Məhkəmə qərarları › İş №2(060)-4600/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4600/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4600/2021 08.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 53796 manat əsas borc, 7845,25 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla, 61671,25 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında qarşılıqlı şifahi razılaşma əsasında alqı-satqı aparılmışdır. Cavabdeh aldığı malların dəyərini tam ödəmədiyi üçün iddiaçıya 87296 manat borcu yaranmışdır. Sonradan cavabdeh 33500 manat ödəniş etmiş və 53796 manat borcu qalmışdır. Həmin məbləğ və ona illik beş faizlə ödənilmiş 7845,25 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında təmsil olunmayacağını bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, əslində həmin borc ona aid deyil. Belə ki, o fərdi sahibkardır və onunla “xxxx” MMC-nin əvvəlki direktoru X1 arasında dostluq və işgüzar münasibətlər olub. Onlar arasında dəfələrlə qarşılıqlı iş razılaşmalar olub. İddia ərizəsində göstərilən borc əslində Vaqif Rəhimovla onların digər dostları olan Fuad adlı şəxsə aiddir. Lakin, Vaqif Rəhimov ona borcla bağlı sənədləri imzalamağı təklif edib və o, həmin sənədləri imzalayıb. Qeyd edilən borcun bir qismi ödənilib. Ona bir aya yaxın vaxt verilərsə qalan boc məbləği də ödəniləcəkdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (24.2). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır (25.1). Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (26.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (12.). Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir (13.). Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır ( 14.). Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Dövlər Vergi Xidmətinin elektron portalından çıxarışdan görünür ki, cavabdeh fərdi sahibkar statusuna malikdir. Yəni, işdən göründüyü kimi hazırkı mübahisənin bir tərəfində kommersiya hüquqi şəxsi, digət tərəfində isə fərdi sahibkar statusuna malik fiziki şəxs dayanır. Cavabdehin izahatı ilə də müəyyən edilir ki, mübahisə məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Bu səbəbdən hazırkı işə ümumi məhkəmədə baxılması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 30, 395 və 396-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar