Məhkəmə qərarları › İş №2(060)-4519/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4519/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4519/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbamu Rəhim qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimənin ödənilməsi tələbinə dair mülki işə 05 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 396-RKM-0001-19 saylı Kredit Müqaviləsinin ləğv edilməsini və Cavabdeh əsas borc üzrə 926.37 (doqquz yüz iyirmi altı manat 37 qəpik) manat, faiz borcu üzrə 1.60 (bir manat 60 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, ümumilikdə 958,37 (doqquz yüz əlli səkkiz manat otuz yeddi qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh əsas borc 547,97 (beş yüz qırx yeddi manat doxsan yeddi qəpik) manat, 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 578,37 (beş yüz yetmiş səkkiz manat otuz yeddi qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Hacıyevə Aidə Kamal qızına 60 ay müddətinə qaytarılmaq şərti ilə 961.59 (doqquz yüz əlli bir manat 59 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Hacıyevə Aidə Kamal qızı arasında 12 iyun 2019-cu il tarixli, 396-RKM-0001-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə aylıq kredit ödəniləri razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda Kreditorun müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcalandan tələb etmək və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb etmək hüququ vardır. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "Embafinans” Qapalı Səhmdar Cəmiyyətinə 19.04.2021-ci il tarixə əsas borcu 926.37 AZN (doqquz yüz iyirmi altı manat 37 qəpik), faiz borcu 1.60 AZN (bir manat 60 qəpik), cərimə borcu 0.00 AZN (sıfır manat 00 qəpik) ümumi borcu 927.97 AZN (doqquz yüz iyirmi yeddi manat 97 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, Bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 12 oktyabr 2020-ci il tarixli, 11928/20 saylı pretenziya (xəbərdarlıq) məktubu göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh tərəfindən müəyyən miqdarda ödənişlər edilmişdir, bu səbəbdən onun borcu azalmışdır. Hazırda Cavabdeh 05.08.2021-ci il tarixli maliyyə arayışına əsasən 547,97 manat borcu vardır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin qəbul edərək bildirdi ki, həqiqətən onunla iddiaçı arasında 12 iyun 2019-cu il tarixli, 396-RKM-0001-19 saylı Kredit Müqaviləsi imzalanmış və ona 60 ay müddətinə qaytarılmaq şərti ilə 961.59 (doqquz yüz əlli bir manat 59 qəpik) manat məbləğində kredit verilmişdir. O, maddi vəziyyəti ilə əlaqədar olaraq bank qarşısında olan öhdəliyini yerinə yetirə bilməmişdir. Lakin o, müəyyən ödənişlər etmiş və hazırda onun 547 manat borcu vardır. O, borcunu ödəməkdən yayınmır. Qısa müddət ərizndə də qalan borcunu ödəmək niyyətindədir. Cavabdeh məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 396-RKM- 0001-19 saylı kredit müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 951,59 manat məbləğində kredit verilmişdir. İşdə olan 05.08.2021-ci il tarixli, N MA-0022382-21 saylı maliyyə arayışından görünür ki, BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Hacıyevə Aidə Kamal qızı arasında bağlanmış 12.06.2019-cu il tarixli, 396-RKM-0001-19 saylı kredit müqaviləsinə əsasən Hacıyevə Aidə Kamal qızının 05.08.2021-ci il tarixə əsas borcu 547,97 (beş yüz qırx yeddi manat doxsan yeddi qəpik) manat, faiz borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), cərimə borcu 0.00 AZN (Sıfır manat 00 qəpik), ümumi borcu 547,97 (beş yüz qırx yeddi manat doxsan yeddi qəpik) manat təşkil edir. İşdə olan 12.10.2020-ci il tarixli, 11928/20 saylı son xəbərdarlıq bildirişindən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 12.06.2019-cu il tarixli kredit müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Hacıyevə Aidə Kamal qızı öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə 12.10.2020-ci il tarixdə bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, cavabdeh Hacıyevə Aidə Kamal qızı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 12.10.2020-ci il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış 547,97 manat borcun tutulması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30,40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2019-cu il tarixli, 396-RKM-0001-19 saylı Kredit Müqaviləsi ləğv edilsin. Cavabdeh Hacıyevə Aidə Kamal qızından iddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 547,97 (beş yüz qırx yeddi manat doxsan yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar