Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-447/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Birinci Qarabağ müharibəsi veteranıdır. Hərbi xidmət zamanı xəstələnmiş və ona müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Hesab etmişdir ki, müharibə dövründə xəstələndiyi üçün ona hərbi xidmət hərbi qulluqçusu kimi pensiya təyin olunmalıdır (hal-hazırda mülki qaydada pensiya alır). Tanış bir adam ona bildirmişdir ki, Cavabdeh adlı bir şəxs var və onun hərbi qulluqçu kimi pensiya almağını təşkil edə bilər. O, 2019-cu ilin avqust ayının 19-da Cavabdehlə görüşmüş və məqsədini ona bildirmişdir. Cavabdeh onu dinləyərək hərbi qulluqçu kimi pensiya təyininə görə 3000 (üç min) manat pul almışdır. Razılaşmaya görə Ə.Abduİİayev ona yaxın müddətdə hərbi qulluqçu kimi hərbi pensiya təyin etdirməli idi. Lakin hər dəfə ona müraciət etdikdə “bir az səbr et yaxın vaxtlarda düzələcək’' deyərək bu məsələni yubatmışdır. Sonradan ona məlum olmuşdir ki, cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmışdır. Əlacsız qalıb ərizə ilə Sumqayıt şəhər Polis İdarəsininə müraciət etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi araşdırma aparmış, xx.xx.2022-ci ildə “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul etmişdir. Həmin qərarda ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh polis bölməsində izahat verərkən ondan pensiya təşkil edəcəyinə görə 3000 (üç min) manat pul aldığını etiraf etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Ərastunla pensiya məsələsinin həlli üçün tanış olmuşdur və məsələ ilə əlaqədar ona 3000 manat pul vermişdir. Həmin pulu cavabdehə verərkən heç bir yerə qeyd yazdırmamışdır. Məsələnin alınmadığını görəndə cavabdehdən pulun qaytarılmasını tələb etmiş, sonuncu isə bundan imtina etdikdə məsələ ilə əlaqədar Polisə müraciət etməli olmuşdur. Məsələ 1-ci Polis Bölməsində araşdırılmış, cavabdeh orada dindirilmişdir və Ərastun Bölmədə ondan 3000 manat pul aldığını etiraf etmişdir. Əlavə olaarq onu da bildirir ki, özünün də maddi vəziyyəti yaxşı deyil. Həmin pulu cavabdehə verdikdən sonra maddi çətinliklər çəkir və borc hesabına ailəsini saxlayır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci mаddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 oktybar 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 391.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikası CPM-nin 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş izahatın məzmunundan görünür ki, o, xx.xx.2019-cu il tarixdə saat 13.00-da Əfqan, qardaşı Soltan və adını bilmədiyi qardaşı oğlu ilə Sumqayıt şəhəri, 8-ci mkr ərazisində yerləşən “Dostluq” kafesində görüşmüş, İddiaçı 3000 manat məbləğində pulu adını bilmədiyi qardaşı oğluna vermiş, həmin şəxs də pulu Əfqanın və Soltanın yanında ona vermişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 oktybar 2022-ci il tarixli qərarla Cavabdeh törətdiyi cinayət hadisəsi nəticəsində İddiaçı 3000 (üç min) manat məbləğində ziyan vurduğu, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 178.1-ci maddəsininn tərkibibnin olduğu öz təsdiqini tapmışdır. Lakin AR CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayəin törədildiyi gündən iki il keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb etmədən azad olunması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 oktyabr 2022-ci il tarixli qərarı və həmin icraat zamanı cavabdehin izahatını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddia tələbi təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-447/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-447/2023
03.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver