Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4674/2021 24.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi əsasında verilmiş pul məbləğinin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc aldığı 14550 manat məbləğində pulun, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1500 manat faiz borcunun, cavabdehin ona vurduğu mənəvi ziyan məbləği olaraq 5000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun, ümumilikdə 21080 manat pul vəsaitinin birdəfəlik tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehin mərhum atası Səxavət Şirinovla 2000-ci illərin əvvəllərində tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Belə ki, onun ticarət fəaliyyəti ilə məşğul olduğu mağazanın qarşısında mərhum Səxavət Şirinovun da ət dükanı olmuşdur. Evinin ət tədarükünü həmişə həmin dükandan təmin etmişdir. 2014-cü ildə Səxavət Şirinov vəfat etdikdən sonra onun oğlu Cavabdeh maddi cəhətdən çətin vəziyyətdə olduğunu, borclu olduğu şəxslərə borclarını qaytara bilmədiyini, borc sahiblərinin öz pullarını tələb etdiklərini bildirərək çıxılmaz vəziyyətə düşdüyünü, bu vəziyyətdən çıxmaq üçün mərhum atasından qalmış bağ evini satmaq məcburiyyətində qaldığını, lakin bağın torpağının sənədinin olmadığını, onu sənədləşdirmək üçün pul tələb olunduğunu, buna da imkanının olmadığını söyləyərək ona maddi cəhətdən köməklik göstərib borc pul verməyini xahiş etmişdir. O da mərhum dostunun oğlu kimi cavabdehə əl uzadaraq ona kömək etmək istəmiş və müxtəlif vaxtlarda banklardan götürdüyü 15000 manat pul vəsaitini borc olaraq cavabdehə vermişdir. Həmin pul vəsaitinin verilməsi ilə bağlı cavabdehlə onun arasında Sumqayıt şəhəri 3 saylı notariat kontorunda 02 may 2017-ci il tarixdə kredit müqaviləsi bağlanılmış və sözügedən kredit müqaviləsinə əsasən Cavabdeh ondan borc aldığı pulu 02 may 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh sonradan onu aldadaraq müxtəlif bəhanələrlə aldığı borc məbləğini qaytarmaqdan yayınmışdır. Cavabdeh yuxarıda, göstərilən bağı sataraq ondan aldığı pulu qaytaracağını bildirərək onu aldatmış, sonradan isə həmin bağı hal-hazırda yaşadığı mənzillə dəyişmişdir. Nəticədə, o cavabdeh tərəfindən aldadıldığını anladıqdan sonra kredit müqaviləsinın bağlanıldığı Sumqayıt şəhəri 3 saylı notariat kontoruna müraciət etmiş və notarius tərəfindən 24 may 2019-cu il tarixli, 8İ-3285 saylı icra qeydi tərtib edilərək icra olunması məqsədi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Lakin qeyd olunan vaxtdan bugünədək icra məmuru borcun cəmi 450 manatını cavabdehə ödətdirə bilmişdir. O borc məbləğinin tam şəkildə birdəfəlik olaraq cavabdehdən tutulmasını tələb etdikdə icra məmuru cavabdehin aylıq gəlirinin guya 300 manat olduğu və bu səbəbdən bu pulun da yalnız 150 manatının tutulmasının mümkün olduğunu bildirərək icra sənədinin icrasından yayınmışdır. Eyni zamanda cavabdeh borc aldığı pulu qaytarmaqdan yayınmaq üçün yalan və saxta ifadələr əsasında ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında 02 may 2017-ci il tarixdə bağlanılmış kredit müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. Cavabdeh sözügedən kredit müqaviləsinin guya görünüş üçün bağlanıldığını və hər hansı pul məbləğini ondan almadığını iddia etsə də, məhkəmə araşdırmaları zamanı onun bildirdiklərinin yalan olduğu və həqiqəti əks etdirmədiyi öz sübutunu tapdığından Sumqayıt Şəhər Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2(060)-6720 2019 saçlı qətnaməsi ilə Cavabdeh Səxaxət oğlunun iddia tələbi rədd edilmiş, həmin qətnamədən onun tərəfindən apelyasiyya şikayəti də Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 yanvar 2020-ci il tarixli, 2(105)-610/2020 saylı qətnaməsi ilə təmin olunmamışdır. Beləliklə cavabdehin hərəkətləri nəticəsində o maddi cəhətdən zərərə uğramış, etibar edərək borc pul verdiyi şəxs tərəfindən aldadılmışdır. Göründüyü kimi, cavabdeh özünün qanunsuz hərəkətləri ilə onun pul vəsaitini mənimsəmişdir. Dəfələrlə etdiyi müraciətlər bir nəticəsini verməmiş, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh əsassız olaraq bu borcu ödəməkdən imtina etdiyindən o öz pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq qeyd etdi ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh cəmi 450 manat ödəniş etmişdi. Lakin mülki işin gedişində cavabdeh daha 600 manat ödəniş etmişdir. Beləliklə cavabdeh ümumi borcu olan 15000 manat puldan 1050 manat ödəniş etmişdir. Bu səbəbdən iddiaçının nümayəndəsi iddianın qismən təmin edilməsini cavabdehdən 13950 manat borcun, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 1500 manat faiz borcunun, cavabdehin ona vurduğu mənəvi ziyan məbləği olaraq 5000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı vəkilinin dediklərinə əlavəsinin olmadığını bildirdi. Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o iddiaçıya borclu olduğu 15000 manatı ödəməkdən yayınmır. Həmin borcu hər ay 150 manat olmaqla ödəyir. Məqsədi borcu tez-tez ödəyib qurtarmaqdır. İddianın mənəvi ziyan hissəsini qəbul etmir. Bu tamamilə absurddur. Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 02.05.2017-ci il tarixdən 02.05.2019-cu il tarixədək qaytarmaq şərti ilə 15000 manat məbləğində kredit vermişdir. İşdə olan 29.05.2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru Abusət Qasımov Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 8İ-3285 nömrəli, 24.05.2019-cu il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. İşdə olan qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı hesabına 14.04.2021-ci il, 31.05.2021-ci il, 30.07.2021-ci il və 31.08.2021-ci il tarixlərdə hər dəfə 150 manat olmaqla, ümumilikdə 600 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 02.05.2017-ci il tarixli kredit müqaviləsi imzalanmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 02.05.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 13950 (15000-450-600) manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 1500 manat borcun cavabdehdən tutulması hissəsində iddia tələbi qismən təmin edilməlidir. Belə ki, kredit müqaviləsi üzrə cavabdehin borcu hazırda 13950 manatdır və cavabdeh borcun ödənilməsini 2 il müddətinə gecikdirmişdir (02.05.2019-cu il tarixdən 06.05.2021-ci il tarixədək). Bu səbəbdən faiz borcu həmin məbləğdən hesablanmalı, cavabdehdən iddiaçının xeyrinə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5%-lə hesablanmış 1395 (13950 x 5/100 (%) x 2 il) manat pul tutulmalıdır. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi ziyan tələbi ilə bağlı istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbi mənəvi ziyan hissəsində təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən (təxminən 70 faiz həcmində) təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın 21 manatı cavabdehdən alınmalı və iddiaçıya ödənilməli, 9 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13950 (on üç min doqquz yüz əlli) manat borc, borca illik 5%-lə hesablanmış 1395 (bir min üç yüz doxsan beş) manat faiz borcu, cəmi 15345 (on beş min üç yüz qırx beş) manat və ödənilmiş 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4674/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4674/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver