (1119.3.). Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır (1119.4.). Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair xx.xx.2022-ci il tarixli ekspert rəyində iddiaçıya cavabdeh tərəfindən yetirilmiş xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın 3.1-ci bəndində göstərilmişdir ki, yüngül xəsarətlərə aşağıdakılar aid edilir: sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; baş beyin silkələnməsi; sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Göründüyü kimi iddiaçıya cavabdeh tərəfindən yetirilmiş xəsarətlər “sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər”ə aiddir. Bu səbəbdən iddiaçının 21 gün üçün itirdiyi qazanc hesablanaraq cavabdehdən tutulmalıdır. İddiaçı sonuncu dəfə 1990-cı illərin əvvəllərində rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olduğu üçün onun aylıq qazancını müəyyən etmək üçün sağlamlığının pozulduğu vaxtdan əvvəlki 1 illik dövr üçün minimum əmək haqqı əsas götürülməlidir. 2023-cü il üçün Azərbaycan Respublikasında minimum əmək haqqının 345 manat, 2022-ci il üçün isə 300 manat təşkil etdiyi nəzərə alınarsa, 2023-cü ilin 6 ayı üçün minimum əmək haqqının cəmi 2070 manat, 2022-ci ilin altı ayı üçün isə 1800 manat təşkil edir. Həmin dövr üçün 1 il ərzində minimum əmək haqqı məbləği 3870 manat təşkil edir ki, 21 gün üçün həmin rəqəm 228,90 manat təşkil edir. İddiaçı eyni zamanda zədələnmiş mobil telefon və görmə eynəyi üçün 720 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün aid olduğu cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarda göstərilmişdir ki, “22 iyul 2022-ci il tarixdə, saat 15 radələrində İddiaçı ilə Cavabdeh arasında baş vermiş dalaşma zamanı İddiaçı eynəyinin və mobil telefonunun Cavabdeh tərəfindən ehtiyatsızlıqdan sındırılaraq yararsız hala salınması istintaq materialları ilə kifayət qədər sübuta yetmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 187.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir”. Göründüyü kimi iddiaçıya məxsus mobil telefon və eynəyin cavabdeh tərəfindən sındırılması cinayət işi üzrə müəyyən edilməmişdir. İddiaçı məhkəmə iclasında qeyd edilən məsələ ilə bağlı məhkəməyə hər hansı əlavə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, sağlamlığa dəymiş ziyanla bağlı itirilmiş qazanc kimi 228,90 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 38 manat dövlət rüsumunun 06 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 228 (iki yüz iyirmi səkkiz) manat 90 (doxsan) qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38 manat dövlət rüsumunun 06 (altı) manatı Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4465/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4465/2023
31.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver