Məhkəmə qərarları › İş №2(060)-4688/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4688/2021

08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4688/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Qənbərli Əsəd Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2002-ci il təvəllüdlü X3, 23 noyabr 2003-cü il təvəllüdlü X2 və 23 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı əlavə xərclərdə iştirak etməyə dair iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh 23 iyul 2002-ci il təvəllüdlü X3 UNEC-in bakalavriat səviyyəsi üzrə Biznes və Menecment fakültəsinin “Marketing” ixtisasının dövlət sifarişli əyani təhsili ilə əlaqədar hər ay sabit pul məbləğinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, Cavabdehlə 2001-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, lakin nikahları 2013-cü ildə məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin nikahdan 23 iyul 2002-ci il təvəllüdlü Vüqar, 23 noyabr 2003-cü il təvəllüdlü Fidan və 23 yanvar 2012-ci il təvəllüdlü Cəsur adlı üç uşaqları var. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh 25.09.2013-cü il tarixdən başlayaraq aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarda alimentin alınıb, 23 iyul 2002-ci il təvəllüdlü X3, 23 noyabr 2003-cü il təvəllüdlü X2 və 23 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsi qət edilmişdir. Alimentin artırılmasına dair iddia tələbi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5107/2013 saylı, 04 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 23 iyul 2002-ci il təvəllüdlü X6, 23 noyabr 2003-cü il təvəllüdlü X5 və 23 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda oğlu Vüqar Babayev UNEC-in bakalavriat səviyyəsi üzrə Biznes və Menecment fakültəsinin “Marketing” ixtisasının dövlət sifarişli əyani təhsilin 1-ci il 976 saylı qrup tələbəsidir, qızı Fidan Babayeva ali məktəbə qəbulla bağlı bir neçə fəndən hazırlıq kurslarına gedir, oğlu Cəsur Babayev isə 2-ci sinifdə oxuyur. Qətnamədə müəyyən olunmuş alimentin məbləği uşaqların tələbatlarının ödənilməsi üçün yetərli deyil. Cavabdeh uşaqların saxlanılması üçün hal-hazırda ona 270 manat məbləğində aliment ödəyir. Əlavə olaraq qeyd etdi ki, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün yaşayış minimumu öikə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir.Ona görə də, Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat pulun uşaqların saxlanma və məktəb xərclərinə kifayət etmədiyindən, alimentin miqdarını hər ay hər uşağa görə 175 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı iddiası tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, tərəflər 2001-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan üç övladları dünyaya gəlmişdir. Lakin ailə münasibətləri pisləşdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5107/2013 saylı, 04 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən aralarında olan nikah münasibətləri pozulmuş, Cavabdeh uşaqların saxlanılması üçün 25.09.2013-cü il tarixdən başlayaraq aylıq qazancının və başqa gəlirlərinin 1/2 hissəsi miqdarda alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı 2019-cu ildə alimentin artırılması barədə məhkəməyə müraciət etmiş, İddiaçı iddiası qismən təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5107/2013 saylı, 04 noyabr 2013-cü il qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 23 iyul 2002-ci il təvəllüdlü X6, 23 noyabr 2003-cü il təvəllüdlü X5 və 23 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz manat) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı veriməsi qət edilmişdir. Göründüyü kimi İddiaçı alimentin artırılması barədə iddia tələbi ilə 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Yəni bu müddət ərzində Cavabdeh maddi vəziyyətində yaxşılığa doğru heç bir hal baş verməmişdir. Cavabdeh yenidən ailə həyatı qurmuş və qayğıları artmışdır. Eyni zamanda o, ikinci qrup əlildir və pensiyasının 70 % həcmində, yəni 270 manat məbləğində aliment ödəyir. Nümayəndə əlavə olaraq bildirdi ki, uşaq yetkinlik yaşına çatdıqda valideyinin aliment öhdəliklərinə xitam verilir. Əgər uşaq universitetə daxil olubsa onun təhsil haqqının valideyn tərəfindən məcburi deyil, yalnız könüllü olaraq ödənilməsi nəzərdə tutula bilər. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı da var. Nümayəndə qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan AZ – İ 143337 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 23 iyul 2002-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahından 23 iyul 2002-ci il təvəllüdlü X6, 23 noyabr 2003-cü il təvəllüdlü X5 və 23 yanvar 2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. Həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 23 iyul 2002-ci il təvəllüdlü X6, 23 noyabr 2003-cü il təvəllüdlü X5 və 23 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin 29 Noyabr 2020-ci il tarixli, № TİM/11120/2020 saylı arayışından görünür ki, X6 UNPC-in bakalavriat səviyyəsi üzrə Biznes və menecment fakültəsinin "Marketinq" ixtisasının dövlət sifarişli əyani təhsilin İ il 976 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini 05.07.2024-ci il tarixinədək bitirməsi nəzərdə tutulur. İş materiallarına əlavə olunmuş Cavabdeh ünvanlanmış pensiyadan tutulma haqqında məktuba əsasən, Mərkəzi Filial tərəfindən Cavabdeh 1 yanvar 2019-cu il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə uyğun qaydada yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 4 noyabr 2013-cü il tarixli 2(060)~5107/2013 nömrəli və 5 aprel 2019-cu il tarixli 2(060)-3533/2019 nömrəli icra sənədlərinə əsasən əmək pensiyasından 1 yanvar 2019-cu il tarixindən etibarən (01.01.2019-31.10.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5352,08 manat) aliment ödənişi tutularaq İddiaçı müvafiq hesabına köçürülür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan 23 noyabr 2003-cü il təvəllüdlü X5 və 23 yanvar 2012-ci il təvəllüdlü X4 7 və 16 yaşları olmuşdur. Hazırda isə onların 9 və 17 (bir neçə aydan sonra Fidanın 18 yaşı olmaqla) yaşları var. Bu isə uşaqların saxlanılması üçün zəruri olan xərclərin qismən artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 23 noyabr 2003-cü il təvəllüdlü X5 və 23 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Məhkəmə iddia tələbinin 23 iyul 2002-ci il təvəllüdlü X1 üçün alimentin müəyyən edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 49.1- 49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Qeyd olunan Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göründüyü kimi Ailə Məcəlləsinin tələblərinə görə uşaqların yetkinlik yaşına (18 yaş) çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəliklərinə xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 23 iyul 2002-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılması hissəsində təmin edilməməlidir. Digər tərəfdən məhkəmə 23 iyul 2002-ci il təvəllüdlü X3 ali təhsil alması ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb olunması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Uşağın təhsil alması ilə bağlı valideynin əlavə xərclərə cəlb edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 23 iyul 2002-ci il təvəllüdlü X3 ali təhsil alması ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb olunması hissəsində iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması barədə iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1). İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır (maddə 119.2). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 23 noyabr 2003-cü il təvəllüdlü X2 və 23 yanvar 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar