Məhkəmə qərarları › İş №2(060)-455/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-455/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-455/2021 17.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4377,73 manat əsas borc, 5003,09 manat faiz, 3796,56 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 672,22 manat borc olmaqla, ümumilikdə 13849,60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, ********* saylı ssuda hesablı kredit müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı tərəfindən 36 ay müddətinə illik 24%-lə 10000 manat məbləğində kredit verilmişdir. Müqavilə müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Borcun təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020ci il tarixinədək cavabdehlərin iddiaçıya 4377,73 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 5003,09 manat faiz, 3796,56 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 672,22 manat borc, ümumilikdə 13849,60 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx.xx.2020-ci il tarixdə məhkəməyə Cavabdeh1 etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, o iddia tələbini qəbul etmir, 10000 manat məbləğdə krediti bankdan xx.xx.2014-cü il tarixdə götürmüş və kredit müddəti xx.xx.2017ci il tarixdə başa çatmışdır. Lakin 3 il keçdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Halbuki AR MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. İddia ərizəsindən də göründüyü kimi iddiaçı hazırki iddia tələbini 2020-ci ilin avqust ayının 12-də tərtib etmiş və məhkəməyə göndərmişdir. Bununla da iddia müddəti buraxılmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 24%-lə 10000 manat məbləğində kredit verilmişdir, cavabdeh isə krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 LPO İddiaçı ASC-ə müqavilənin bitmə tarixinə hesablanmış 5003,09 manat faiz, 3796,56 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 672,22 manat borc, ümumilikdə 13849,60 manat borcu vardır. - Hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən axırıncı ödəniş xx.xx.2015ci il tarixdə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü ildə bağlanmış ssuda hesablı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24%-lə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə cavabdeh ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə, 36 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti xx xxxx 2018-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsinə əsasən 29004999 nömrəli hesab üzrə axırıncı ödəniş xx.xx.2015-ci ill tarixdə edilmişdir. Həmin vaxtdan sonra cavabdeh tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə öz təsdiqini tapmır. Məhkəmə iddiaçının cavabdeh tərəfindən dəlilini əsassız sayır və bu məlumatın əks olunduğu hesabdan çıxarışı mötəbər sübut hesab etmir. Belə ki, həmin ödəniş sonuncu ödəmənin tarixindən (xx.xx.2015) xeyli keçdikdən sonra “Komtec” elektron ödəniş sistemi vasitəsilə aparılmış və onun məhz cavabdeh tərəfindən həyata keçirilməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda hesabdan çıxarışdakı hesab nömrəsi ilə kredit müqaviləsində göstərilən cavabdehin hesab nömrəsi fərqlənir, həmçinin saziş 2014-cü ildə bağlandığı halda, çıxarışda hesabın açıldığı tarix xx.xx.2017-ci il göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. MM-in 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4377,73 manat əsas borc, 5003,09 manat faiz, 3796,56 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 672,22 manat borc olmaqla, ümumilikdə 13849,60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub LPO İddiaçı ASC-nə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar