Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4669/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yazılı qəbzə əsasən verilmiş 2280 (iki min iki yüz səksən) manat və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu olmaqla, cəmi 2323 (iki min üç yüz iyirmi üç) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun bağ qonşusu olmuşdur. Cavabdeh yazılı qəbzə əsasən 08 avqust 2022-ci ildə oğlunun məzarının düzəldilməsi üçün ondan ilk olaraq 1000 (min) manat, daha sonra isə 17 iyun 2023-cü ildə isə qızının bədən nahiyyəsinin yanmasına görə 1600 (min altı yüz) manat borca pul istəmişdir. Qəbz cavabdehin öz dəsti xətti ilə tərtib edilmişdir. Cavabdeh borcunu 1 aya qaytaracağını bildirmişdir. Cavabdeh bu günə qədər cəmi 320 manat aldığı borcdan qaytarmışdır. Hal-hazırda cavabdehin ona yazılı qəbzə əsasən 2280 (iki min iki yüz səksən) manat ödənilməmiş borcu qalmışdır. O, cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o, borcu ödəməkdən əsassız olaraq boyun qaçırmışdır. Cavabdeh tərəfindən borc vaxtında qaytarılmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur.
b) iddiaya etiraz
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, o, cavabdehə qəbirüstü düzəltməsi üçün 2022-ci ilin avqustunda 1000 manat və 2023-cü ilin iyununda qızının müalicəsi üçün 1600 manat olmaqla, Etibar adlı dostunun xahişi ilə iltizama imza etdirməklə vermişdir. Cavabdeh həmin borcdan 320 manat ödəmişdir. Belə ki, cavabdeh ona kartını vermişdir. O da həmin kartdan 4 ay ərzində, hər ay 80 manat olmaqla pul çıxartmışdır. Daha sonra cavabdeh kartı bağlatdırmışdır. Cavabdeh tərəfindən həmin puldan başqa hər hansı digər ödəniş edilməmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə, sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları:
6. xx.xx.2022-ci il tarixdə imzalanmış əlyazmadan görünür ki, Cavabdeh İddiaçı aldığı 1000 manat borcu 1 ay ərzində qaytarmağı öz üzərinə götürmüşdür.
7. xx.xx.2023-cü il tarixdə imzalanmış əlyazmadan görünür ki, Cavabdeh İddiaçı aldığı 1600 manat borcu 1 ay ərzində qaytarmağı öz üzərinə götürmüşdür.
b) tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
11. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, borc müqaviləsinə əsasən borcun qaytarılması ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
12. Belə ki, işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında borc münasibətləri yaranmışdır, iddiaçı cavabdehə hissə-hissə olmaqla müəyyən aralıqlarla borc pul vermiş, cavabdeh qəbzlərə imza etməklə pulu götürdüyünü təsdiq etmişdir.
13. İddiaçı borcun müəyyən hissəsinin qaytarıldığını bildirməklə qalıq 2280 manat pulu tələb edir. İddiaçının tələbi çərçivəsində pulun qaytarılması ilə bağlı isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
14. Odur ki, borc məbləği olan 2280 manat pul cavabdehdən tutulmalıdır.
15. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 43 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2280 manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat olmaqla, ümumilikdə 2323 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
Nəticə hissəsi:
18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. 2280 manat məbləğdə borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 43 manat olmaqla, ümumilikdə 2323 manat məbləğdə pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva