Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-46/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 (iyirmi min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı cavabdehlə uşaqlıqdan eyni məhəllədə yaşayırdılar. 2009-cu ildən onu və ailəsini tanıyır. Xızı rayonunda Sitalçay hərbi şəhərciyində valideynləri ilə birlikdə yaşadığı zaman Kamil də qonşuluqda ailəsi ilə birlikdə yaşayırdı. O, 2011-ci il tarixdə ailə qurmuşdur. Həyat yoldaşı hərbi qulluqçu olduğundan onun işi ilə əlaqədar Cəlilabad rayonuna köçüb orada yaşamağa başlamışdır. Daha sonra 2-ci Qarabağ döyüşlərində həyat yoldaşı Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid oldu. Yoldaşının 40 mərasimində Kamil də bibisi ilə ora gəlmişdir. Bibisinin və Kamilin onun yoldaşının harada və necə şəhid olması barədə məlumatı var idi. Bundan sonra Kamilin nömrəsini tapmış həyat yoldaşının necə şəhid olması barədə məlumat almaq üçün ona zəng etmişdir. Təxminən 4-5 ay keçəndən sonra Kamil ondan 330 (üç yüz otuz manat) borc istəmiş və təxminən maaş alanda qaytaracağını bildirmişdir. Lakin maaş vaxtı çatanda “post’-a getdiyini, orada set olmadığına görə ona zəng çatmayacağını, maaş vaxtının keçdiyini demişdir. Bu minvalla ona 10000 (on min manat) pul vermişdir. Bundan sonra həyat yoldaşı ilə birgə aldığı Sumqayıt şəhərində yerləşən mənzilə köçmüşdür. Valideynləri də onunla birlikdə yaşayırdı. Bir müddət sonra isə yoldaşının döyüşlərdə fəal iştirakına görə ona Abşeron rayonu, Mehdiabad qəsəbəsində fərdi ev hədiyyə edilmiş, bundan başqa 20000 manat pul verilmişdir. Həmin evə valideynləri ilə birgə köçmüşdür. Atası anası yaşlı insanlardı xəstə olduqlarına görə onları 15-20 gündən bir xəstəxanaya aparmaq lazım olurdu bu zaman Kamil ona onlara təcili tibbi yardım çağırmaqda anası xəstəxanaya aparmaqda köməklik göstərirdi. Həmin ərəfələrdə Kamilə çoxlu zənglər gəlirdi səbəbini soruşanda borcunun çox olduğunu demişdir. Ona nə qədər lazım olduğunu soruşmuşdur. O, da hesablayaraq 10000 (on min manat) borcu olduğunu bildirmişdir. Kamildən bu məbləği də ona versə borcunu qaytara bilcəksənmi deyə soruşanda o bildirdi ki, əvvəldən aldığı 10000 ilə birlikdə bütövlükdə 20000 manatı qaytaracağına söz vermişdir. Lakin buna şübhəsi olduğundan Kamilə onun atası Şamil Adıgözəlovun yanında digər 10000 manatı da vermişdir. Göründüyü kimi cavabdeh onu aldatmış, borcunu hələ də qaytarmayıb. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, cavabdeh onun etibarından sui istifadə etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edib bildirdi ki, 10.000 manat pulu müxtəlif vaxtlarda Cavabdeh, 10.000 manat isə cavabdehin atası Şamil Adıgözəlov cavabdehin borclarını ödəmək üçün vermişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək bildirmişdir ki, işlə bağlı bütün sübutları məhkəməyə təqdim etmişlər. Onların əsas sübutları səs yazısıdır. Cavabdeh həmin səs yazısında özü etiraf edir ki, həqiqətəndə pul onun üçün verilmişdir. Lakin cavabdeh bunu inkar etmiş eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş ekspertizada iştirak etməkdən boyun qaçırmışdır. O, iddiaçı tərəfindən cavabdehə verilmiş pulun sonuncudan alınıb iddiaçıya ödənilməsini tələb edirlər. Cavabdeh məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ona şər atır. Özü H.Zeynalabdin qəsəbəsində, iddiaçı isə Xızıda yaşayıb. Arada Xızıya gedib-gəlmişdir. İddiaçını 2009-cu ildən tanıyır. Ümumiyyətlə aralarında pul məsələsi olmamışdır. Təqdim edilən audio-diskdəki səs yazısı ona bir qrup şəxs tərəfindən təzyiq edilərkən yazılmışdır. Bu barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, cavabdeh öz ifadəsində bildirmişdir ki, onun iddiaçıya borcu yoxdur. Lakin sonra necə olursa, cavabdeh özü iddiaçıya səs yazısı göndərir. Qeyd olunanlar ağlabatan deyildir. Həmçinin qeyd edir ki, səs yazısı tərəflər arasında olmamış, cavabdehlə dostu arasında qeydə alınmışdır. Səs yazısı o halda sübut sayılır ki, həmin səs yazısı tərəflər arasında olsun. Tərəflər arasında bir münasibət olmuş həmin münasibət daxilində də qeyd olunan pul xərclənmişdir. Bu gün aralarındakı münasibət pisləşdiyinə görə iddiaçı həmin pulları cavabdehdən geri tələb edir. Hansı ki, həmin pullar borc olaraq cavabdehə verilməmişdir. Bildirmək istəyir ki, cavabdeh səs yazısının ona aid olmadığını bildirir, ona aid olsa belə qanunsuz yolla əldə olunmuş sübutdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri və nümayəndələrin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri dəniz kənarı ərazisində yerləşən adını bilmədiyi restoranın otağında qeyri-rəsmi münasibətdə olduğu Səmayə adlı qadının tanışları Rəşad və başqa adını bilmədiyi Qarabağ müharibəsi əlilləri tərəfindən döyülməsi barədə müraciəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Məhkəmə qeyd olunan hüquqi normalardan çıxış edərək, eyni zamanda iddiaçının məhkəmə iclasında tələb etdiyi məbləğin 10000 (on min) manatını cavabdehin atası Ş.Adıgözəlova verdiyini, eyni zamanda cavabdeh tərəfindən iddiaçıya borcundan 750 manat ödənilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən 9250 (doqquz min iki yüz əlli) manat pul məbləğində tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 9250 (doqquz min iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-46/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-46/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver