Məhkəmə qərarları › İş №2(060)-451/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-451/2023

03.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-451/2023 03.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair mülki işə 03 mart 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 22A saylı evin, 16 nömrəli mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2018-ci il tarixli 2(060)-6489/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 02 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixii “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzildə Cavabdeh1 və Cavabdeh2 və X5 oğlu qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərlə məhkəmədənkənar hər hansı bir razılıq əldə olunmamışdır. Nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, mənzilinə dair keçirilmiş hərracın nəticələrinin ləğvinə dair şikayət verilməsi üçün vəkili elektron qaydada müraciət etmişdir, lakin onun müraciətinə hələlik cavabdeh verilməmişdir. Onun başqa yaşayış yeri yoxdur. Özü hepatit C xəstəliyindən əziyyət çəkir, himayəsində olan oğlanlarından biri ali məktəbi bitirib hərbi xidmətə gedəcək, digəri isə xəstədir. Əslində o, banka olan borcunu ödəməkdən boyun qaçırmır, lakin yeni qrafik tərtib edilməsini və buna uyğun ödənişlər etməsini istəyir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS814745160AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən) xəbərdalıq edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6489/2018 saylı, 25 iyul 2018-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı "xxxx" İKB ASC-nin Cavabdeh1 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 21 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 39683,02 ABŞ dolları əsas, 19837,41 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 59620,43 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 8-ci mikrorayonda yerləşən, 3 otaqlı, 61,35 kv.m ümumi, 47,6 kv.m yaşayış sahədən ibarət 22A saylı evin 16 nömrəli mənzilin açıq hərracdan satılması və borcun mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-370/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6489/2018 saylı, 25 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, 21 yanvar 2015ci il tarixli, 21-SME-1-0-36-15 nömrəli kredit müqaviləsi əsasında Cavabdeh1 iddiaçı "xxxx" İKB ASC-yə xeyrinə 39549,57 ABŞ dollar əsas və 19835 ABŞ dollar faiz borcu, 100 ABŞ dollan cərimə, cəmi 59484.57 ABŞ dolları (icra zamanı milli manat ekvivalentində), 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanm yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhər, 8-ci mikrorayonda yerləşən, 3 otaqlı, 61,35 kv.m ümumi, 47,6 kv.m yaşayış sahədən ibarət 22A saylı evin 16 nömrəli mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzilin satışından əldə olunacaq vəsait hesabına "xxxx" İKB ASC-yə olan borc məbləğinin ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən, 3 otaqlı, 61,35 kv.m ümumi, 47,6 kv.m yaşayış sahədən ibarət 22A saylı evin 16 nömrəli mənzilin ilkin satış qiymətinin 62.000 (altmış iki min) manat müəyyən edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6519/2019 saylı qərarından görünür ki, həmin qərar ilə iddiaçı "xxxx" İKB ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 370/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan edilmiş xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və X5 oğlu ünvan 2 ünvanında qeydiyyatdadırlar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmış, cavabdeh sonradan kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-370/2019 saylı qətnaməsi ilə mənzilin ilkin satış qiyməti müəyyən olunmaqla tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması qət olunmuşdur. Sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhər, 8-ci mikrorayonda yerləşən, 3 otaqlı, 61,35 kv.m ümumi, 47,6 kv.m yaşayış sahədən ibarət 22A saylı evin 16 nömrəli mənzil açıq hərracdan İddiaçı ASC tərəfindən alınmış və iddiaçının hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Lakin hazırkı vaxta qədər cavabdehlər mübahisəli mənzildən könüllü olaraq çıxmamışdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 16 nömrəli mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar