Məhkəmə qərarları › İş №2(060)-447/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-447/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-447/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********79936 və İMEİ kodu **********72210 olan 2 ədəd Samsung Galaxy A20 markalı telefonlar üçün 887 manat ödənilməmiş hissə, 230 manat dəbbə olmaqla, ümumilikdə 1117 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı “xxxx” MMC-ə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Cavabdeh “xxxx” MMC-dən İMEİ kodu **********79936 və İMEİ kodu **********72210 olan 2 ədəd Samsung Galaxy A20 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1212 manat olan ( 18 ay x 64 manat+ 60 manat ilkin ödəniş) İMEİ kodu **********79936 və İMEİ kodu **********72210 olan 2 ədəd Samsung Galaxy A20 markalı telefonlar üçün cəmi 325 manat ödəniş etmişdir. Müqavilə üzrə ödəniş cədvəlinin 2-ci bəndinə uyğun olaraq 230 manat (0.64 manat x 360 gün) dəbbə pulu hesablanmışdır. Odur ki, iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin 230 manat dəbbə pulu hissəsinin həcmini azaladaraq 90 manat həcmində dəbbə pulunun Cavabdeh tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 00614147 nömrəli, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh dəyəri 1212 manat olan İMEİ kodu **********79936 və İMEİ kodu **********72210 olan 2 ədəd Samsung Galaxy A20 markalı telefon almışdır. - xx.xx.2019-cu il tarixli əşyanı təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********79936 və İMEİ kodu **********72210 olan 2 ədəd Samsung Galaxy A20 markalı telefon Cavabdeh təhvil verilmişdir. - “xxxx” MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh dəyəri 1212 manat olan, 18 ay müddətinə, 60 manat ilkin ödənişli, aylıq ödəniş 64 manat olmaqla İMEİ kodu **********79936 və İMEİ kodu **********72210 olan 2 ədəd Samsung Galaxy A20 markalı telefon almış və 325 manat ödəniş etmiş və nəticədə 887 manat borcu qalmışdır. 230 manat dəbbə pulu hesablanmışdır. - “xxxx” MMC-nin cavabdehə ünvanlanan xəbərdarlıq məktubun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. - İddiaçının nümayəndəsinin xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o iddia tələbinin 230 manat dəbbə pulu hissəsinin həcmini azaladaraq 90 manat həcmində dəbbə pulunun Cavabdeh tutulmasını xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə “xxxx” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********79936 və İMEİ kodu **********72210 olan 2 ədəd Samsung Galaxy A20 markalı telefon almış, onların 1212 manat olan ümumi dəyərindən cəmi 325 manat ödəniş etmiş, 887 manat borcu yaranmışdır. Həmçinin 230 manat dəbbə pulu hesablanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək. sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əşyaların alqı satqısına dair müqavilə mahiyyət etibarilə nisyə alqı-satqı müqaviləsidir. Borclu götürdüyü əşyalara görə hər ay pul ödəməyinə dair öhdəlik götürmüş, lakin həmin öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilməmiş, malların 1212 manat ümumi dəyərindən 325 manat ödəniş etmiş və nəticədə 887 manat borcu yaranmışdır. Ona görə də iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 90 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. xx.xx.2019-cu il tarixli müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində Müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehdən 90 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-jı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh İMEİ kodu **********79936 və İMEİ kodu **********72210 olan 2 ədəd Samsung Galaxy A20 markalı telefon üçün 887 manat ödənilməmiş hissə, 90 manat dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1007 manat pul tutularaq iddiaçı “xxxx” MMC-ə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar