Məhkəmə qərarları › İş №2(060)-4519/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4519/2024

25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4519/2024 25.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı «X1» MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında mövcud olan tapşırıq müqaviləsi üzrə öhdəliyini icra etməyən Cavabdeh Firdovsi oğlundan 14682 manat əsas məbləğin, hüquqi yardım göstərilməsi ilə bağlı vəkil xidməti üçün onun tərəfindən ödənilmiş olan 600 manatın və ödənilmiş 136 manat dövlət rüsumunun, əldən çıxmış fayda olaraq 3000 manatın, toplam olaraq cəmi 18418 (on səkkiz min dörd yüz on səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iş üzrə İddiaçı əsl iddiaçı “X1” MMC ilə və iş üzrə Cavabdeh Firdovsi oğlunun əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandıraraq hesab etmişdir ki, cavabdehlə iddiaçı arasında şifahi tapşırıq müqaviləsi mövcud olmuş, aralarındakı mübahisənin xarakteri kommersiya xarakterli olmuşdur. Yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 sentyabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, iddiaçı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Orada müəyyən olunmuşdur ki, MMC-lər arasında heç bir müqavilə olmamışdır. Ona görə də Sumqayıt Kommersiya Məhkəməsinin baxmaması ilə bağlı mübahisə yaranmışdır. Çünki bu pul əlbəəl verilmişdir. Öhdəliyin götürülməsi artıq şifahi müqavilə deməkdir. Müqavilə mövcud olmadığı üçün vətəndaşın mülki qaydada Sumqayıt Şəhər Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Bunu da rəhbər tutaraq iddiaçı iddia ərizəsini geri götürmüşdür. Ona görə də gələcəkdə süründürməçiliyə yol verilməməsi üçün ərizə verərək aidiyyəti üzrə göndərilməsini xahiş etsinlər. Hər iki vöen aktivdir və hər iki MMC fəaliyyət göstərir. 04 sentyabr 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh Firdovsi oğlunun nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, hesab edir ki, aidiyyət ilə bağlı məsələ vacib bir məsələdir. Hesab edir ki, aidiyyət ilə bağlı məsələ həll edildikdən sonra qarşı tərəfin bildirdiyi digər məsələlərə münasibət bildirmək olar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4519/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı «X1» MMC ilə, Cavabdeh Firdovsi oğlunun əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, mübahisə kommersiya məhkəməsinə aid olduğundan iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan: - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarda görünür ki, cavabdeh "xxxx" MMC vergi ödəyicisidir və ********** saylı VÖEN ona məxsusdur. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarda görünür ki, iddiaçı «X1» vergi ödəyicisidir və ********** saylı VÖEN ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 19-cu bəndində eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda mövcud olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC hüquqi şəxs statusuna (VÖEN **********) malikdir. Yuxarıda qeyd olunanlara əsasən və AR MPM-nin 32, 35, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «X1» MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı pul tələbinə dair ərizəsi üzrə 2(060)-4519/2024 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar