Məhkəmə qərarları › İş №2(060)-4604/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4604/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4604/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı və qeydiyyatda olduğu (abonent kodu **********00060)- Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 12/9 ünvanında yerləşən 6 saylı mənzilə görə Cavabdeh ASC tərəfindən 30 may 2023-cü il tarixdə tərtib olunmuş ******* saylı akt əsasında hesablanmış 1036,80 manat cərimə borcunun və sayğacın dəyəri kimi tələb olunan 64,67 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 12/9 ünvanında yerləşən 6 saylı mənzildə yaşayır. Həmin mənzilə xidmət göstərən qaz sayğacı üzrə abonent kodu **********00060 olmaqla onun mərhum həyat yoldaşı X2 adınadır, mənzil üzərində mülkiyyət hüquqları ona məxsusdur, o, bu mənzilə qeydiyyatdadır. Həmin mənzilə qaz sayğacı çöl tərəfdə quraşdırılmış və onun xəbəri olmadan cavabdeh təşkilatın nümayəndələri həmin ünvanda olmuş və 30 may 2023-cü ildə ******* saylı akt tərtib etmiş və həmin sayğacın plombunda qüsur aşkar etməklə sayğacı çıxarmış və yenisi ilə əvəzləşdirmişlər. Həmin aktda göstərilir ki, Nəriman Kazım oğlu aktı imzalamaqdan imtina etmişdir, halbuki o, xx.xx.2022-ci ildə dünyasını dəyişmişdir. Yaşadığı mənzilə xidmət edən qaz sayğacını dəyişməsi ilə bağlı cavabdeh ondan 64,67 manat vəsait tələb etməklə yanaşı əvvəlki sayğacın xəta ilə işləməsi səbəbindən dəymiş ziyanın bərpası ilə bağlı hesablama aparılmaqla 8640 kub metr sərfiyyat hesablamış və ona bunun müqabilində 1036,80 manat cərimə yazılmışdır. Hazırda cavabdeh onların hesabladıqları borcu ödəmədikləri təqdirdə qazın kəsiləcəyi barədə onlara xəbərdarlıq da etmişlər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sayğac yaşadığı mənzilin çöl hissəsində yerləşir və əgər həmin sayğaca hər hansı bir müdaxilə olmuşsa, buna görə o, cavabdehlik daşımamalıdır. Belə ki, həmin ərazidən hər gün yüzlərlə insan keçir, kiminsə təqsiri üzündən də bu halın baş verməsi qaçılmazdır, hər gün həmin sayğacın yanında dayanıb onu qorumaq onun vəzifəsi deyildir. Ona görə də cavabdehin bu müdaxilənin onun tərəfindən edilməsi barədə gəldiyi qənaət tam əsassızdır. Belə hesab edir ki, cavabdehin bu hərəkətləri tam qanunsuzdur, ona görə də cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında hesablanmış 1036,80 manat məbləğində cərimə silinməli və sayğacın dəyəri kimi 64,67 manat vəsait məndən tələb olunmamalıdır. İddiaçı məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iştirak edən vaxt Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi F.V.Əlməmmədova iddia tələbini qəbul etməyərək göstərdi ki, sözügedən mənzil iddiaçının adına olsa da, orada onun gəlini yaşayır. İddiaçı özü yaşı ilə əlaqədar olaraq sayğaca müdaxilə etməmiş olsa da, onun gəlini və yaxud başqa şəxsin əli ilə sayğaca müdaxilə edə bilərlər. Abonent saldosundan da görünür ki, iddiaçı çox aşağı məbləğdə ödəniş edir. Qış aylarında o, məbləğdə ödənişlərin olması ağlabatan deyil. Cavabdeh nümayəndələri tərəfindən yaşadığı ünvana baxış keçirilmiş və akt tərtib olunmuşdur. Həmin akta əsasən sayğaca kənar təsir olunması aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Cavabdeh İB Sumqayıt QİS tərəfindən Nəriman Kazımova ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X4 müraciət olunacaqdır. İşə əlavə olan xx.xx.2023-cü il tarixli Cavabdeh İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 8640 m3 İşdə olan Cavabdeh İB-nin əməkdaşları C.Ağayev, R.Qarayev və Q.Orucovun iştirakları ilə tərtib edilmiş “Təbii X5nın pozulması haqqında” № ******* saylı, xx.xx.2023-cü il tarixli “akt”ın surətindən görünür ki, X3 məxsus ünvan 2 ünvanına aid sayğac xx.xx.2023cü il tarixdə Dövlət Yoxlamasına gətirilmiş Metrologiya Departamentinin rəyinə görə G-4 markalı ******* nömrəli məişət qaz sayğacın çıxış plastmas borusu deşilib. Sayğacdan qaz keçir hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. İşdə olan Cavabdeh İB-nin 31 may 2023-cü il tarixli MSK 14-2-2/3-5-5766/Q001 saylı aktın surətindən görünür ki, Cavabdeh İB-nin 14-2-2/3-5-5766/Q001 saylı, 30 may 2023-cü il tarixli məktubuna əsasən 31 may 2023-cü il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına gətirilmiş əhalinin diafraqma tipli qaz sayğaclarına 31 may 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş G-4 markalı 14284241nömrəli məişət qaz sayğacın plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İş materiallarında olan “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 9-da yerləşən 6 nömrəli mənzil Nəriman Kazım oğlunun adına qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ № 268026 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Nəriman Kazım oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZE seriyalı, №0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, C.Cabbarlı küçəsi, məhəllə 45, ev 9, mənzil 6-da qeydiyyatdadır. “X5"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 1036,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi iddiaşı Cavabdehnə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Bundan əlavə Cavabdeh İB Sumqayıt QİS tərəfindən Nəriman Kazımova ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-4 markalı ******* nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın çıxış plastmas borusu deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialı AZ751BAZ******************** nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X4 müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, sayğacın dəyəri kimi iddiaçının ünvanına hesablanmış 64,67 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X5”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilə (abonent kodu **********00060) müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik məbləğində cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən 6 saylı mənzilə (abonent kodu **********00060) müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 1036 (bir min otuz altı) manat 80 (səksən) qəpik məbləğində cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar