Məhkəmə qərarları › İş №2(060)-4581/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4581/2021

03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4581/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçı X13 qızının iştirakı ilə, iddiaçı X13 qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 qızı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(060)- 15581/20N saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək cavabdehdən 15.12.2009-cu il təvəllüdlü X1 və 07.08.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay qazancın 1/3 hissəsi miqdarında və 2 uşağa görə 60 manat müalicə xərci saxlanmaqla əlavə olaraq hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(060)-15581/20N saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4147/2014 saylı 13.06.2014-cü il tarixli qətnaməsi ilə qət eilmiş alimenin miqdarı dəyişdirilərək 15.12.2009-cu il təvəllüdlü X1 və 07.08.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında və hər ay hər uşağa 30 manat olmaqla, cəmi 60 manat müalicə xərci tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət olunmuşdur. Hazırda bu məbləğ uşaqların saxlanması üçün kifayət deyildir. Təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və sair kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda alimentin miqdarının artırılmasına zərurət yaranmışdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh hazırda Yevlax şəhərində Malbinəsi kənində hərbçi kimi xidmət edir. 28.04.2021-ci il tarixli 302 saylı Sumqayıt şəhər 1 nömrəli Uşaq Poliklinkasının arayışına əsasən övladımız 15.12.2009-cu il təvəllüdlü X4 “anadangəlmə yastıayaqlıq”, “Miapiya Loqonevroz” diaqnozu ilə, 07.08.2013-cü il təvəllüdlü X5 anadangəlmə yastıayaqlıq” , sağ aşıq-baldır oynağı və diz oynağının vaqus deformasiyası, ambiopiya diaqnozu ilə 1 nömrəli uşaq poliklinkasında dispanser qeydiyyatdadır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 16.04.1990-cı ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda Yevlax rayonu, N nömrəli hərbi hissədə qeydiyyatdadır. N saylı Mənzil-Kommunal Sahəsinin 224 saylı, 09.02.2021-ci il tarixli ailə tərkibi haqqında arayışında iddiaçının ailə üzlərinin X4, X5, X6 və X3 ibarət olduğu göstərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(060)-15581/20N saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4147/2014 saylı 13.06.2014-cü il tarixli qətnaməsi ilə qət edilmiş alimenin miqdarı dəyişdirilərək 15.12.2009-cu il təvəllüdlü X1 və 07.08.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin və hər ay hər uşağa 30 manat olmaqla, cəmi 60 manat müalicə xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə sorğusu əsasında N saylı hərbi hissənin N saylı, 15.07.2021-ci il tarixli arayışında göstərilmişdir ki, cavabdeh N saylı hərbi hissədə gizir kimi xidmət edir və vergilər və digər tutulmalardandan sonra aylıq əmək haqqı 669,86 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Göründüyü kimi Sumqayıt şəhər Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(060)- 15581/20N saylı qətnaməsi ilə iki uşağın saxlanması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 30 manat olmaqla, cəmi 60 manat müalicə xərcinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin əmək haqqı 669,86 manat təşkil edir ki, bunun 1/3 hissəsi təqribən 223 manatdır. Həmin məbləği iki uşaq arasında böldükdə hər uşağa 111,5 manat düşür. Məhkəmə hesab edir ki, həmin məbləğ bir uşağın saxlanması üçün kifayət deyil. İddiaçı uşaqların saxlanması üçün cavabdehdən hər ay qazancının 1/3 hissəsi miqdarında və hər uşaq üçün 70 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəməyə maddi imkanının olmasını sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən Sumqayıt şəhər Məhkəməsinin 06 dekabr 2016-cı il tarixli, 2(060)-15581/20N saylı qətnaməsi ilə tutulan müalicə xərci saxlanmaqla, alimentin miqdarı artırılaraq hər ay cavabdehin qazancının (digər gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər ay hər uşaq üçün 30 manat olmaqla, cəmi 60 manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.12.2009-cu il təvəllüdlü X1 və 07.08.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 06.12.2016-cı il tarixli, 2(060)-15581/20N saylı qətnaməsi ilə Cavabdeh iddiaçı X13 qızının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 30 manat olmaqla, ümumilikdə 60 (altmış) manat sabit pul məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar