Məhkəmə qərarları › İş №2(060)-4551/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4551/2022

12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4551/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan 135 manat aliment məbləğinin artırılaraq hər uşağa görə 193 manat sabit pul məbləğində, hər ay cəmi 579 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh-Cavabdeh ilə xx.xx.2010-cu il tarixli, 342 nömrəli rəsmi nikahı Sumqayıt şəhər məkəməsinin 2(060)-4677/2020 nömrəli, xx.xx.2020-ci il qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında qalması müəyyən edilmiş, cavabdehdən hər bir uşağa görə 120 manat, cəmi 360 manat aliment tutulması müəyyən edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-8711/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4677/2020 saylı qətnaməsi ilə müəyyən edilmış alimentin miqdarı artırılmış, qətnamənin qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh onun xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 35 manat olmaqla, cəmi 405 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Qanunun mənasına görə hazırda minimum aliment məbləği 193 manat müəyyən edilmişdir. 193 manat uşaqların yaşaması üçün minimum məbləğ hesab olunur. Bununla belə cavabdehin maddi imkanı kifayət qədər yaxşı olmasına baxmayaraq aliment ödənişini gecikdirir, ödəməkdən yayınmır, aliment borcunu ödəmir, ona görə də yenidən məhkəməyə alimentin artırılması tələbi ilə müraciət etməyə məcbur oldmuşdur. Hazırda azyaşlı uşağın saxlanılmasında maddi çətinlik çəkir. Çünki sabit alimentin miqdarı azdır, hətta minmum həddində deyil, ona görə də dözülməz maddi çətinlik çəkir. Bu səbəb və əsaslara görə aliment məbləği hər bir uşağa görə 135 manatdan 193 manata artırılmaqla tutulmalı və ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin ödəməli olduğu aliment 360 manat olsa da, o valideynləri vasitəsi ilə 425 manat aliment ödəyirdi. Çünki əvvəldən yığılıb qalmış aliment borcu da var. Hazırda cavabdeh plastik qapı pəncərə ustasıdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS781153272AZ saylı poçt göndərişinin verilməsi haqqında xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və 50 (əlli) manat məbləğində mediasiya xərcini bərabər şəkildə ödəmişdirlər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 4677/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə Hüseynova (Həziyeva) Şəlalə Mürşüd qızı arasında xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhər Nikan evində bağlanmış 342 nömrəli akt qeydli nikah pozulmuş, birgə nikahdan anadan olmuş 31 may 2011-ci il təvəllüdlü X8, 07 oktyabr 2013-cü il təvəllüdlü X9 və 15 avqust 2015-ci il təvəllüdlü X3 anası iddiaçı X1 yanında qalmaları, Cavabdeh iddiaçı X1 xeyrinə 31 may 2011-ci il təvəllüdlü X4, 07 oktyabr 2013-cü il təvəllüdlü X6 və 15 avqust 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 8711/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia tələbi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4677/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İham oğlundan İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 135 (yüz otuz beş) manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 8711/2021 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin məbləği artırılmalıdır. Lakin məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu və uşaqların sayını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-8711/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər uşaq üçün hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 405 manatdan 579 manata dəyişdirilməsini xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 2088 ((579-405) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 40.88 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 40.88 (qırx manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-8711/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 40,88 (qırx manat səksən səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar