Məhkəmə qərarları › İş №2(060)-4520/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4520/2024

29.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4520/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 178 (bir yüz yetmiş səkkiz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 208 (iki yüz səkkiz) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh maşın ustası kimi tanıyırdı. Avtoqəza nəticəsində idarə etdiyi Mercedes markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomaşının bəzi hissələri sıradan çıxmışdır. Sıradan çıxmış ehtiyyat hissələrinin gətirilməsi üçün Rasimə 205 manat pul vermişdir. Cavabdeh söz verdiyi ehtiyat hissələrinin bir hissəsini gətirib təhvil versə də, digər ehtiyat hissələrini təhvil verə bilməmişdir. Müxtəlif bəhanələr gətirərək həmin ehtiyat hissələrini ona verməmiş, əvvəldən verdiyi ehtiyat hissələrinin bir hissəsi keyfiyyətsiz olduğu üçün istifadə edə bilməmişdir. Cavabdeh tərəfindən ona verilən ehtiyat hissələrinin 27 manatı istifadə olunmuşdur. Bu səbəbdən də ona 178 manat maddi ziyan dəymişdir. O, cavabdehin kart hesabına əvvəlcə 105 manat, ikinci dəfə 50 manat pul köçürmüşdür. Sonra isə nəğd şəkildə cavabdehə 50 manat pul vermişdir. O, dəfələrlə cavabdehdən vurduğu maddi ziyanın (ona ödəmiş olduğum) yəni, 178 manatın qaytarılmasını tələb etmişdir. Cavabdeh əsassız bəhanələr gətirərək aldığı pulu qaytarmamışdır. Bu səbəbdən də o, ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciəti əsasında araşdırılma aparılmış və xx.xx.2024-cü ildə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda mübahisə mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarından görünür ki, Cavabdeh izahatında iddiaçıdan avtomobilin ehtiyat hissələrinin gətirilməsi üçün 155 manat pul aldığını bildirmişdir. İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edlmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh R.X.Məmmədovun varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini iddiaçı Ə.İ.Mikyaılova qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri və iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi” barədə qərarında cavabdehin iddiaçıdan ehtiyat hissələrin gətirilməsi üçün 155 manat pul almasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və 155 manat məbləğində pul cavabdehdən iddiaçının xeyirnə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 155 (bir yüz əlli beş) manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar