Məhkəmə qərarları › İş №2(060)-4697/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4697/2020

05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4697/2020 05.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4494/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay, hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin alınıb, birgə nikahdan olan xx xxxxxx 2007-ci il təvəllüdlü X4 və xx xxxxxx 2008-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, o, xx xxxxxx 2002-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2007-ci il təvəllüdlü X4 və xx xxxxxx 2008-ci il təvəllüdlü X5 anadan olmuşdur.Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4494/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş, birgə nikahdan olan xx xxxxxx 2007ci il təvəllüdlü X4 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 onun yanında qalması və onların yetkinlik yaşına çatanadək salanılmaları üçün Cavabdeh hər ay hər uşağa 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. O, heç bir yerdə işləmir, uşaqların maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, bazar qiymətlərinin qalxması, uşaqların böyüməsi ilə əlaqədar onların ehtiyaclarını ödəmək üçün bir uşağa 108 manat aliment kifayət etmir. Digər tərəfdən də oğlu Cahiddə “revmatoid faktoruna görə gözlərində problem yaranıb, müalicə olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etiraz etmədi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4494/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş,Ağayeva Könül Qiyas qızı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2002-ci il tarixli, 113 saylı nikahın pozulması, birgə nikahdan olan xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 Ağayeva Könül Qiyas qızınınhimayəsində qalması və xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2015-ci il tarixdən etibarən hər ay, hər uşağa 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutulub Ağayeva Könül Qiyas qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün ölkə üzrə 2020-ci ildə yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını və cavabdehin razılığını nəzərə alaraq, hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4494/2015 saylı, xx.xx.2015ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx xxxxxx 2007ci il təvəllüdlü X3 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay, hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3. maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bundan başqa, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2. maddəsinin tələbinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Həmin Məcəllənin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4494/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək,xx xxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar