Məhkəmə qərarları › İş №2(060)-4617/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4617/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4617/2025 16.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 35305,41 manat əsas, 3983,99 manat faiz, 1256 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 40545,40 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 212,04 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 20% ödəmək şərtilə 50000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 31 may 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 35305,41 manat əsas, 3983,99 manat faiz, 1256 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 40545,40 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Cavabdeh1 onu aldatdığını və ona zamin durduğunu bildirdi. Cavabdeh1 barədə prokurorluqda dələduzluqla bağlı araşdırma getdiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh1 ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank borcluya 24 ay müddətinə, illik 20 % olmaqla 50000 manat kredit verilmişdir. - xx.xx.2024-cü il tarixli, 245micSUM/24 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 zaminlik müqaviləsi ilə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli, 245micSUM/24 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zaminlik müqaviləsi ilə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin banka 35305,41 manat əsas, 3983,99 manat faiz, 1256 manat cərimə olmaqla, cəmi 40545,40 manat məbləğində borcları vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh1 ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2024-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair cavabdehlərə xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, öhdəlik cavabdehlər tərəfindən yerinə yetirilməmişdir. Cavabdehlərin xx.xx.2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə ilə 35305,41 manat əsas, 3983,99 manat faiz, 1256 manat cərimə olmaqla, cəmi 40545,40 məbləğində borcları yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Zaminlik müqaviləsi üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdürlər. Lakin, cavabdehlər xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdirlər. Ona görə də iddiaçının xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcun cavabdehlərdən tutulmasına dair hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehlərdən eyni zamanda hesablanmış 1256 manat dəbbə pulunun tutulması tələb olunur.Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən müqavilə üzrə 353 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 39642,4 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 208,93 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 3,11 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən isə 35305,41 manat əsas, 3983,99 manat faiz, 353 manat cərimə borcu olmaqla, cəmi 39642,4 manat borcun və ödənilmiş 208,93 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalı, ödənilmiş 3,11 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 35305,41 manat əsas, 3983,99 manat faiz, 353 manat cərimə olmaqla, cəmi 39642,4 manat borcun və ödənilmiş 208,93 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. Ödənilmiş 3,11 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar