Məhkəmə qərarları › İş №2(060)-4653/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4653/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4653/2021 07.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 750,64 ABŞ dolları əsas borc, 515,45 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1266,09 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 36 ay müddətinə illik 27% ödəmək şərtilə 2145 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 21.04.2021-ci il tarixinə iddiaçıya 750,64 ABŞ dolları əsas borc, 515,45 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1266,09 ABŞ dolları borcu yaranmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bankdan həqiqətən iddia ərizəsində qeyd edilən məbləğdə kredit götürüb. Lakin, kredit müqaviləsi onun adına bağlansa da, götürdüyü kredit məbləğini əmisi qızına verib və banka olan ödənişləri də əmisi qızı edir. Fkredit müqaviləsi formal olaraq onun adına bağlanıb. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, cavabdeh xx.xx.1961-ci ildə, Zəngilan rayonu, Xəştab kəndində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 17.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədləri üçün 36 ay müddətinə, illik 27% ödəmək şərtilə 2145 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 17.09.2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, iddiaçı hər ay 87,57 ABŞ dolları ödəməli idi. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 17.09.2018-ci il tarixinə banka 750,64 ABŞ dolları əsas borc, 515,45 ABŞ dolları faiz borcu vardır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş 09.02.2021-ci il tarixli xəbərdarlıq məktubunda görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 30.08.2021-ci il tarixli, 9/5746 saylı ekspert rəyində göstərilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddia ərizəsində kredit müqaviləsinin müddətinin bitdiyi 17.09.2018-ci il tarixinə əsas borc üzrə 1484,09 ABŞ dolları, borcun hesablandığı 21.04.2021-ci il tarixinə əsas borc üzrə 635,96 ABŞ dolları, illik beş faizlə hesablanmış faiz borcu üzrə 73,59 ABŞ dolları borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.1.15.-ci maddəsində nəzərdə tutulmuşdur ki, borcalan bu müqaviləyə əsasən öhdəliyini vaxtında və ya lazımınca icra etmədikdə, bank verilmiş krediti və ona hesablanmış faiz məbləğini tam olaraq kredit müqaviləsinin müddəti bitmədən borcalandan vaxtından əvvəl tələb edə bilər. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində maliyyə arayışında borcun hesablandığı 21.04.2021-ci il tarixə 635,96 ABŞ dolları əsas və illik beş faizlə hesablanmış 73,59 ABŞ dolları faiz borcunun olduğu göstərilmişdir. Məhkəmə hesab ekspert rəyi əsas götürülməklə cavabdehdən 635,96 ABŞ dolları əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı cavabdehdən 515,45 ABŞ dolları faiz borcu tələb etsə də ekspert rəyində cavabdehin müqavilənin müddətinin bitdiyi tarixə faiz bocunun olmadığı müəyyən edilir. Rəydə cavabdehin gecikməyə görə illik beş faizlə hesablanmış 73,59 ABŞ dolları borcunun olduğu göstərilsə də, iddiaçı cavabdehdən gecikməyə görə faiz tələb etmədiyi üçün məhkəmə iddia tələbindən kənara çıxmayaraq iddianın əsas borcun tutulması hissəsində qismən təmin edilməsi, qalan hissədə isə təmin edilməməsi qənaətinə gəlir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 635 (altı yüz otuz beş) ABŞ dolları 96 (doxsan altı) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar