Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4626/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması, məhkəmə aidiyyəti) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə iddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi, məhkəmə icraat iştirakçılarının izahatları
1. İddiaçı cavabdehlərə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə 6894.08 manat əsas, 397.32 manat faiz, 35.65 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7327.05 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 93.68 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı «X3» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 22 % ödəmək şərtilə 7374 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 31 may 2025, şənbə tarixinə "xxxx" KB ASC-yə 6894.08 manat əsas, 397.32 manat faiz, 35.65 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7327.05 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək və məhkəməyə ərizə təqdim edərək bildirdi ki, "xxxx" KB ASC-dən xx.xx.2024-cü il tarixdə biznes məqsədilə, yəni havalandırma sistemlərinin qurulması üçün kredit götürüb. Həmin borcun bir hissəsini ödəyib, qalan borcu isə maddi imkanı olmadığı üçün ödəyə bilməyib. Borcu ödəməkdən yayınmır. Hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş edir. Mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, Cavabdeh1 biznes məqsədilə götürdüyü kreditə zamin durmuşdur. Mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır; Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Maddə 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “10. ... Belə ki, MPM-nin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.”
Məhkəmənin mövqeyi
9. Məhkəmə cavabdehləri dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə göndərilməlidir.
10. İşdən görünür ki, tərəflərdən iddiaçı "xxxx" ASC (VÖEN **********) kommersiya hüquqi şəxsi, əsas borclu olan Cavabdeh1 (VÖEN **********) isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdehə məxsus VÖEN-nin təyinatı sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması olmaqla, müvəqqəti olaraq fəaliyyəti dayandırılmışdır.
11. İşdə olan xx.xx.2024-cü il tarixli, 681micSUM/24-EM saylı Əsas Kredit və X2 görünür ki; 1.1. ... borcalan isə krediti məqsədli təyinatına uyğun istifadə etməyi öhdəsinə götürdüyü qeyd olunur. 1.5. Borcalana kredit “X1” (SİF) və ya “Aqrar Kredit və İnkişaf Agentliyinin” (AKİA) vəsaitləri hesabına da verilə biləcəyi göstərilir. 2.7.4. ... borcun təyinatı üzrə istifadəsinə nəzarət edə bilmədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda krediti vaxtından əvvəl tələb edə bilər.
12. Həmçinin, xx.xx.2024-cü il tarixli, 681micSUM/24-EM saylı Əlavə Kredit Müqaviləsindən görünür ki; 2.1.7. Bank, kreditin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək məqsədilə monitorinqlər apara, borcalanın ünvanına gedə və araşdırma apara bilər. 3.2.1. Borcalan kreditdən yalnız məqsədli təyinatına uyğun istifadə edəcəyinə təminat verir. 4.2. Borcalanın kreditdən məqsədli təyinatına uyğun istifadə edilməməsi halında ... bankın krediti dərhal geri tələb etmək və 1% cərimə tətbiq etmək hüququ var.
13. Kredit xətti və onun əsasında bağlanmış kredit müqaviləsinin yuxarıda göstərilən bəndlərinin təhlili göstərir ki, kredit biznes məqsədilə verilmiş, bank layihənin gedişatını izləməkdə maraqlı olmuşdur.
14. Qeyd etmək lazımdır ki, həm SİF, həm də AKİA (əsas müqavilə, bənd 1.5) sahibkarlıq və aqrar (biznes) fəaliyyətini dəstəkləmək üçün fəaliyyət göstərir. Müqavilənin bu cür vəsaitlərin cəlb edilməsinə imkan verməsi kredit xəttinin özünün kommersiya və biznes məqsədləri üçün nəzərdə tutulduğunu, kreditin mahiyyətcə sahibkarlıq fəaliyyəti ilə əlaqəli olduğunu və SİF kimi birbaşa biznesi dəstəkləyən qurumun vəsaitlərinin cəlbinin nəzərdə tutulduğunu göstərir.
15. Həmçinin, digər bəndlərdə nəzərdə tutulan (kreditin məqsədli təyinatı və bankın nəzarət hüquqları) isə kredit münasibətlərinin istehlak deyil, kommersiya xarakteri daşıdığını bir daha sübut edir.
16. Göründüyü kimi tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır.
17. Beləliklə, məkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, kommersiya subyektlərinin tərəf olduğu kommersiya mübahisələri ilə bağlı ərizələrə kommersiya məhkəmələrində baxılmalı olduğundan, hazırkı ərizə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə Sumqayıt Şəhər Məhkəməsinə verildiyindən, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 26.1, 32, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva