Məhkəmə qərarları › İş №2(060)-4689/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4689/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4689/2021 30.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı və vəkili- nümayəndəsi X3 oğlunun, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi və pulun tutulması tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 35000 (otuz beş min) manat borc öhdəliyinin icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 aprel 2009-cu il tarixli, AN-İN ******* reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin (Reyestrdə 4ə - 01163 № ilə qeyd edilib) ləğv edilməsi, bağlanmış ilkin müqavilə üzrə ödənilməmiş 35 000 (otuz beş min) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə AN-İN ******* reyestr nömrəli 29 aprel 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, satıcı (Cavabdeh), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin 23.04.2009-cu il, 14/421 №-li arayışına əsasən 4 otaqlı, ümumi sahəsi – 199.24 kv.m, yaşayış sahəsi – 116.16 kv.m, köm.sah – 83.08 kv.m olan Sumqayıt şəh, Corat qəs-də yerləşən 33 nömrəli fərdi yaşayış evini alıcının (İddiaçı) mülkiyyətinə verir. Satıcı evi alıcıya 76095 manata satmağa, alıcı isə həmin qiymətə almağa razılaşmışlar. İddiaçı göstərilən məbləğin 35000 manatını dərhal, qalan məbləği isə -41095 manatı 3 ay müddətə ödəməli idi. Lakin evin alqı-satqısından imtina edilmişdir. Buna görə də onun, yəni İddiaçı oğlunun ödədiyi 35000 manatın ona geri qaytarılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddia ərizəsinin məzmununda yanlışlığa yol verilmiş, bəzi hissədə alqı-satqı müqaviləsinin tarixi yanlış göstərilmiş, eləcə də araşdırılan mübahisəyə aidiyyatı olmayan fikirlər əks olunmuşdur. Bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Həmçinin göstərdi ki, onun maddi vəziyyəti pisləşdiyi üçün o, alqı-satqı müqaviləsi üzrə qalıq pulu cavabdehə ödəyə bilməmiş və cavabdehdən pulun qaytarılmasını tələb etsə də, hər dəfə cavabdeh ondan vaxt istəmişdir. Alqı-satqı müqaviləsi notariat qaydada bağlandığı üçün o, əmlakın başqa şəxsə özgəninkiləşdirilməyəcəyinə arxayın olmuş, ona görə də bu müddət ərzində məhkəmə mübahisəsi açmamışdır. Mübahisələndirilən məbləğin ona qaytarıldığı barədə cavabdeh tərəfin göstərdikləri həqiqəti əks etdirmir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin ərizəsi əsassızdır, araşdırılan mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında göstərdi ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, tərəflər arasında Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunda reyestr nömrəsi 4ə-01163 olan 29.04.2009-cu il tarixli, AN-İN ******* reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 33 nömrəli fərdi yaşayış evini alıcının mülkiyyətinə verməyi, alıcı isə evin 76 095 manat məbləğindəki dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürüb. Müqavilənin 4-cü bəndinə əsasən alıcı 76 095 manatdan 35 000 manatı müqavilə bağlandığı gün, qalan 41 095 manatın isə 3 ay müddətinə ödəməyi öhdəsinə götürür. Müqavilənin 17-ci maddəsinə əsasən satıcı evi yadımçı vasitələr ilə birlikdə alıcının bəyənib, qiymətə razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra 10.05.2009cu il tarixdə alıcının faktiki sahibliyinə və istifadə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öz öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi 29.04.2009-cu il tarixində bağlanılıb, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 29.04.2019-cu ildə deyil. İddiaçı tərəfindən müqavilənin 4-cü bəndində qeyd edilmiş öhdəliyi yerinə yetirilməyib, evin qiymətindən qalan məbləği, yəni 41 095 manatı 3 ay müddətində satıcıya ödənməyib. İddiaçı qalan məbləği ödəmədiyindən evin alqı-satqısı həyata keçirilməmiş və ödənilmiş məbləğ geri qaytarılmışdır. Əks halda iddiaçı bu illər ərzində pulun geri qaytarılmasına dair məhkəmədə iddia qaldırardı. İddiaçının pulun geri ödənilməsi tələbi iddiaçının evin ona təhvil verməli olduğu tarixdən, yəni 10.05.2009-cu il tarixdən başlanılır. Yəni, iddia müddətinin axımının başlanğıcı tarixi 10.05.2009-cu ildir. İddiaçının pul tələbinə dair iddia müddəti 10.05.2012-ci ildə bitib. İddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair müddətin bərpa edilməsinə dair məhkəməyə ərizə verməyib. Ötürülmüş 9 ilin üzrlü hesab edilməsi üçün bir səbəb də yoxdur. Odur ki, göstərilənlərin nəzərə alınaraq rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: AN-İ seriyalı, ******* saylı, 29 aprel 2009-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh özünə məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 33 nömrəli fərdi yaşayış evini alıcı İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş, satıcı evi 76095 manata satmağı, alıcı isə həmin qiymətə almağa razılaşmış, alıcı İddiaçı göstərilən məbləğin 35.000 manatını ödəmiş, qalan 41095 manatı 3 ay müddətinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 2009-cu il tarixdə daşınmaz əmlaka dair alqı-satqı müqaviləsi bağlanmış, alıcı – iddiaçı razılaşdırılmış məbləğin bir hissəsini 35.000 manat satıcıya-cavabdehə ödəmiş, qalan məbləği 3 ay müddətində ödəməyi öhdəsinə götürsə də ödənişi etməmişdir. Mülki Məcəllənin : 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi faktiki olaraq əşyanın hissə-hissə ödənilməsini nəzərdə tutmuş, satıcı alıcı tərəfindən alış qiyməti tam ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamış, tərəflərdən birinin öhdəliyi icra etməsi digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi alıcı şərtləşdirilmiş öhdəliyi icra etməmiş, alış qiymətini tam ödəməmişdir. Məhkəmə eləcə də qeyd edir ki, araşdırılan mübahisənin predmeti olan alqı-satqı müqaviləsi əvəzli müqavilədir, yəni satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğiniəşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır (567mad.). Alqı-satqı müqaviləsinin predmeti olan əşyanın dəyəri yalnız pula ödənilir və satıcı əşyanı alıcının mülkiyyətin vermək müqabilində ondan həmin əşyanın qiymətini almalıdır. Buna görə də alqı-satqı müqaviləsi əvəzli müqavilə hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, mülki hüquqi əqdlər, o cümlədən alğı- satqı müqavilələri əmlaka (həmçinin daşınmaz əşyalara) mülkiyyət hüququnun əldə edilməsi üsullarından biridir. Daşınmaz əşyaların alğı-satqı müqaviləsi konsensual' müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anma qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası ollan (titul) sahibi sayılır. Görünüdyü kimi alıcı öhdəliyi tam icra etməmiş, bu səbəbdən əmlak üzərində mülkiyyəti hüquqları satıcı tərəfindən alıcıya ötürülməmiş, dövlət qeydiyyatına alınmamışdır. Həmin vaxtdan alıcının alqı-satqı müqaviləsi üzrə tələb hüququ yaranmışdır. İddiaçı həmin hüquqdan araşdırılan mübahisə üzrə məhkəməyə müraciət edənədək istifadə etməmişdir. Cavabdeh tərəf məhkəməyə ərizə verərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdi. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəyə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə işin faktiki hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verib hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi və pulun tutulması tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar