Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4524/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1995-ci il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, faktiki ünvan 2da faktiki yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi iş üzrə Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın ödənilməməsi ilə bağlıdır. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iddiaçıya məxsus “Hyundai Elantra” minik markalı, 99MA786 dövlət qeydiyyat nömrəli avtomobil ilə 24 may 2023-cü il tarixdə saat 20 radələrində Bakı-Quba yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə aid olan hissəsində 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ ehtiyat hissəsində dayanmış vəziyyətdə olan boz rəngli inəyin yanından keçəndə qəflətən inək yoluna çıxmış, avtomobili sola istiqamətləndirib əyləcə təzyiq etsə də, inək avtomobilin sağ hissəsi ilə toqquşmuş, nəticə də avtomobilinə 5572 manat məbləğində maddi ziyan dəymişdir. İnəyin sahibi olan Cavabdeh iddiaçıya yaxınlaşaraq mübahisə etmiş və ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Səhərisi gün səhhətində ağrılar başlamış, tibbi yardım üçün xəstəxanaya yaxınlaşmışdır. Qeyd edir ki, hadisə baş verən zaman cavabdeh və əvvəlcədən tanımadığı bir neçə şəxs iddiaçının ünvanına uca səslə nalayiq sözlər söyləmişdirlər. Həmin şəxslərdən biri bu zaman iddiaçını videoya çəkmişdir. İddiaçını söyməklə özündən çıxarmaq istəmişdirlər. İddiaçı isə onlara heç bir cavab verməmiş, əksinə onların söyüş söymələrini telefonunda saxlamışdır. Hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 icraatında NK-1/644 saylı material olmuş, araşdırma zamanı qeyd etdiyi bütün hallar öz əksini tapmış, lakin əməldə cinayət tərkibi olmadığından 05 iyun 2023-cü il tarixli cinayətin başlanmasının rədd edilməsi haqqında qərarla cinayət işinin başlanması rədd olunmuşdur. Araşdırma zamanı MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsindən alınmış 771 saylı ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı bədəni üzərində təpə-alın nahiyənin qançırı aşkar edilmiş, qeyd olunan xəsarətlərin küt əşya təsirindən törəndiyi, qərarın təsbiri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ biləcəyi, müddətinin zərərçəkənin tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 25 may 2023-cü il tarixə uyğun gələ biləcəyi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsinin təyin edilmədiyi bildirilmişdir. Araşdırma zamanı Cavabdeh və yanında olan digər şəxslərin ictimai qaydam pozaraq ətrafdakı şəxslərin diqqətini öz hərəkətlərinə cəlb etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək xırda xuliqanlıq inzibati xətası törətməsi təhqiqatla tam sübuta yetirilmiş, cavabdehin əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün material üzrə qəbul edilmiş qərarın surəti ərazi aidiyyəti üzrə xidməti həyata keçirən Sumqayıt ŞPİ-nin 2-ci PB-nə göndərilmiş, həmçinin Cavabdeh şəxsi təsərrüfatında olan bir baş inəyi yolda nəzarətsiz qoymaqla Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermiş, qəbul edilmiş qərarın digər surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün Sumqayıt ŞPİ- nin DYPŞ-nə göndərilmişdir. Qərarda həmçinin araşdırma dövründə “Hundai” servisdən alınmış arayışa əsasən avtomobilə sözügedən hadisə nəticəsində ümumilikdə 5572 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. Lakin cavabdeh iddiaçıya dəymiş maddi ziyanı bu günə kimi ödəməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən Cavabdeh 24 may 2023-cü il tarixdə saat 20 sadələrində Bakı- Quba yolunun Sumqayıt şəhəri, H.Z,Tağıyev qəsəbəsinə aid olan hissəsində 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ ehtiyat hissəsində dayanmış vəziyyə olan boz rəngli inəyin yanından keçəndə qəflətən inəyin yoluma çıxması nəticəsində iddiaçının mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 99MA786 dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş 5572 manat məbləğində dəymiş maddi ziyanın, eləcə də 76 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnikleytenentı X3 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasını rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh şəxsi təsərrüfatında olan bir baş inəyi yolda nəzarətsiz qoymaqla Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir.
7. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin İddiaçı olan xx.xx.2023-cü il tarixli, HR-1-644 nömrəli məktubundan görünür ki, onun xəsarət almağı ilə əlaqədar Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılmış və faktla bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2 və 212-ci madələrinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
8. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş zərər aktından görünür ki, **-MA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 5572 manat təşkil edir.
9. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6428/2023 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumat Nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2009-cu il buraxılışlı “Hyundai” markalı Elantra model, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin may ayına olan təmir-bərpa xərci təxminən aşağıdakı müəyyən edilir. O cümlədən: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5572 manat (o cümlədən, dəyişilməli hissələrin qiyməti - 4022 manat; təmir- bərpa işlərinin qiyməti - 1550 manat), 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4176 manat (o, cümlədən, dəyişilməli hissələrin qiyməti - 2626 manat; təmir- bərpa işlərinin qiyməti - 1550 manat). Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus “Hyundai Elantra” minik markalı, 99MA786 dövlət qeydiyyat nömrəli avtomobil ilə 24 may 2023-cü il tarixdə Bakı-Quba yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə aid olan hissəsində 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ ehtiyat hissəsində dayanmış vəziyyətdə olan boz rəngli inəyin yanından keçəndə qəflətən inək yoluna çıxmış, inək avtomobilin sağ hissəsi ilə toqquşmuş, nəticədə iddiaçının avtomobilə 5572 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
17. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, Sumqayıt ŞPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli qərarı ilə hazırki cavabdehin şəxsi təsərrüfatında olan bir baş inəyi yolda nəzarətsiz qoymaqla yol-nəqliyyat hadisəsinə səbəb olması və nəticədə iddiaçının avtomobilinə zərər dəyməsi öz təsdiqini tapmışdır.
18. Məhkəmə, həmçinin ziyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktını cavabdeh mübahisələndirdiyindən məbləğin yenidən qiymətləndirilməsinə zərurət qalmışdır.
19. İşin materiallarında olan məhkəmənin qərardadı əsasında keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla 2009-cu il buraxılışlı “Hyundai” markalı Elantra model, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən 2023-cü ilin may ayına nəzəri hesablama yolu ilə təxminən 5572 manat, dəyişilməli hissələrin qiymətinə aşınma nəzərə alınmaqla 4176 manat müəyyən edilmişdir.
20. Məhkəmə hesab edir ki, avtomobilin 2009-cu il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin məbləği dəyişilməli hissələrin qiymətinə aşınma (köhnəlmə faizi) nəzərə alınmaqla müəyyənləşdirilmiş 4176 manat məbləği əsas kimi tutularaq həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
21. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, həmçinin, ekspert rəyinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4176 (dörd min yüz yetmiş altı) manat məbləğində maddi ziyanın əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Nəticə hissəsi:
29. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4176 (dörd min yüz yetmiş altı) manat məbləğində pul və 76 (yetmiş altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva