Məhkəmə qərarları › İş №2(060)-4694/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4694/2022

25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4694/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3142/2019 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün Cavabdeh 120 manat aliment tutulması qət olunmaqla Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-6863/2019 saylı qətnaməsi ilə Göyçay rayon İHB-nın Bığır kənd icra nümayəndəliyində xx.xx.2008-ci il tarixdə 6 nömrə ilə qeydə alınmış nikahları pozulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)-2372/20 nömrəli qətnaməsi ilə aliment miqdarı 20 manat artırılaraq 140 manat olmuşdur. Qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Aliment məbləğinin artırılması ilə əlaqədar olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin mediasiya şurasına müraciət etmişdir. Mediasiya prosesində Cavabdeh iştirak etməsi ilə bağlı məlumatlandırılmışdır. Lakin o, iştirak etmək istəmədiyini bildirmişdir. Buna görə də Bakı 5 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli MŞB-5-01690 saylı arayış verilmişdir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Oda qeyd edilir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa ödəməmişdir. Uşaq göz xəstəliyindən əziyyət çəkməklə mütəmadi olaraq müalicələr alır, maddi vəziyyəti ağır olduğundan müalicəni tam təmin edə bilmir. Uşağın bütün qayğısının ehtiyacı tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək təqaüd almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 135 manata çatdırılmalıdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh onunla ayrıldıqdan sonra uşağı ilə qətiyyən maraqlanmamışdır. Dənizlin saxlanması üçün 140 manat aliment müəyyən edilmişdir. Lakin cavabdeh alimenti vaxtında ödəməmiş və nəticədə 1000 manat borcu yaranmışdır. Dəfələrlə şikayət etdikdən sonra cavabdeh hissə-hissə aliment borcunu ödəmiş və cəmi 200 manat borcu qalmışdır.Qeyd edir ki, birgə nikah dövründə cavabdeh taksi fəaliyyəti ilə məşğul olmuşdur, şəxsi maşını var, hal-hazırda maddi vəziyyəti yaxşıdır. Yenidən nikaha daxil olmuşdur, həmin nikahdan olan uşaqlarını saxlayır, lakin onun övladı Dəniz ilə maraqlanmır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə aliment tələbinə dair işlərə baxılması üçün mülki-prosessual qanunvericilikdə müəyyən edilmiş müddətləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. İddiaçı onu evdən çıxmağa məcbur etmişdir. Hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti ağırdır, pul qazanmadığı günlər olur, bacısı ona dəstək olur. Yenidən ailə qurmuşdur, daha bir övladı var. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,İddiaçı ilkin məcburi mediasiya sessiyasında iştirak etmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6863/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh X7 qarşı nikahın pozulması barədə iddia tələbi təmin edilmiş, Cavabdeh ilə X9 arasında Göyçay rayon İHB-nın Bığır kənd icra nümayəndəliyində xx.xx.2008-ci il tarixdə 6 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər anası X4 yanında qalması qərara alınmışdır. İşdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə iləiddiaçı Əbişova (Umudova) Rəqibə Qüdrət qızının Cavabdeh qarşı aliment məbləğininartırılmasına dair iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(105)-2541/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əbişova (Umudova) Rəqibə Qüdrət qızına ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X1 uşaqları anadan olmuşdur. (işdə olan AZ-İİ671941 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən) İşdə AZ İ 404586 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında olan nikah xx.xx.2019-cu il tarixdə pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 164 nömrə ilə qeyd olunmuşdur. İşdə olan İmişli Rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli, Kürdü Mahmudlu və Hacalmuradlı kəndləri üzrə Nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 228 nömrəli arayışından görünür ki, hal-hazırda adına heç bir pay torpağı, daşınan və daşınmayan əmlakı yoxdur. Heç bir yerdə işləmir, təqaüd və sosial müavinat almır. İşdə olan AR ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsinin Mil-Muğan regional Filialının 29 iyul 2022-ci il tarixli, **********3 nömrəli arayışından görünür ki, Cavabdeh AR ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsinin Mil-Muğan regional Filialından heç bir növ müavinat, təqaüd və əmək pensiyası almır. İş materiallarında olan AZ-İİ 407782 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X5 02 noyabr 2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 388 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əbişova soyadı verilmişdir. İşdə olan AZ-İV 476707 nnömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X6 doğulmuşdur. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanunun 1-ci bəndinə əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin maddi vəziyyətini, hazırda ailəli olmaqla daha bir övladının olduğunu, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, halhazırda qüvvədə olan yaşayış minimumu həddində deyil, 160 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbinin alimentin hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 193 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 636 ( (193-140) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2372/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar