Məhkəmə qərarları › İş №2(060)-455/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-455/2024

29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-455/2024 29.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasındabaxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 1275 (bir min iki yüz yetmiş beş) manat maddi ziyan və dövlət rüsumu kimi köçürülən 33 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 17 mart 2023-cü ildə saat təxminən 19-00 radələrində işlədiyi Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində olan Univermağın içərisində onun barəsində nalayiq söyüşlər işlətmiş və bununla kifayətlənməyərək əli ilə onun üz və baş nahiyəsinə qəsdən bir neçə dəfə zərbələr endirməklə ona sağlamlığının yüngül dərəcədə pozulmasına səbəb olan başın sağ təpə nahiyyəsinin, sağ yanağın, çənəaltı nahiyyəsinin sıyrığı, sağ gözün buynuz qişasının epitelizasiyasının pozulması, eroziya sahəsi, buynuz qişanın stromal keratitindən ibarət xəsarətlər yetirmişdir. Cavabdehin ona qarşı bu qanunsuz əməlləri ilə bağlı istintaq araşdırması aparılmış, onun təqsiri sübuta yetirilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)-581/2023 saylı hökmü ilə o AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə olunmuşdur. O aldığı xəsarətlər ilə bağlı uzun müddət müalicələr qəbul etmiş, 10 gün stasionar müalicədə olmuş, bu hadisədən sonra görmə qabiliyyəti zəifləmiş və o 125 manata eynək almış, 10 gün işə çıxmamışdır. (Halbuki o univermaqda kirayə toy, ziyafət paltarları şöbəsində işləməklə günə orta hesabla 50 manat pul qazanmış və bu 10 gündə 500 manat qazancından məhrum olmuşdur) O, gözünün müalicəsi üçün resept əsasında dava-dərmanlar almış və hazırda da bu müalicələri davam edir, bu müalicə xərci də təxminən 350 manat təşkil etmişdir. Bundan başqa hadisə günü cavabdeh onun sağ gözünə cırmaq atarkən onun qulaq sırğasını da salmış və hadisə yerində olan şəxslər həmin sırğa tayını tapa bilməmiş və nəticədə həmin itən sırğaya görə o 300 manat ziyana düşmüşdür. Beləliklə cavabdehin bu qanunsuz əməlləri, ona qarşı etdiyi cinayət nəticəsində ona ümumillikdə 1275 (bir min iki yüz yetmiş beş) maddi ziyan dəymişdir ki, o, həmin ziyanı ondan tələb edir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, gözünün müalicəsi ilə bağlı tez-tez həkim yanında olur. Əməliyyat olunmalı olmasına baxmayaraq əməliyyat olunmamışdır. Ayda bir və yaxud iki dəfə həkim yanında olur. Üç və yaxud dörd gün əvvəl də yoxlanış da olmuş, baxmış və yoxlamış, bildirmişdir ki, eynəklər normaldır. Bir aydan sonra bir daha gəlməsini bildirmişdir. Həmin hadisədən sonra eynəkdən daimi istifadə etməyə başlamışdır. Görməyindəki zəiflik zədə nəticəsində olmuşdur. Cavabdeh tərəfindən vurulmuş ziyana görə ona 400 manat məbləğinin ödənilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmədə Cavabdeh izahatında bildirdi ki, mart ayında bayramqabağı olduğu üçün milli paltarların alqı-satqısı daha çox olur. Adi paltarların satışı çox zəif işləyir. Keçən məhkəmə iclasında məbləğ ilə razılaşmışdır. İndiki halda 400 manat ödəniş edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-581/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi və onun 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İş materiallarında olan AA seriyalı, 135807 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. Beləliklə, iddiaçının izahatı və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi halların həqiqiliyini təsdiq edən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Yəni, hadisənin Cavabdeh tərəfindən törədilməsi göstərilən hökmlə sübuta yetirilmiş və buna görə də Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, ona cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh təqsiri törədilmiş əməl üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü, öz növbəsində hadisənin məhz Cavabdeh tərəfindən törədilməsi kimi qəbul edilir və göstərilənlər işin mübahisəsiz halı kimi qiymətləndirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin hadisə zamanı zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini, özünü müdafiə etmək məqsədi ilə zərərçəkmiş şəxsi itələyərək qəsdən vurmadığını bildirməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünü müdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Halhazırda isə iddiaçı maddi zərər uğramış və bu səbəbdən cavabdeh tərəfindən ona vurulmuş maddi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinnormalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1. maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 400 manat məbləğində maddi zərər cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, iddiaçı və cavabdeh hər ikisi 400 manat məbləğində razılığa gəlmişlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faiziməbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, məhkəmə xərcləri işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi qismən təmin edildiyindən, 1000 manata kimi 30 manat dövlət rüsumu tələb edildiyindən, eyni zamanda 400 manat məbləğində maddi zərər hissəsində iddia tələbi təmin edildiyi üçün, cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 400 məbləğində maddi zərər tutularaq İddiaçı, ödənilmiş dövlət rüsumuna görə 30 manat isə cavabdehdən tutularaq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 400 manat məbləğində maddi zərər tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilməli olan dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar