Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-451/2024 08.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3000 manat dəyərində 26.75 qram boyunbağı, 1720 manat dəyərində 17.62 qram italiyan qolbağı, 3100 manat dəyərində 28.6 qram rus sepi, sarı rəngli 330 manat dəyərində 3.62 qram qolbağı, sarı rəngli 360 manat dəyərində 4 qram sırğa, 300 manat dəyərində 3.5 qram sırğa, 150 manat dəyərində 2 qram üzük, 3100 manat dəyərində 32 qram italyan qızılı (boyunbağı), 460 manat dəyərində 5 qram tək qaş üzük, 120 manat dəyərində 5 qram sırğa, 354 manat dəyərində 3.6 qram klon, 186 manat dəyərində 1.95 qram üzük, 3300 manat dəyərində 01 ədəd göy komplekt dəst, 1800 manat dəyərində 19 qram italyan qolbağının naturada, naturada olmadığı halda onların dəyəri ümumillikdə, 19.096 (on doqquz min doxsan altı) manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, əvvəlcədən tanıdığı və onunla qohum olan Cavabdeh1 və onun keçmiş arvadı Cavabdeh2 onda olan qızılları sataraq qazanc əldə etməyi təklif etmiş, o isə Samir və onun arvadını əvvəlcədən tanıdığı üçün onların təklifi ilə razılaşmışdır. Bundan sonra 2021-ci ildə vaxtını dəqiq xatırlamadığı tarixdə Cavabdeh1, onun yaşadığı ünvan 1 ünvanına gələrək qızılları satmaq üçün ondan istəmişdir. Bu səbəbdən özü şəxsən yaşadığı mənzildə Cavabdeh1 26.75 qram 3000 manat dəyərində boyunbağı, 17.62 qram 1720 manat dəyərində italiyan qolbağı, 28.6 qram 3100 manat dəyərində rus sepi, sarı rəngli 3.62 qram 330 manat dəyərində qolbağı, sarı rəngli 4 qram 360 manat dəyərində sırğa, 3.5 qram 300 manat dəyərində sırğa, 2 qram 150 manat dəyərində üzük, 32 qram 3100 manat dəyərində italyan qızılı (boyunbağı), 5 qram 460 manat dəyərində tək qaş üzük, 5 qram 120 manat dəyərində sırğa, 3.6 qram 354 manat dəyərində klon, 1.95 qram 186 manat dəyərində üzük, 3300 manat dəyərində 01 ədəd göy komplekt dəst, 19 qram 1800 manat dəyərində italyan qolbağı vermişdir. Lakin Cavabdeh1 vədinə əməl etməmiş, bugünki tarixədək nə qızılları, nə də onların dəyərini geri qaytarmamışdır. Təxminən iki il gözləməsinə səbəb aralarında olan qohumluq münasibətləridir. Cavabdeh1 ondan götürdüyü qızılları keçmiş arvadı Cavabdeh2 verdiyini bildirmişdir. Hətta bu səbəbdən hazırda onlar boşanmışlar. O, Cavabdeh1 və Cavabdeh2 qanunsuz əməlləri barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət etmiş, Samir və Cavabdeh2ların izahatları alınmış, nəticədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla etdiyi müraciətin mülki xarakterli olduğu, bu səbəbdən məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Cavabdeh1 öz izahatında ondan 11 min 700 manat dəyərində qızılları götürüb, geri qaytarmadığını etiraf etmişdir. Əlavə olaraq da həmin qızılları keçmiş arvadı Cavabdeh2 verdiyini qeyd etmişdir. Həmçinin qeyd olunan faktlar Cavabdeh2 ilə aralarında olan “Whatsapp” sosial şəbəkəsində olan sms-yazışmalarla da təsdiq edilir. Məhkəmə iclasında İddiaçı1 izahatında bildirdi ki, 19 min manatdan 6 min manat pul vermişdir. Məhkəmə prosesində heç bir məbləğ ödəməmişdir. Bütün məbləğləri Samir vermişdir. Hal-hazırda pulun Cavabdeh2 tutulmasını xahiş edir. Samir sadəcə vasitəçi olmuşdur. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi X2 izahatında bildirdi ki, yoldaşının telefondan yaxşı anlayışı olmadığı üçün qızı məsələni həll etmişdir. Yeganə xanım qızılları qaytaracağına söz vermişdir. Qızılların hamısını Samirə vermişlər. Samir də bütün qızılları Yeganə xanıma vermişdir. 6300 manat qızılların məbləğində ona pul verilmişdir. Qızılların qramın çıxartmış, qiymətini də hesablamışlar. İddiaçı1 bütün bunları qızına ev almaq üçün etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, qızılları almışdır. Lakin məbləğdən xəbəri yoxdur. Həmin zamanlar da 290 manat əmək haqqı almışdır. Qohumun oğluna 3000, 3000 və 300 manat məbləğlərində pul vermişdir. Qalan məbləğlərdən xəbəri yoxdur. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Çünki, qarşı tərəf bilirdi ki, o, alver ilə məşğuldur, evdən çölə çıxmır. Ona görə də hər şeyi yoldaşına demişdir. Ona demişdir ki, Sənubər xanım qızıl satır. Ona da təklif etmişlər ki, onlara qoşulsun. Çünki paltar satmaq ilə pul qazana bilmir. Naxçıvanlı bir qızdan qızıl aldığını ona demişlər. O da yoldaşına demiş, yoldaşı da razılaşmışdır. Daha sonra bacısı qrup açmış, orada da tanımadığı insanlar olmuşdur. O, sifariş vermiş, yoldaşı da malları almışdır. Daha sonra malları həftənin beşinci və altıncı günləri avtovağzala yoldaşı aparmışdır. Orada isə paylamışdır. Yoldaşı malları gətirmiş, o, satışı etmişdir. Lakin malları yoldaşı aparmışdır. 2020-ci il tarixdə qızılları götürmüş, 2023-cü il tarixdə isə yoldaşından boşanmışdır. Həmin zamana kimi bir yerdə olmuşlar. İlk öncə aylıq ödəniş ilə danışmışlar. Lakin hansı ay və ayın hansı günündən-gününə kimi olduğunu tam xatırlamır. Daha sonra isə pul verilmədiyi üçün aylıq ödənişi ödəyə bilməmişdir. Bir müddət sonra isə telefon sıfırlanmışdır. Ona görə də tanıdığı adamlardan pulu ala bilmişdir. 3000 manat, 3300 manat almış, 4000 manat isə Samir bəy bankdan pul götürərək vermişdir. Polis orqanlarında ondan soruşmuşlar ki, qarşı tərəf iddia edir ki, borcu vardır. O da borcu olduğunu demişdir. Sadəcə qaytara bilmir. Qaytardığı borclara aid sübutlar yoxdur. Təxminən 6 və yaxud 7 min manat borcu qalmışdır. Çünki o vaxtdan danışıqları da o cür olmuşdur. O pulu verdikcə iddiaçı borcdan silmişdir. İndi də ondan sübut kimi qəbz tələb edirlər. Lakin o zamanlar da qəbz olmamış, yoldaşına vermiş, yoldaşı da aparmışdır. 2020-ci il tarixdə qızıllar götürülmüş, 2022-ci il tarixdə də sonuncu ödəniş olunmuşdur. Sonuncu dəfə 6300 manat ödəniş olunmuşdur. İlk gündən onlar arasında danışıq olmuşdur. Səfərova Həqiqət də bildirmişdir ki, aralarında söz-söhbət olmasın. Lakin indi heç nədən xəbəri olmadığını bildirir. O, indidə bildirir ki, ödənişi aylıq edir. Lakin bütövlükdə pulu verməyə gücü yoxdur. Heç nəyi yoxdur iki körpə uşağı vardır. Bunu qarşı tərəfin özünə də demişdir. 18 dekabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdehlərdən Cavabdeh1 həm əmisi nəvəsi, həm də digər Cavabdeh2 həyat yoldaşıdır. 2-3 il əvvəl Samir ondan satış məqsədi ilə qızılları almış, lakin o vaxtdan bəri qızılların dəyərini ödəməmişdir. Qızılı Samirə vermişdir. Qızılı satıqdan sonra pulu qaytarmalı idi. Qızılın dəyəri 19000 manat təşkil edir. Qızılın çəkisinin nə qədər olduğunu bilmir. Heç bir qeydiyyat aparmadan qızılı vermişdir. Məsələ ilə bağlı polisə müraciət etmiş, Polis bölməsində izahatları alınmışdır. 18 dekabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Qızılı ona iddiaçının qızı vermişdir. Yoldaşı Cavabdeh1 qızılları onun qızından götürmüşdür. Həmin qızılları satmaq üçün götürmüşdür. İddiaçının qızı Sənubər ona demişdir ki, “qramı 65 manatdan işlənmiş qızıllar vardır. Sata bilirsə gəlsin, götürsün və satsın”. Götürdüyü qızılları satandan sonra ona 6000, 4000, 3000 manat olmaqla 13000 manat pul qaytarmışdır. Satışı o həyata keçirmişdir. Qızılları yoldaşı götürmüş, pulu da o aparmış və vermişdir. Qızılları onlayn qrupda satmışdır. Cəmi 6000 manat borcu qalmışdır. 18 dekabr 2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onun heç bir şeydən xəbəri yoxdur. Onun ailəsi elə bu səbəbə görə dağılmışdır. Bir dəfə Möhübbətin oğluna, bir dəfə də özünə pul aparmışdır. 3000 manat oğluna, 3000 manat da özünə vermişdir. O, qızıl götürməmişdir. 22 yanvar 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, Yeganə qızılların satışından ona cəmi 6000 manat pul vermişdir. Özünə məxsus komplekti Moskva Univermağından almışdır. Komplekt dəsti – mavi rəngli qaşları olan üzük-sırğa, İtaliya istehsalı olan sep, qolbağ, rus istehsalı olan sep və s. qızıllar vermişdir. Qızılların ümumi dəyəri 19.600 manat olmuşdur. 2021-ci ilin iyun ayında qızılları götürmüş və cəmi 6000 manat ona pul vermişdir. Telefonda Yeganə ilə yazışmaları və qızılların şəkilləri vardır. Onları çıxardıb məhkəməyə təqdim edə bilər. Bir dənə rus qızılı olan sepin şəkli yoxdur. Yeganə qızılların satışından cəmi 6000 manat pul qaytarmışdır. 3000 manat bir, 3000 manat da bir qaytarmışdır. Həmin məbləğləri də Samir atasına vermişdir. Faizi deyil, yalnız qızılların dəyərini tələb edirlər. Heç bir sələm götürməmişdir. 6000 manat ödəmiş, telefonda mesajları da vardır. Etiraf etmişdir ki, 11.800 manatı ödəyəcəkdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 20 sentyabr 1993-cü il tarixdə anadan olmuş, atası İddiaçı1 oğlu, anası isə X1r. - Cavabdeh2 tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisinə ünvanlanmış izahatdan görünür ki, 2021-ci ildə qaynanasının əmisi oğlu İddiaçı1 ümumi dəyəri 11 min 700 manat olan qızıl-zinət əşyaları götürmüşdür. Bildirmişdir ki, sataraq hissə-hissə qızılın pulunu verəcəkdir. Keçmiş həyat yoldaşı Samirə 12 min 300 manat pul vermişdir ki, aparıb pulu Möhübbətə versin. O da həmin pulu vermişdir. - Cavabdeh1 tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisinə ünvanlanmış izahatdan görünür ki, qonşu Möhübbətdən 11 min 700 manatlıq qızıl-zinət əşyaları götürmüş, aparıb keçmiş həyat yoldaşı Yeganəyə vermişdir. Yeganə də qızılları satmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/1216 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş məlumata əsasən iş materiallarında və ekspertiza təyini haqqında qərardadda göstərilən 13 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 16238,00 manat müəyyən edilir. Digər 2 adda zərgərlik məlumatlarının üzərindəki qaşların təbiəti, istehsal yeri, keyfiyyəti, mənşəyi, ölçüsü və s. barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. - Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Səfərov X5 rayonundan məcburi köçkündür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh2 İddiaçı1 qızı İddiaçı2 qızılları satmaq üçün götürmüşdür. Qızılları Cavabdeh2 onun keçmiş həyat yoldaşı, digər Cavabdeh1 vermişdir. Hal-hazırda həmin qızıl və zinət əşyaları satılmış, yəni naturada mövcud deyildir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında qızıl-zinət əşyaları ilə bağlı alış-veriş olmuş, onların dəyəri isə hər iki tərəfin mübahisə etmədiyi kimi, razılığa gəldikləri kimi 19000 manat olmuşdur. Mübahisəli hissələr isə, cavabdehlər tərəfindən borcun qaytarılması, yəni onun hansı miqdarda qaytarılması və Cavabdeh1 pulun tutulub-tutulmaması ilə bağlıdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisə predmeti üzrə öhdəliyi, sadəcə keçmiş həyat yoldaşından pul məbləğlərinin çatdırılması ilə bağlı olub, yəni Cavabdeh2 satılan qızılların dəyərini aparıb iddiaçılara çatdırmaq olduğundan, həmin hissədə öz üzərinə düşən tapşırığı yerinə yetirdiyindən, Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilə bilməz. Məhkəmə qızılların dəyərinin qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, əmlaklar naturada mövcud olmadığından, hazırki mübahisə predmeti pul tələbidir. Qızılların qiymətləndirilməsi məhkəmə tərəfindən həyata keçirilmiş, rəyə əsasən onların dəyəri 2 adda zərgərlik məlumatı istisna olmaqla 16238 manat müəyyən edilmişdir. Qızılların dəyəri olaraq tərəflər arasında 19000 manata dair razılaşma olmuş (bunu hər iki tərəf bildirir), cavabdeh tərəfin polis orqanına verdiyi izahatdan görünür ki, Cavabdeh2 2021-ci ildə qaynanasının əmisi oğlu İddiaçı1 ümumi dəyəri 11 min 700 manat olan qızıl-zinət əşyaları götürmüş, sataraq hissə-hissə qızılın pulunu qaytaracağını, keçmiş həyat yoldaşı Samirə pulları vermişdir ki, aparıb pulu Möhübbətə versin. O da həmin pulları vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar və işin araşdırılan halları o qənaətə gəlməyə imkan verir ki, iddia tələbi 11.700 manat pul tələbi hissəsində əsaslıdır. Məhkəmənin bu qənaətə gəlməsinə əsas işin tədqiq olunan halları, tərəflərin izahatları, tərəflərin polis orqanlarına verdikləri izahatlarında qeyd olunan hallardır. İddia tələbinin qismən qəbul edərək Cavabdeh2 gətirdiyi dəlillər (pulun müəyyən miqdarda qaytarılması və sair) formal mülahizələrlə bağlı olub qeyd etdikləri etirazın öz gətirdikləri dəlillərlə təqzib edilməsidir. Belə ki, bir tərəfdən Cavabdeh2 qızılları götürdüyünü qeyd etmiş, lakin müəyyən məbləğlərdə ödənişlər edərək onun borcunun 6 və yaxud 7 min miqdarında qalmasını, lakin həmin hallara dair sübut edə bilmədiyini qeyd edir. Qeyd olunanlar məhkəmə tərəfindən əsaslı sayılmayaraq, işin tədqiq olunan hallarına uyğunluq təşkil etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspert rəyini MPM-nin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X7 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarında qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumuniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 hüquqi əsas olmadan iddiaçıların hesabına əmlak əldə etmişdirlər. Belə ki, Cavabdeh2 varlanmasına, yəni iddiaçıların 11.700 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı bu hissədə əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər. Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iddianın məhkəmə xərcləri ilə bağlı olan hissəsini araşdıraraq hesab edir ki, İddiaçı1 məcburi köçkün statusuna malik olduğundan, bu səbəbdən də dövlət rüsumunu ödəməkdən azad olunduğundan, iddia tələbi qismən təmin olunduğundan, ona uyğun dövlət rüsumu, yəni 125.1 manat Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza xərci olan 50 manat məbləğində pul məbləği Cavabdeh2 aid edilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 11.700 manat pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 125.1 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2 tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SWİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-451/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-451/2024
08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver