Məhkəmə qərarları › İş №2(060)-4699/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4699/2023

21.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4699/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair mülki işə 21 avqust 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri üzündən ona məxsus «Nissan X-Trail» markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın əvəzi olaraq 200 manat pulun və 30 manat dövlət rüsumunun və 50 manat qüsur aktına görə ödədiyi pulun, ümumilikdə 280 manat vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə 18-ci mikrorayon ərazisində yerləşən 19 saylı binanın qarşısında cavabdeh idarə etdiyi Mercedes Benz markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat hadisəsi yerindən yayınmasına görə və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə AR İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tuulan inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. Bu hadisə zamanı cavabdeh ona məxsus olan «Nissan X-Trail» markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomaşını sürücü tərəfdən sürtmüş və arxa kapotu cızmışdır. Lakin cavabdeh maşına dəymiş ziyanı ödəməmiş və onun avtomaşını sığortasız idarə etdiyi də aşkar olunmuşdur. Hadisə nəticəsində maşına dəymiş ziyan qiymətləndirilməklə ümumilikdə 200 manat məbləğində müəyyən olunmuşdur. Bundan başqa həmin ziyanın qiymətləndirilməsi ilə bağlı "xxxx" şirkəti tərəfindən qüsur aktı tərlib olunmuş və bunun üçün də o, 50 manat xidmət haqqı ödənişi etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin törətdiyi yoıl nəqliyyat hadisəsi nəticəsində onun maşını sürücü tərəfdən sürtülmüşdür. Cavabdeh hadisə baş verən kimi hadisə yerindən qaçmışdır. Cavabdeh hadisə vaxtı əslində içkili vəziyyətdə olub, lakin tez evə qaçdığına görə onun spirtli içki qəbul edib etməməsini yoxlaya bilməmişdirlər. Növbəti gün onunla əlaqə saxlayanda cavabdeh rayonda olduğunu bildirərək, gəlməkdən imtina etmiş, nəticədə onun sərxoşluğunu müəyyən etmək mümkün olmamışdır. Bir daha qeyd edir ki, onun maşına 200 manat məbləğində ziyan dəymişdir. Bundan başqa o, məhkəməyə müraciət etmək üçün 30 manat, qüsur aktının alınması üçün isə 50 manat pul ödəmişdir. Əlavə olaraq bildirir ki, əgər cavabdehin də maşınına ziyan dəysəydi, o hadisə yerindən yayınmazdı, ona dəymiş ziyanı vaxtında tələb edərdi. Qeyd edilənlərə əsaəsn o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, hadisə baş verən günü o, işdən gəlirdi. İddiaçı onun yolunu gözləmədi. Əslində isə nə onun, nə də iddiaçının yolu idi. Nəticədə qəza baş verdi və hər ikisinin maşını sürtüldü. Daha sonra o, hadisə yerindən getmişdir. Gecə saat 01.00-da polis əməkdaşları onunla əlaqə saxlasa da, o, həmin yerə gedə bilməmişdir. Qeyd edir ki, əslində onun da maşınına ziyan dəymişdir. Onun maşının güzgüsündə cuzi cızıqlar var idi. Onu da məhkəmənin nəzərinə çatdırır ki, hadisə o qədər zəif olmuşdur ki, o, heç maşınların sürtünməsini hiss etməmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzəər alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan xx.xx.2023-ci il tarixli qüsur aktından görünür ki, «Nissan X-Trail» markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın aradan qaldırılması üçün çəkilən xərc 200 manat məbləğindədir. İşdə olan TP ******* nömrəli inzibati tənbeh vermə haqıqnda qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materialında olan inzibati xəta haqqında İXP ******* nömrəli protokoldan görünür ki, xx.xx.2023-cü ildə saat 21.30-da Mercedes Benz markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil Mercedes Benz markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə “Mercedes Benz C230” markalı, «Nissan X-Trail» markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan AD seriyalı 715393 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Nissan X-Trail» markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020ci il tarixdən İddiaçı mülkiyyətindədir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü ildə saat 21.30-da Cavabdeh idarə etdiyi Mercedes Benz markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə İddiaçı idarə etdiyi Nissan X-Trail markalı ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş həmin avtomobilə ziyan dəymişdir. Mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Delikt öhdəliyi aşağıdakı xüsusiyyətlər ilə səciyyələnir: - qanundan əmələ gəlməsi; - həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi; - zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, şəxs törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108-ci maddəsi ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə vurulmuş zərərə görə məsuliyyəti müəyyən edir. Bu Məcəllənin 1108.3-cü maddəsində yüksək təhlükə mənbələrinin (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) qarşılıqlı təsiri nəticəsində dəymiş zərərin əvəzinin ümumi əsaslarla onların sahiblərinə ödənilməsi nəzərdə tutulmuşdur. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi zərərçəkmişə dəymiş zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə ya mülkiyyət hüququ ilə sahiblik edən şəxsin, ya da nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olması TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, inzibati xəta haqqında İXP ******* nömrəli protokol və digər iş materialları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğundan həmin hadisə nəticəsində “Nissan X-Trail” markalı ** FA *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan Cavabdeh tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, iş materialına əlavə edilmiş xx.xx.2023-ci il tarixli qüsur aktına əsasən «Nissan X-Trail» markalı 99FA399 dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 200 manat məbləğindədir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməli, Cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi avtomobilə dəymiş zərərə görə 200 manat məbləğində vəsait cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi qüsur aktının alınması üçün ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə 50 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Nissan X-Trail” markalı ** FA *** dövlət nömrə nişanlı avtomobilə dəymiş 200 (iki yüz) manat məbləğində ziyan, qüsur aktının alınması üçün ödənilmiş 50 (əlli) manat, ümumilikdə 250 (iki yüz əlli) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar