Məhkəmə qərarları › İş №2(060)-4687/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4687/2020

28.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4687/2020 28.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “öhdəlik və tam maddi məsuliyyət daşıma haqqında müqavilənin tələblərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nin sabiq ticarətnümayəndəsi cavabdehlər Cavabdeh1 və zamini Cavabdeh2 vaxtında ödənilməmiş 3317.23 manat (1600 manat vurulmuş zərər+207.78 manat faiz+1500 manat əldən çıxmış faydaya görə və 9.45 manat poçt xidmətinə teleqrama görə ödənilən məbləğ) pul vəsaitinin və 30.40 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh1 İddiaçı MMC-yə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və Mülki Məcəllənin tələblərinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və tam maddi məsuliyyət daşıması haqqında müqavilə bağlanmışdır. Lakin, Cavabdeh1 öhdəliyə əməl etməyərək müəssisəyə maddi zərər vurmuş, bu səbəbdən onun fəaliyyəti öz ərizəsinə əsasən dayandırılaraq işdən azad edilmişdir. Cavabdeh1 müqavilə şərtlərinə əməl etməmiş, nəticədə hesabında qalan pul vəsaitini dəfələrlə şirkət tərəfindən tələb edilsədə hər dəfə vaxt istəyərək borcunu ödəyəcəyini bildirmişdir. Cavabdeh1 ərizə ilə Cəmiyyətə müraciət edərək qalıq borcunu ödəmək üçün ona vaxt verilməsini xahiş etmişdir.Cavabdehin müraciəti nəzərə alınaraq ona vaxt verilmişdir. Lakin cavabdeh verilən vaxt ərzində də borcunu ödəməmişdir. Odur ki, cavabdehin qeydiyyatda olduğu ünvanına müxtəlif tarixlərdə teleqram göndərilərək borcun ödənilməsi tələb edilsədə cavabdeh yenədə borcunu ödəməmişdir. Bununlada, Cavabdeh1 borcunu təhvil vermədiyindən İddiaçı MMC yə 1600 manat məbləğində borcu qalmışdır. Bundan əlavə Cavabdeh1 1600 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 207.78 manat məbləğində faiz pulu, əldən çıxmış faydaya görə 1500 manat və ünvana göndərilən teleqram üçün poçt xidmətinə ödənilən 9.45 manat hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 3317.23 manat borc hesablanmışdır. Bundan başqa İddiaçı MMC ilə digər Cavabdeh2 arasında öhdəlik müqaviləsi bağlanmışdır ki, həmin müqavilə ilə Cavabdeh2 Cavabdeh1 İddiaçı MMC qarşısında öhdəliyinə zamin durmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, o, iddiaçının istinad etdiyi ərizəni məcburiyyət səbəbindən yazmışdır.Belə ki, onun əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilməsinə baxmayaraq iddiaçı şirkət onun malları geri qaytarmalı olduğunu bildirərək əmək kitabçasını verməmişdir. Bu səbəbdən o, 2018-ci ilin sentyabr ayında 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə "İddiaçı" MMC barədə şikayət vermiş və 2018-ci ilin noyabr ayında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində "İddiaçı" MMC-yə qarşı "əmək kitabçasının qaytarılması və pul tələbinə dair" iddia qaldırmışdır. Bundan sonra, "İddiaçı" MMC onun əmək kitabçasının itdiyini bildirmiş və ona əmək kitabçasının dublikatı verilmişdir. İs materiallarına əlavə edilmiş əmək kitabçasının surətinin dublikat olması və onun borc barədə ərizəni verdikdən cəmi 4 gün sonra həmin dublikat əmək kitabçasının verilməsi də qeyd etdiklərini təsdiq edir.O, hazırki iş üzrə iddiaçının istinad etdiyi borcu ödəyəcəyinə dair ərizəni əmək kitabçasını almaq üçün məcbur olub yazmış və yalnız bundan sonra ona əmək kitabçasının dublikatı verilmişdir. Zərərin məbləğinə dair arayış isə iddiaçının özü tərəfindən tərtib olunmuş və zərərin məbləğini müəyyən etməyə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Həmin arayış mülki hüquqi baxımdan onun öhdəliyinin yaranma əsası ola bilməz. O, borcla bağlı xx.xx.2019-cu il tarixli ərizəni yazanda artıq iddia müddəti xx.xx.2018-ci il tarixdə ötmüşdur. Onun həmin ərizəsi iddia müddəti başa çatdıqdan sonra verildiyindən iddia müddətinin axımının kəsilməsi, dayandırılması və ya bərpası üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377-ci və 380-382-ci maddələri iddia müddətinin axımının kəsilməsi, dayanması və bərpası üçün əsasların iddia müddəti dövründə yaranmasını və iddia müddətinin bərpasının isə ümumiyyətlə hüquqi şəxslərə deyil, fiziki şəxslərə münasibətdə tətbiq olunmasını nəzərdə tutur. O, da xx.xx.2019-cu il tarixli ərizəni məcburiyyətdən yazanda artıq iddia müddətinin 3 (üç) aydan çox ötdüyünü və ərizənin onun üçün hər hansı öhdəlik yaratmadığını nəzərə alaraq həmin ərizəni yazmışdır. İddiaçının təqdim etdiyi sənədlərdən və iş materiallarından görünür ki, o, iddiaçıya hər hansı ziyan vurmamışdır. İddiaçı ondan malların geri qaytarılmasını əsas gətirərək əldən çıxmış faydanın ödənilməsini tələb edir ki, bu tələb Əmək Məcəlləsinin 201.2-ci maddəsinə ziddir.Belə ki, Əmək Məcəlləsinin 201.2-ci maddəsinə əsasən işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. O, əmək funksiyalarını layiqincə yerinə yetirmiş və işdən çıxarkən bütün malları iddiaçının anbarına təhvil vermişdir. Bu səbəbdən malların satılmaması və həmin satılmayan malların dəyərini onun ödəməsinin tələb edilməsi hüquqi baxımdan absurddur. Bundan əlavə, malların dəyərinin hansı qaydada hesablandığı və necə qiymətləndirildiyi də məlum deyildir.Əsas tələb üzrə müddət ötdüyündən zaminliyə dair tələb üzrə də iddia müddəti ötmüşdür.Belə ki, iddiaçı digər Cavabdeh2 da zamin olaraq zərərin ödənilməsini tələb edir. Həmin tələbin əsassızlığına o, ilkin iddiaya etirazda münasibət bildirmişdir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.Hazırki iş üzrə əsas tələbə münasibətdə iddia müddəti keçdiyindən zaminlik tələbinə münasibətdə də iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli ərizə və xx.xx.2019-cu il tarixli özünün tərtib etdiyi arayış mülki hüquqi baxımdan onun hər hansı öhdəliyinin yaranması və ya prosessual qanunvericilik baxımından iddia müddətinin bərpası (kəsilməsi, dayanması) əsası olmadığından iddiaçının həmin ərizəyə istinadı tamamilə əsassızdır. Həmçinin, digər qeyd etdiyi hallar da iddia tələbinin rədd edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixdə Cavabdeh1 tərəfindən İddiaçı MMC-nin direktoruna verilmiş ərizədən görünür ki, Cavabdeh1 həmin ərizə ilə özünün “Ticarət – nümayəndəsi” vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 086 nömrəli əmək müqaviləsindən (kontraktdan) görünür ki, həmin müqavilə ilə Cavabdeh1 İddiaçı MMC-də “Ticarət – nümayəndəsi” vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin 1-ci bəndindən görünür ki, işçi tutduğu ticarət nümayəndəsi vəzifəsinə uyğun olaraq satış nöqtələrinin sifarişləri əsasında malların tam həcmdə satış nöqtələrinə təhvil verilməsini, satışının düzgün və planlaşdırılmış şəkildə həyata keçirilməsini, satılmış malların pullarının yığılmasını, ona etibar və həvalə edilmiş malların və maliyyə vasitələrinin qeydiyyata alınmasını, qorunmasını, saxlanılmasını təmin etmək üçün tam maddi məsuliyyəti öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Cavabdeh1 məhkəməyə təqdim etdiyi etirazlardan və iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, Cavabdeh1 etirazında göstərdiyi hallarla yanaşı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə istinad edərək məhkəmədən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş edir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ərizədə Cavabdeh1 göstərmişdir ki, 2017-ci ilin iyun ayından 2017-ci ilin sentyabr ayına kimi Nəsimi bölgəsində ticarət nümayəndəsi işlədiyi müddətdə satışdan qaytarılmamış 3200 manat borcu yaranmışdır. Həmin borcun 50%-ni, yəni 1600 manat endirim olunmasını, qalan 1600 manat pulun isə 2019-cu ilin sentyabr ayından etibarən xx.xx.2019-cu il tarixədək ödəməsini nəzərə alaraq aidiyyatı şöbələrə göstəriş verilməsini xahiş etmişdir. Bununla da məhkəmə hesab edir ki, tərəflər arasında 25.01. 2019-cu il tarixdə yeni hüquq münasibəti yaranmış, Cavabdeh1 hesablanmış maddi ziyanın yarısını, yəni 1600 manatını xx.xx.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, həmin 1600 manat, Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin ümumilikdə Cavabdeh2 aid hissəsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 207.78 manat məbləğində faiz borcunun, 1500 manat məbləğində əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı Cavabdeh2 qarşı iddia tələbini xx.xx.2017-ci il tarixli valideyinin öhdəliyi adlı sənədlə əsaslandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Göründüyü kimi Cavabdeh2 ilə İddiaçı MMC arasında qanunvericiliyin tələblərinə uyğun olaraq zaminlik müqaviləsi bağlanmamışdır. Bundan başqa iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 207.78 manat məbləğində faiz borcu və 1500 manat məbləğində əldən çıxmış fayda tələb etsədə, iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı iddiasının əsası kimi istinad etdiyi hallara dair, o cümlədən cavabdehlərin belə öhdəlik daşımaları barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30.40 manat dövlət rüsumu və cavabdehə bildiriş və məktubların göndərilməsi üçün 9.45 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş bu xərc Cavabdeh1 aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 1600 manat vurulmuş zərər, 9.45 manat poçt xidmətinə görə ödənilən məbləğ və 30.40 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1600 (min altı yüz) manat vurulmuş zərər, 9.45 (doqquz manat qırx beş qəpik) manat poçt xidmətinə görə ödənilən məbləğ və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar