Məhkəmə qərarları › İş №2(060)-4564/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4564/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4564/2020 06.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 174,47 ABŞ dolları əsas borcun, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017ci il tarixə 149,01 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 21.28 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 251,87 ABŞ dolları cərimə borcunun, cəmi 596,63 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 459 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 174,47 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 149,01 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 21,28 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 251,87 ABŞ dolları cərimə borcunun, cəmi isə 596,63 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki iş materiallarında olan: - xx.xx.2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin “Sumqayıt” filialı tərəfindən illik 28 % ödənilməsi şərti ilə 24 ay müddətinə 459 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Cavabdeh isə krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2015-ci il tarixli, 01 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 kreditor qarşısında borclu Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 01 nömrəli istehlak krediti müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, **********871 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2020-ci il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli, İKM 01 nömrəli kredit müqaviləsi üzrə 174,47 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 149,01 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 21,28 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 251,87 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 596,63 ABŞ dolları borcu vardır. - xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə yazılı bildiriş ünvanlanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirdiyini, lakin borclu Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyini və nəticədə banka borcu yarandığını iddia edərək məhkəməyə müraciət etmişdir Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-291/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, X6 özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, müştərilər tərəfindən qeyd edilən satışlar üzrə mağazaya edilmiş aylıq kredit ödənişlərini dərhal banka təqdim etməli olduğu halda, həmin öhdəliyin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib 2016-cı ilin əvvəllərindən xx xxxxxx 2018-ci il tarixədək olan müddətdə Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllədə yerləşən həmin mağazada ayrı-ayrı müştərilər tərəfindən kreditlər üzrə edilən ödənişləri cinayətdən xəbərsiz olan həmin mağazanın ayrı-ayrı satıcıları vasitəsilə qəbul etdikdən sonra yığılmış həmin kredit ödənişləri üzrə müxtəlif məbləğlərdə, o cümlədən, Cavabdeh1 xx.xx.2015-ci il tarixli İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 592 manat məbləğində pul vəsaitinin 410 manatını, ümumilikdə 109 nəfər tərəfindən ödənilmiş cəmi 49.264,14 manat (qırx doqquz min iki yüz altmış dörd manat on dörd qəpik) məbləğində pul vəsaitini kredit ödənişi üzrə həmin müştərilərin adından İddiaçı ASC-yə və həmin bankın ləğv etmə prosesində olması ilə əlaqədar Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödəməyib “Technom” mağazasının dövriyyəsinə sərf etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını, kredit ödənişlərinin təmin etməklə bağlı fəaliyyətini pozub əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törətmişdir. Bununla da, X6 və X4 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Həmin hökmlə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla X5 qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilmişdir. Eyni zamanda X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla X5 qəti olaraq aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilmişdir. Həmin hökmlə mülki iddia tam təmin edilərək, zərərçəkmiş hüquqi şəxs İddiaçı ASCyə vurulmuş 49.294,14 (qırx doqquz min iki yüz doxsan dörd manat on dörd qəpik) manat maddi ziyanın mülki cavabdehlər X3 və X2 tutularaq zərərçəkmiş hüquqi şəxs İddiaçı ASC-nin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi hökm edilmişdir. Göründüyü kimi, Cavabdeh1 tərəfindən götürdüyü kreditlə bağlı ödədiyi 410 manatın mağazanın iki əməkdaşı tərəfindən mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapmış, İddiaçı ASC-yə dəymiş ziyanın, o cümlədən Cavabdeh1 tərəfindən mağazaya ödənilmiş, lakin banka ödənilməmiş 410 manatın təqsirləndirilən şəxslərdən tutulub iddiaçı banka ödənilməsi hökm edilmişdir. AR MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh götürdüyü kreditin ödənişlərini ödədiyindən, onun ödədiyi məbləğlərin iki şəxs tərəfindən ələ keçirilərək mənimsənildiyi məhkəmə hökmü ilə öz təsdiqini tapdığından, o cümlədən bununla əlaqədar İddiaçı ASCyə dəymiş ziyanın həmin cinayəti törətmiş şəxslər tərəfindən ödənilməsi qərara alındığından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən cavabdehin kredit müqaviləsi üzrə 174,47 ABŞ dolları borcu olmuş, o, 410 manat ödəniş etmişdir. Məhkəmə belə hesab edir ki. həmin dövrdə AR Milli Bankının rəsmi məzənnəsinə uyğun olaraq 1 ABŞ dollarının 1.70 manat dəyərində olması nəzərə alındıqda, 241 ABŞ dolları ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar