Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4580/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 5000 manat borc, həmçinin məhkəməyə ödənilmiş 70 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 2023-cü ilin yanvarfevral aylarında qida məhsulları verəcəyi adı ilə 11000 manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı borc pulun qarşılığında ona qida məhsulları verəcəyini bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaq cavabdeh cəmi 2500 manat məbləğində qida məhsulu vermiş, daha sonra nə qida məhsulları vermiş, nə də pulu geri qaytarmışdır. Ondan pulu geri qaytarmasını tələb etdikdə müxtəlif bəhanələrlə pulu verməkdən imtina etmişdir. Daha sonra Cavabdeh ona pulu qaytarmaqda çətinlik çəkdiyini və hissə-hissə geri qaytaracığını söyləmişdir. Bir müddət keçdikdən sonra cavabdeh puldan hissə-hissə ödəniş etmiş olsa da, 7800 manat borc qalmışdır. Lakin bu günədək Cavabdeh nə yerdə qalan pulu qaytarmış, nə də verdiyi vədi yerinə yetirmişdir. Nəsimi rayon Polis İdarəsinin apardığı istintaq zamanı da Cavabdeh ondan borc pul aldığını etiraf etmişdir. Cavabdeh polisdə verdiyi izahatında borcun 7800 deyil, guya 5000 manat qaldığını bildirmişdir. Buna baxmayaraq Cavabdeh etiraf etdiyi 5000 manat məbləğin borc kimi hesablanması ilə razılaşır. Ancaq o, həmin müddətdən indiyədək də pulu geri qaytarmamışdır. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək , iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
5. Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rüstəm Şıxəliyev tərəfindən qəbul edilmiş 28 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, X7, X8, İddiaçı, X1 və X3 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onlara mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.
Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçının nümayəndəsini dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
9. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı Cavabdeh ona qida məhsulları verməsi və verdiyi vədi tutmaması ilə bağlı müraciəti əsasında toplanmış material Nəsimi rayon Pİ-nin İŞ-nə göndərilmişdir. Nəsimi rayon Pİ-nin İŞ-nin 28 noyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
10. Nəsimi rayon Pİ-nin İŞ-nin həmin qərarında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı hazırki iş üzrə Cavabdeh izahat verərək bildirmişdir ki, İddiaçı ona Sakit Piriyev vasitəsilə 10000 manat pul göndərib 200 kisə şəkər tozu sifariş vermişdir. O, 5000 manat dəyərində 100 kisə şəkər tozu alaraq Elgizlə danışıb yük avtomobili göndərib məhsulu götürməsini bildirmişdir. Telefon danışığı zamanı Elgiz avtomobilinin olmadığını dedikdə və o, Elgizə məhsulu Ağcabədi rayonuna aparması üçün 200 manat yol pulu lazım olduğunu bildirmişdir. İddiaçı isə cavabında ona Bakı şəhərində müştəri tapıb şəkər tozunu satmasını və pulunu göndərməsini istəmişdir. O da, həmin məhsulu Bakı şəhərində müştəri taparaq bir kisəsini 75 manatdan sataraq Elgizin sözü ilə sonuncunun bacısı Aygün Sarıyevanın bank kartına 7500 manat pul göndərmişdir. Sonrakı telefon danışığı zamanı Elgiz ondan “snikers” şokoladı və “Bizon” enerji içkiləri istəmiş və bu məqsədlə sonuncu onun bank kartına 2500 manat pul göndərmişdir. Bir müddət sonra o, həmin məhsulları Sakit adlı şəxslə yaşadığı binanın həyətində görüşüb Elgizə çatdırması üçün vermişdir. Sonradan isə şəkər tozunun qiyməti bir kisəsi 50 manatdan 75 manata qalxdığı üçün o, Elgizə 5000 manat pulun qarşılığında 100 kisə şəkər tozu göndərə bilmədiyini bildirmişdir. Ona verdiyi 10000 manat puldan 7500 manatını qaytardığını və Elgizə 2500 manat borclu qaldığını desə də sonuncu onunla razlaşmamışdır. Belə ki, Elgiz ilk dəfə ona verdiyi 10000 manat pulu həftəsi 400 manat olmaqla faizə götürdüyü deyib ondan 10000 manatı bütünlüklə tələb etməyə başlamışdır. O isə Elgizə öz hesabı ilə borclu qaldığı 2500 manatın qarşılığında ərzaq məhsulları göndərməsinə baxmayaraq sonuncu ondan hazırda 7800 manat pul tələb edir. Bundan sonra o, Elgizə borcunun qarşılığında 5 ay müddətində faiz ödəmişdir. Hazırda İddiaçı 5000 manat borcu qaytaracağını bildirmişdir.
11. Beləliklə qeyd olunan qərardan görünür ki, cavabdeh iddiaçıya 5000 manat məbləğində pul vəsaitini ödəməli olduğunu etiraf etmişdir.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə və eyni zamanda iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etmək hüququnun ona izah olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı münasibətini məhkəməyə təqdim etməmişdir.
13. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
14. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
15. Hazırki işdə iddiaçı Nəsimi rayon Pİ-nin İŞ-nin Cinayət işinin rədd edilməsi haqqında yuxarıda adı qeyd olunan qərarını məhkəməyə təqdim etməklə cavabeh tərəfindən ona ziyan dəydiyini sübut etmiş, lakin qarşı tərəf qeyd olunan dəlili təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
16. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
17. Məhkəmə hesab edir ki, Cavabdeh 5000 (beş min ) manat pul vəsaiti və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min ) manat pul vəsaiti və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva