Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4472/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3850 manat maddi ziyanın, 2000 manat mənəvi ziyana görə təzminatın, 61 manat sənədlərin hazırlanması üçün hüquqi yardım xərcinin və 31 manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qonşusudur. Onlar bir binada yaşayırlar. İddiaçı birinci mərtəbədə, cavabdeh isə ikinci mərtəbədə yaşayır. Dəfələrlə cavabdehə məxsus olan mənzildən axan sular iddiaçının yaşadığı mənzilin tavan, döşəmə, divarlarının və mebel-avadanlıqların korlanmasına səbəb olmuş və o, bu barədə cavabdehə bildirsə də, eyni vəziyyət dəfələrlə təkrarlanmışdır. Növbəti dəfə 20.04.2021-ci il tarixdə su axması nəticəsində mənzilin bir sıra sahələri və mebellər yararsız hala düşmüşdür. Belə ki, 50 kv.m. ölçüdə laminat örtüyünün təmiri üçün 800 manat məbləğdə vəsait, mətbəxt mebelinin yenidən qurulması üçün 1700 manat məbləğdə vəsait, yararsız hala düşmüş qaz plitəsinnin və digər avadanlıqlarının yenisi ilə əvəz olunması üçün 600 manat məbləğdə vəsait, 14 kv.m.-lik lambirin dəyəri və dəyişdirilməsi xərci üçün 250 manat vəsait, divar kağızı və divarda hamarlama işləri üçün 300 manat məbləğdə vəsait və elektrik işlərinin görülməsi üçün 200 manat məbləğində vəsait olmaqla, cəmi 3850 manat tələb olunur . Cavabdehin eyni əməlləri dəfələrlə təkrarlaması və hər dəfə iddiaçının keçirdiyi sarsıntılar və əsəblər iddiaçıya ağır mənəvi zərbə vurmuşdur. Həmin mənzildə iddiaçının 90 yaşlı nənəsi yaşayır və hər dəfə bu hadisələr baş verdikdə o, bərk narahat olur və sarsıntılar keçirir. Sumqayıt Şəhər Məhkəməsinin 31.05.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. 30.09.2021-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. 2 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilən 27.04.2021-ci il tarixli, 460 saylı arayışdan görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 22.04.2021-ci il tarixli, ******* nömrəli arayışa əsasən iddiaçı Sumqayıt şəhəri, məhəllə 2, ev 5/28, mənzil 75 ünvanında qeydiyyatdadır. İşə əlavə edilmiş Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, məhəllə 2, ev 5/28, mənzil 75 mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 2 saylı Mənzil-Kommunal Sahəsinin mühəndisi İsmayılova A.Q, 2-ci məhəllə sahə ustası Əliyeva S.M, 2-ci məhəllə hesabdarı Yunusova N.C, texniki işçi Rəsulov R, qonşular 2-ci məhəllə, ev 5/28, mənzil 76 ünvanında yaşayan Pərvanə Həsənova, 2-ci məhəllə, ev 5/28, mənzil 81 ünvanında yaşayan Məmmədağa Ramazanov tərəfindən tərtib edilərək imzalanmış və həmin MKS-in möhürü ilə təsdiq edilmiş aktda göstərilmişdir ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/28, mənzil 75-də yaşayan iddiaçı Sumqayıt şəhəri, 2-ci məhəllə , ev 5/28, mənzil 77 - də yaşayan qonşudan evinə su axmağı barədə şikayət ərizəsi ilə 2 saylı MKS-ə müraciət etmişdir. Bununla əlaqədar mənzilə baxış keçirilmiş və məlum olmuşdur ki, qonşunun evinin mətbəxində su şlanqı partlayıb, nəticədə su aşağı mərtəbəyə axıb. Bu hadisə dəfələrlə olub. Hadisə 20 aprel 2021-ci il, saat 20:00-da baş verib. Texniki işçi Rüfət Rəsulov qonşuların köməyilə su vintilini bağlayıb və su axmasının qarşısını alıb. Mənzildə təzə və köhnə suyun qalıqları, divarların bərbad halı açıq-aydın görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20.09.2021-ci il tarixli, 10/3279 saylı ekspert rəyində ekspert belə nəticəyə gəlmişdir ki, Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 5/28 saylı evin 75 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 77 saylı mənzildən su axıdıldığı və nəticədə 75 saylı mənzilin dəhliz, qarderob və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 5/28 saylı evin 75 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikiniti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1186 manat məbləğində müəyyən edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Göründüyü kimi iddiaçının mənzilinə suaxma nəticəsində maddi ziyan dəymişdir. İddiaçı onun mənzilinə suyun ondan yuxarı mərtəbədə yerləşən 77 saylı mənzildən axıdıldığını bildirir. Cavabdeh 77 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Qeyd edilən halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert rəyində isə iddiaçının yaşadığı mənzilə 77 saylı mənzildən su axıdıldığı və mənzilə 1186 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər (97.1.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan mənzilə həmin binanın 77 saylı mənzilindən su axıdılması nəticəsində ziyan dəyməsi ekspert rəyi ilə təsdiq edildiyindən və cavabdeh tərəfindən həmin halı inkar edən hər hansı sübut təqdim edilmədiyindən iddia təmin edilməli və iddiaçıya dəymiş maddi ziyanın əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mənəvi ziyanla bağlı aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan dəydiyini bildirsə də, qeyd edilən halı təstiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçının izahatı ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/28, mənzil 75 iddiaçının mülkiyyətində olsa da o, faktiki olaraq həmin mənzildə yaşamır. Bu isə mənzilə dəymiş ziyan nəticəsində iddiaçının hər hansı mənəvi sarsıntı və iztiraba məruz qalması barədə nəticəyə gəlməyə imkan vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilmişdir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1.). MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Həmçinin hüquqi yardım göstərilməsi üçün ödənilmiş 60 manatın da 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1186 (min yüz səksən altı) manat pul, sənədlərin hazırlanması üçün 60 manat hüquqi yardım xərcinin 30 manatı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4472/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4472/2021
26.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver