Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4554/2022 02.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 7080 manat məbləğində pulun və ödənilmiş 91 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2013-cü il tarixdə ortaq tanışları vasitəsilə tanımışdır. Belə ki, onların tanışlıqlarının məqsədi evlənmək, ailə qurmaq olmuşdur. Lakin cavadeh iddiaçının ona olan inancından istifade edərək onu aldatmışdır. Cavabdeh tanışlıqlarının ilk aylarından başlayaraq ən azı ayda iki dəfə olmaqla iddiaçıdan pul almağa başlamış və bildirmişdir ki, kreditləri və borcları olduğu üçün iddiaçı ona kömək etsin. İddiaçıdan aldığı pulları da toylarına yaxın zamanda topa şəkildə qaytaracağını bildirmişdir. Lakin cavabdeh 2022 ci il tarixində iddiaçını aldadaraq başqa biriylə evlənişdir. O, cavabdehin evləndiyini bildiyi zaman anlamışdır ki, cavabdeh və ailəsi ona qarşı saxtakarlıq ediblər. İddiaçı cavabdehə 2013-cü ildən 2018-ci ilədək hər ay müxtəlif məbləğlərdə, hissə-hissə 5402 manat pulu qeyri-rəsm, yəni əlbəəl vermişdir. 2019-cu il tarixdən 2022-ci il tarixədək 1678 manat pulu rəsmi olaraq, yəni poçt vasitəsilə cavabdehə yollamışdır. İddiaçı cavabdehin ona qarşı etdiyi saxtakarlığı anladığı zaman verdiyi 7080 manat pulunu almağa çalışmışdır. Lakin cavabdeh iddiaçıya pulunu qaytarmayacağını və iddiaçıya qarşı etdiyi işdən peşman olmadığını bildirmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, pulu cavabdehə borclarını ödəməsi məqsədilə vermişdir. Cavabdehin ailəsi onların evlənmələrinə razılıq vermişdi. 2013-cü ildən o, bir neçə dəfə cavabdehlə rəsmi nikaha daxil olmaq istəsə də müxtəlif səbəblər üzündən bu baş tutmamışdır. Cavabdeh mütəmadi olaraq ondan pul tələb etmişdir. O, Qəbələ rayonunda yaşadığından pulun bir qismini cavabdehə poçtla göndərib. Onun şəxsiyyət vəsiqəsinin müddəti keçdiyindən poçt işçisi olan qadından xahiş edib və pulu həmin qadın öz adından göndərib. Qalan məbləğləri isə yerlisi olan taksi sürücüsü Samir adlı şəxs vasitəsilə göndərib. Belə ki, Samir Qəbələdən Bakıya sərnişin daşıyırdı. Samir Bakıya gələndə o, Samirdən xahiş edirdi ki, cavabdehin istədiyi məbləğdə pulu cavabdehə versin. Sonra isə Samir pulu ondan götürürdü. Verdiyi pulların hamısını özündə qeyd edib. Cavabdehlə belə söhbətləri olub ki, əgər evlilikləri baş tutmasa cavabdeh pulu qaytaracaq. Sonuncu dəfə 2022-ci ilin mart ayında cavabdeh ondan pul istəyib. O, pulunun olmadığını bildirib və aralarında mübahisə yaranıb. Bundan sonra isə cavabdehin telefonlarına zəng çatmayıb. O, nigaran qalaraq cavabdehin ailəsi ilə maraqlandıqda cavabdehin başqasına qoşulub qaçdığını öyrənib. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü ildə, Qəbələ rayonu, Mirzəbəyli kəndində anadan olmuş, hazırda Qəbələ rayonu, Corlu kəndində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1992-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, X2 adlı şəxs tərəfindən müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə poçt vasitəsilə cavabdehə pul vəsaiti göndərilmişdir. xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı Qəbələ Rayon Mirzəbəyli kənd İƏN-nin 02 nömrəli təsərrüfatbaşına kitabının 89-cu səhifəsində 174 saylı təsərrüfatda qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İş materiallarına əlavə edilmiş 21479 nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 91 manat dövlət rüsumu ödəmişdir. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X4 öz ifadəsində bildirmişdir ki, 20 ildir ki, iddiaçını tanıyır. İddiaçı ilə aralarında dostluq münasibətləri var. Cavabdehi də iddiaçı vasitəsilə tanıyıb. İddiaçı ilə cavabdehin evlənmək fikrində olduqlarını bilir. İddiaçı cavabdehə onun vasitəsil də pul göndərib. Belə ki, təxminən 7-8 dəfə, hər dəfə 150-200 manat olmaqla cavabdehə pul verib. Həmin pulu cavabdehlə Bakı şəhərində görüşüb vermiş və sonra iddiaçı həmin pulu ona ödəmişdir. Ümumilikdə cavabdehə hansı məbləğdə pul verdiyini dəqiq deyə bilməz. Onda olan məlumata görə iddiaçı cavabdehi işləməyə qoymurdu. Bunun müqabilində cavabdehin maddi timanı üçün ona pul göndərirdi. İşin məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş X3 öz ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə uzaq qohumdur. O, dəfələrlə Qəbələ rayonunda iddiaçının yaşadığı evdə olub və iddiaçı ilə cavabdehin telefon danışıqlarına şahid olub. Həmin telefon danışıqlarına və iddiaçının dediklərinə əsasən iddiaçının cavabdehə pul göndərdiyini bilib. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). İddiaçı cavabdehə 7080 manat məbləğində pul verdiyini, cavabdehin həmin pulu qaytarmalı olduğu halda qaytarmadığını bildirir və həmin məbləği cavabdehdən tələb edir. Bu halda həmin məbləğdə pulu cavabdehə verdiyini, cavabdehin həmin pulu qaytarmalı olduğu halda qaytarmadığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Öncə qeyd edilməlidir ki, iddiaçının qeyd edilən məbləğdə pulu cavabdehə verməsi iş materialları ilə sübuta yetirilmir. Belə ki, işə əlavə edilmiş cavabdehə pul göndərilməsi barədə poçt qəbzlərində “ödəyən/göndərən” qrafasında “X2” qeyd edilmişdir. İddiaçı şəxsiyyət vəsiqəsinin müddəti keçdiyindən pulu həmin şəxsin adından göndərdiyini bildirsə də, həmin şəxsin məhkəmə iclasında şahid kimi iştirakını təmin etməmişdir. Bu səbəbdən həmin poçt qəbzləri iddiaçının cavabdehə pul göndərdiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. X1 öz ifadəsində cavabdehə iddiaçının adından 7-8 dəfə, hər dəfə 150-200 manat pul ödədiyini bildirsə də, konkret olaraq cavabdehə hansı məbləğdə pul verdiyini deyə bilməmişdir. Digər şahid X3 isə ifadəsində tərəflərin telefon danışıqlarına və iddiaçının sözlərinə əsasən iddiaçının cavabdehə pul göndərdiyini öyrəndiyini bildirmişdir. Lakin, o iddiaçının cavabdehə pul verməsinin birbaşa şahidi olmamış və həmin məsələdə birbaşa iştirak etməmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən şahidin ifadəsini mötəbər sübut hesab etmir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə hansısa məbləğdə pul verilməsi təsdiq olunsa belə, cavabdehə həmin məbləğin borc kimi verilməsi sübuta yetirilməlidir. İddiaçı ailə qurmayacaqları təqdirdə cavabdehin həmin məbləği qaytaracağı barədə öhdəlik götürdüyünü bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. X1 da ifadəsində iddiaçının cavabdehi işləməyə qoymadığını və həmin məbləğləri cavabdehin maddi ehtiyaclarını ödəməsi üçün verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən hallar iş materialları ilə sübuta yetirilmir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 7080 manat məbləğində pulun və ödənilmiş 91 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4554/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4554/2022
02.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver