Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4522/2022 27.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Rüstəmli Aytən Kamil qızının katibliyi, İlkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" KB ASC-yə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiaları üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1811,29 manat əsas, 84,76 manat faiz, 17,84 manat cərimə olmaqla cəmi 1913,89 manat borcun və ödənilmiş 39,55 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ilkin iddia üzrə tələbin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilərək xx.xx.2020-ci il tarixli , 3624 nk Sum / 20 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən borcluya 48 ay müddətinə, illik 9 faizlə, 2318 manat kredit verilmişdir. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Hazırda cavabdehin xx.xx.2022-ci il tarixinə 1811,29 manat əsas, 84,76 manat faiz, 17,84 manat cərimə olmaqla cəmi 1913,89 manat borcu vardır. Odur ki, "xxxx" KB ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-nin tələbi əsassızdır, iddia tələbində göstərdiyi kredit müqaviləsi yalançı əqddir və iddia ərizəsi təmin edilməməlidir. Qeyd edilən kredit müqaviləsi başqa bir əqdi pərdələmək məqsədilə bağlanmışdır. Belə ki , "xxxx" iddia edir ki, güya Cavabdeh banka aktiv kredit borclarım qalmışdır və hazırda onlara 11,671,05 ABŞ dolları və 2518,52 manat borcu vardır. Hətta Azərbaycan Kredit Bürosundan bu barədə xx.xx.2020-ci il tarixli arayış da təqdim etmişdir. Göstərilən kreditlər üzrə öhdəliklər tam yerinə yetirilsə də, dollar krediti üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən 2020-ci ilin sonlarından etibarən yenidən tutulmalara başlanmış və Cavabdeh məxsus əmək haqqından ödəmələr həyata keçirilməkdədir. Bununla əlaqədar məhkəməyə müraciət etmişdir və hazırda məsələnin inzibati icraat qaydasında , yaxud mülki qaydada aparılması ilə əlaqədar məhkəmələrdə mübahisə davam edir. Dollar kredit borcu üzrə icra idarəsi tərəfindən 50 % həcmində əmək haqqından tutulduğu üçün manat krediti ( hazırki mübahisələndirilən kreditin əsası ) əmək haqqına yönəldilə bilməmişdir. Nəticədə bank əməkdaşları tərəfindən uzun müddətli zənglər və psixoloji basqılar sonunda yeni kredit müqaviləsi ( hazırda mübahisələndirilən ) başlanmağa məcbur edilmişdir. Halbuki, nə dollar, nə də manatla "xxxx" AB ASC-yə borcu qalmamış və Azərbaycan Kredit Bürosundan təqdim edilmiş xx.xx.2019-cu il tarixli çıxarışla təsdiq edilmişdir. Həmin kreditlər üzrə zamin olmuş qardaşı X1 2020-ci ilin mart ayından əsassız yerə həbsdədir və həmin dövrdən onun məhkəmə proseslərinə başı qarışdığı üçün bankın nümayəndələri bu fürsətdən yararlanmış və pis niyyətlərini həyata keçirmişdir. Nə hikmətdirsə, Azərbaycan Kredit Bürosundan sonuncu əldə edilən çıxarışla , 2019-cu ilin çıxarışında xeyli fərqlər meydana çıxmış və nəticədə banka borclu qalmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsi 2(060)-4/14 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borc tam ödənildiyi üçün Cavabdeh əmək haqqından tutulmanın dayandırılması xahişi ilə Təhsil şöbəsinə xx.xx.2020-ci il tarixli müraciətindən görünür ki, banka borcu yoxdur. Çünki artıq xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə bank arasında müqavilə bağlanaraq iddia etdikləri əvvəlki “borc” yenidən cədvələ salınmışdır. Bundan da görünür ki, iddia edilən borc qalığı qalmış və hazırda mübahisələndirilən yeni müqavilə ilə öncəkini pərdələmişlər. Yəni əgər borcu var idisə ( icra idarəsinin məktubundan görünür ), gecikmiş və problemli krediti olan şəxsə yenidən kredit verilməsi nə dərəcədə inandırıcı görünərdi? Azərbaycan Kredit Bürosunun sonuncu çıxarışından da görünür ki , dollar və manat üzrə xeyli müddət “gecikmiş və ödənilməmiş” krediti mövcuddur. Belə olan təqdirdə onun kimi mənfi kredit tarixçəsi olan müştəriyə yenidən hazırki kredit necə açılıb və Cavabdeh onu ödəmədiyi üçün məhkəmə mübahisəsi yaranıb ? İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmada baxılması və tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh əvvəlki məhkəmə iclaslarında ilkin iddia tələbini qəbul etməmiş, xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ilkin iddia tələbi ilə razı olduğunu bildirdi. Qarşılıqlı iddia tələbini müdafiə etdi. Lakin xx.xx.2020-ci il tarixli, 3624 nk Sum / 20 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi, hansı səbədən müqavilənin etibarsız hesab edilməsini izah edə bilmədi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin. Qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 48 ay müddətinə 9 faizlə, 2318 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1811,29 manat əsas, 84,76 manat faiz, 17,84 manat cərimə olmaqla cəmi 1913,89 manat manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixinə 1811,29 manat əsas, 84,76 manat faiz, 17,84 manat cərimə olmaqla cəmi 1913,89 manat borcu yaranmışdır. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən həmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsaəsn etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia tələbində müqavilənin etibarsızlığını xahiş etsə də, xx.xx.2020-ci il tarixli , 3624 nk Sum / 20 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsini əsaslandıra bilmir. Həmçinin tələblə bağlı hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 17,84 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 17,84 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1913,89 manat olduğundan (1811,29 manat əsas+84,76 manat faiz+17,84 manat cərimə=1913,89) iddiaçı tərəfindən ödənilmiş 39,55 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" KB ASC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh 1811,29 manat əsas, 84,76 manat faiz, 17,84 manat cərimə olmaqla cəmi 1913,89 manat borc və ödənilmiş 39,55 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli , 3624 nk Sum / 20 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh 1811,29 manat əsas, 84,76 manat faiz, 17,84 manat cərimə olmaqla, cəmi 1913,89 manat borc və ödənilmiş Dövlət rüsumunun əvəzi 39,55 manat tutularaq iddiaçı "xxxx" KB ASC -yə ödənilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 3624 nk Sum / 20 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4522/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4522/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver