Məhkəmə qərarları › İş №2(060)-4515/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4515/2023

03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4515/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Muradov Nahid Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun, vurulmuş maddi ziyana görə 2000 manat olmaqla, cəmi 7000 manat pulun və məhkəmə xərclərinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun anasıdır. O, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sanatoriyaya müalicə olunmağa getdiyi üçün onunla birgə yaşayan anasına 5000 manat pulu elə həmin gün qızı Əfruzənin iştirakı ilə anasının təkidi ilə sayaraq sanatoriyadan qayıdanadək saxlaması üçün ona vermişdir. Cavabdeh həmin məbləğdə pulu onun köməkliyi ilə yatdığı divanı qaldıraraq divanın saxlanc yerindəki paltarlarının üstünə qoymuş və onu narahatçılığa əsas olmadığını, qayıdan kimi pulu qaytaracağını bildirərək arxayın etmişdir. O, xx.xx.2023-cü il tarixdə sanatoriyadan evə qayıtmışdır. Anası ilə pul barədə söhbəti olmamış, işi olduğundan rayona getməli olmuşdur. İki gün sonra evə qayıtmış və mart ayının 12-də səhər tezdən anası ona heç nə demədən paltarlarını da götürərək evdən getmişdir. Ona təcili pul lazım olduğundan divanın altından pulu götürmək istəyərkən pulun qoyulduğu yerdə olmadığını görmüşdür. Cavabdehin yaşadığı otaqdan cavabdehdən başqa heç kimin istifadə etməməsindən, həmin otağın açarının cavabdehdə olmasından, həm də paltarlarını tələsik götürərək heç bir səbəb olmadan və heç nə demədən getməsindən şübhələnərək cavabdehə zəng edərək pulun qoyulduğu yerdə olmadığını və pulu qaytarmasını bildirərək əks təqdirdə polisə müraciət edəcəyini xəbərdar etmişdir. Cavabdeh pulun onda olmasını əvvəlcə etiraf, sonradan pulu götürdüyünü inkar etmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh Sumqayıt şəhəri, 21-ci məhəllədə kirayə ev tutaraq orada yaşayır. Cavabdeh onun polisə zəng edəcəyini eşidən kimi onun qızı Əfruzəyə zəng edərək ehtiyacı olduğu üçün pulu götürdüyünü, yaxın vaxtlarda qaytaracağını deyərək polisə şikayət etməməsini xahiş etmişdir. Lakin, cavabdeh verdiyi sözləri tutmamış və pulu qaytarmamışdır. Onun cavabdehlə çox yaxşı münasibətləri olmuş, cavabdehə çox bağlı olmuş, inanmış, yaşamağa yanında yer vermiş, qayğı göstərmiş, bir övlad kimi bütün maddi tələbatını ödəmiş, pal-paltarını almış, lakin cavabdeh onu aldatmış, etibarından sui-istifadə edərək 5000 manat pulunu ələ keçirərək mənimsəmişdir. O, aldadıldığını başa düşərək xx.xx.2023-cü ildə pozulmuş hüquqularının bərpası üçün AR DİNnin 102 çağrı xidmətinə zəng edərək cavabdeh tərəfindən ona məxsus 5000 manat pulun oğurlandığını və bu barədə qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən 3-cü polis bölməsində iştirakı ilə aparılan araşdırma zamanı cavabdeh şifahi dindirilərkən həmin pulu ehtiyacı olduğu üçün götürdüyünü, "xxxx" ASC-nin Sumqayıt filialına depozit kimi qoyduğunu boynuna almış və qaytaracağına söz vermişdir. Cavabdeh həmin pulu banka qoyduğunu onun bacısı Mənsurəyə bildirmişdir. Daha sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı E.Alışov "xxxx" ASC-nin Sumqayıt filialına sorğu verdikdən sonra məlum olmuşdur ki, cavabdeh onun evindən götürdüyü 5000 manat pulu xx.xx.2023-cü ildə "xxxx" ASC-nin Sumqayıt filialına depozit kimi qoymuş, xx.xx.2023-cü ildə həmin pulu bank hesabından çıxarmışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı E.Alışov xx.xx.2023cü ildə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edərək ona mülki iddia qaydasında məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ona görə də pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdeh pulunu qaytaracağını bildirsə də sözünə əməl etməmişdir. O, pulu anasına verərkən qızı Əfruzə onun yanında olmuş, 5000 manat pulu sayaraq anasına vermişdir. Cavabdehin pulu qaytaracağını deməsi barədə onun sübutu yoxdur. Onun qardaşı məsələdən xəbərdar idi. Qardaşının ona verdiyi 500 manat pulu anası qardaşına verərək ona verməsini tapşırmışdır. Həmin ərəfədə qardaşı Almaniya Respublikasına gedirdi və ona pulu göndərəciyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh izahatında göstərdi ki, iddia qəbul etmir. İddiaçı ona pul verməmiş, iddiaçıya pulu götürməyi və qaytaracağı ilə bağlı heç nə deməmişdir. Onun iddiaçının mənzilində qalmağı düzdür, lakin iddiaçının ona pul verməsi həqiqətə uyğun deyildir. Həmin pul onun özünə məxsusdur və təqaüdü, həmçinin oğlu verdiyi vəsait hesabına müəyyən müddət ərzində yığmışdır. O, kirayədə qalarkən ev sahibi ona pulu evdə saxlamamağını, banka qoymağını məsləhət görmüşdür. O da pulu banka qoyaraq faizindən kirayəni ödəməyi düşünmüşdür. İddiaçının onu məhkəməyə verməsinin səbəbi guya iddiaçının qızı haqqında nişanlısının ailəsinə nəvəsinin diplomunun olmadığını, dərziliyi evdə öyrəndiyini, diplomun isə saç ustasına aid olduğunu deməyi olmuşdur. Həmçinin qeyd etdi ki, o, övladlarına dəfələrlə pul vermiş və onlar geri qaytarmamışdırlar. İddiaçı, oğluna (iddiaçının qardaşına) əvvəlcə 2000, sonra isə 600 manat pul verəcəyi təqdirdə ərizəsini geri götürəcəyini bildirmişdir. O, 500 manat pulu oğlu xaricə gedəcəyi üçün vermiş, oğlu da həmin pulu iddiaçıya vermişdir. Onun bankda 5000 manat pulu var idi. Həmin puldan hazırda 1500 manat qalmışdır. 2022-ci ilin oktyabrından xx.xx.2023-cü ilədək iddiaçının evində qalmışdır. Həmin gün, yəni xx.xx.2023-cü ildə evdən çıxmışdır. Məhkəmə iclasında şahid X1 ifadəsində göstərdi ki, o, iddiaçının bacısı, cavabdehin isə qızıdır. Anası xx.xx.2023-cü ildə onlara gəlmiş, ona banka 5000 manat pul qoyduğunu demiş, onun sualına cavab olaraq pulun bacısına məxsus olduğunu bildirmişdir. Anasından niyə belə etdiyini soruşduqda isə üzərinə gələn faizdən bacısının pulunu qaytaracağını, 5000 manatın isə özünə qalacağını bildirmişdir. O da anasına bacısının qızına toy edəcəyi üçün pula ehtiyacı olduğunu demişdir. Cavabdeh iddiaçının polisə müraciət edəcəyi təqdirdə pulu qaytarmayacağını demişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, o, iddiaçının qızı, cavabdehin isə nəvəsidir. Anası xx.xx.2023-cü ildə sanatoriyaya getdiyi üçün 100 manatlıq əskinazlardan ibarət olan 5000 manat pulu onun yanında sayaraq cavabdeh olan nənəsinə vermişdir. Anası mart ayında evə qayıtmış və 2 günlüyə Qəbələyə getmişdir. Anası evdə olmayanda nənəsi əşyalarını da yığaraq evdən getmişdir. Anası evə gəldikdən sonra nənəsinə zəng edərək pulu istəmiş, nənəsi də qaytaracağını bildirmişdir. Nənəsi 2 dəfə də onun iş yerinə gələrək anasını sakitləşdirməyini xahiş etmiş və pulu qaytaracağını demişdir. O da anasına bəlkə ehtiyacı olduğu üçün xərclədiyini demişdir. Qeyd etdi ki, həmin pul onun cehiz pulu olmuşdur. Nənəsinin iş yerimə gələrək ona pulu qaytaracağını deməsi barədə sübutu yoxdur. Həmin vaxt ikisi tək olmuşdurlar. O, eyni zamanda nişanının qayıtmadığını, nənəsinin nişanlısına onunla bağlı nəsə demədiyini bildirdi. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, o, iddiaçının bacısının əri, cavabdehin isə kürəkənidir. Tərəflərlə heç bir düşmənçiliyi yoxdur. Əvvəlcə onun bu hadisədən xəbəri olmamışdır. 2023-cü ilin aprel ayında qaynanası onlara gəlmiş və pulun onda olduğunu, qaytaracağını deyərək şikayət edilməməsini istəmişdir. Tərəflərin əvvəlcə münasibətləri yaxşı olmuş, bu hadisədən sonra pozulmuşdur. O, sonradan pulun cavabdehdə olduğunu bilmişdir. Cavabdeh pulu götürdüyünü və qaytaracağını demişdir. Lakin, pulun miqdarını deməmişdir. Cavabdeh pulu götürdüyünü və qaytaracağını 4-cü məhəllədə yerləşən gözəllik salonunun qarşısında demişdir. Məhkəmə, tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı Emin Alışovun qərarından görünür ki, İddiaçı şikayəti əsasında yoxlama aparılmış, şikayətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından bununla bağlı olaraq iddiaçıya məhkəməyə müraciət etməsi izah olunaraq cinayət işinin başlanması rədd edilmişdir. - Sumqayıt ŞPİ-nin 3-cü PB-si tərəfindən məhkəmənin sorğusuna əsasən məktubla göndərilən Cavabdeh verdiyi izahatın surətindən görünür ki, cavabdeh xx.xx.2023-cü ildə ona verilən suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 18/29 saylı evin, 2 saylı mənzilində ailəsi ilə birgə yaşayır. Təxminən 4 ay olar ki, qızı İddiaçı evində onunla birlikdə yaşayırdı. Orada yaşadığı müddətdə Münəvvərlə münasibəti pis olmuş, onunla tez-tez münaqişə edirdilər. Bütün bunlara dözmədiyi üçün 2023-cü ilin əvvəllərində oradan çıxmış və 21-ci məhəllədə kirayə ev tutub orada yaşamağa başlamışdır. Daha sonra Münəvvər ona zəng edib onun pulunu götürdüyünü demiş və ondan pulu tələb etmişdir. O isə ondan heç bir pul götürmədiyini bildirmişdir. O, Münəvvərdən 5000 manat pul almamışdır. Onun həmin puldan xəbəri yoxdur. Münəvvərin dedikləri əsassızdır. Cavabdeh Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis leytenantı Emin Alışovun “Sizin digər qızınız sizin ona pulu götürdüyünüzü etiraf etdiyini və pulu banka qoyduğunuzu dedi. Bu doğrudurmu?” sualına “Xeyr, onun dedikləri əsassızdır. Həmin pul mənim öz pulumdur.” cavabını vermişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2023-cü ildə sanatoriyaya gedərkən saxlamaq üçün cavabdehə verdiyi 5000 manatın sonuncu tərəfindən mənimsənildiyini bildirir. İddiaçı həmin ilin martın 6-da evə qayıtmış, pul barədə cavabdehlə söhbəti olmamış, ayın 12-də isə sonuncu evi tərk edərək yaşamaq üçün başqa ünvana getmişdir. Bundan sonra iddiaçı pulu götürmək istəyərkən vəsaiti qoyulduğu yerdə aşkar etməmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş –müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Belə ki, iddiaçı cavabdehə saxlaması üçün pul verməsini, eləcə də sonuncunun həmin vəsaiti mənimsəməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır. Məhkəmə, iş üzrə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, göstərilənlər iddiaçının pulunun cavabdeh tərəfindən mənimsənildiyini təsdiqləmir. Həmçinin, şahidlərin cavabdehin pulu götürməsi barədə onlara etiraf etməsi barədə ifadələri sonuncunun izahatları və digər mötəbər sübutlarla təsdiqlənmədiyindən məhkəmə onları şübhədən kənar sübut və mübahisəli halın fakt kimi mövcudluğuna birbaşa dəlalət edən dəlil kimi qiymətləndirmir. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, AR MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, cavabdehin mübahisəli məbləğ həcmində banka əmanət qoyması ilə əlaqədar qeyd edir ki, bu fakt da həmin pulun məhz iddiaçının tələbində mübahisələndirdiyi ona məxsus vəsait olması qənaətinə gəlmək üçün yetərli deyildir. Belə ki, belə bir nəticəyə gəlməyə əsas verən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, iddiaçının istirahətdən qayıtdıqdan sonra cavabdehə saxlanca verdiyi pulu sonuncudan onun evdən çıxmasınadək olan müddətdə istəməməsi və bu barədə söhbət salmaması, eləcə də həmin məbləğin qoyulduğu yeri bildiyi halda, həmin vəsaitin mövcudluğunu yoxlamağa və yaxud götürüb özünə məxsus bir məkanda yerləşdirməyə cəhd etməməsini iddianın dəlillərini təkzib edən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar