Məhkəmə qərarları › İş №2(060)-47/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-47/2022

24.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-47/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin Sumqayıt filialına qarşı “artıq alınmış pulların geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2018-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən cavabdehin ondan artıq aldığı 4520 manat məbləğində pulun, "xxxx" MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2020-ci il tarixli 00001020 saylı Payçı Müqaviləsinə əsasən cavabdehin ondan artıq aldığı 4400 manat məbləğində pulun, həmin pullara görə ona vurulmuş 2000 manata əlavə maddi ziyanın və 3000 manat məbləğində mənəvi ziyana görə təzminatın, dövlət rüsumu kimi köçürdüyü 30 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, cavabdeh "xxxx" MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2018-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən həmin şirkətə məxsus, ünvan 1 ünvanında yerləşən 30 saylı, sahəsi 46,3 kv.m. olan 2 otaqlı mənzili 52319 manata almaq barədə razılığa gəlmiş və həmin mənzilin 1 kv.m.-nin dəyəri 1130 manat müəyyən edilmişdir. O, həmin mənzilin dəyərini tam olaraq ödəmiş və xx.xx.2019-cu il tarixdə onun həmin mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçməklə ona ******* nömrəli RX seriyalı çıxarış da verilmişdir. Həmin çıxarışda mənzilin sahəsi 42,9 kv.m. göstərilmişdir, halbuki cavabdeh şirkət ondan 46,3 kv.m.-nin tam dəyərini almış, əslində isə ona təxminən 4 kv.m. az sahəsi olan mənzili satmışdır. Bununla da ondan 4520 (dörd min beş yüz iyirmi) manat məbləğində artıq pul almışdır. Belə hesab edir ki, ondan artıq alınmış həmin vəsait ona vurulmuş maddi ziyan kimi qiymətləndirilməklə cavabdehdən alınaraq ona geri qaytarmalıdır. Bundan başqa o, cavabdeh "xxxx" MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı Payçı Müqaviləsinə əsasən həmin şirkətə məxsus, ünvan 2 ünvanında yerləşən 80 saylı, sahəsi 69 kv.m. olan 2 otaqlı mənzili 77251,5 manata almaq barədə razılığa gəlmiş və həmin mənzilin 1 kv.m.-nin dəyəri 1120 manat müəyyən edilmişdir. O, həmin mənzilin dəyərini tam olaraq ödəmiş və xx.xx.2020-ci il tarixdə onun həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatından keçməklə ona çıxarış da verilmişdir. Həmin çıxarışda mənzilin sahəsi 65,3 kv.m. göstərilmişdir. Halbuki cavabdeh şirkət ondan 69 kv.m.-nin tam dəyərini almış, əslində isə ona təxminən 4 kv.m. az sahəsi olan mənzili satmışdır. Bununla da ondan 4400 (dörd min dörd yüz) manat məbləğində artıq pul almışdır. Belə hesab edir ki, ondan artıq alınmış həmin vəsait ona vurulmuş maddi ziyan kimi qiymətləndirilməklə cavabdehdən alınaraq ona geri qaytarmalıdır. O, bu mənzilləri alarkən pulları bankdan kredit götürmüş və həmin pula görə banka əlavə faiz ödənişləri həyata keçirmiş və nəticədə o, əlavə maddi ziyana da düşmüşdür ki, həmin ziyanı 2000 manat məbləğində qiymətləndirir. Bundan başqa cavabdehin onu aldatması, ona aldığından kiçik ölçüdə mənzil satması ona ağır mənəvi stres yaşatmış, ona mənəvi ziyan vurmuş və o, həmin ziyanı 3000 (üç min) manat məbləğində qiymətləndirir. Göstərilənləri nəzərə alaraq, cavabdeh "xxxx" MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2018-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən cavabdehin ondan artıq aldığı 4520 manat məbləğində pulun, "xxxx" MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2020-ci il tarixli 00001020 saylı Payçı Müqaviləsinə əsasən cavabdehin ondan artıq aldığı 4400 manat məbləğində pulun, həmin pullara görə ona vurulmuş 2000 manata əlavə maddi ziyanın və 3000 manat məbləğində mənəvi ziyana görə təzminatın, dövlət rüsumu kimi köçürdüyü 30 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, İddiaçı ilə "xxxx" MTK arasında 02 avqust 2018-ci il tarixdə ********* saylı, 07 iyul 2020 ci il tarixdə isə ******* saylı müqavilələr bağlanmışdır. Tərəflər arasında bağlanmış 02 avqust 2018 ci il tarixli, ********* saylı müqavilədən görünür ki, müqavilənin şərti ondan ibarətdir ki, “MTK” pay qismində çıxış edən Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küç, 3 cü bina, 3cü blok, 4-cü mərtəbə, 30 saylı, 1 otaqlı, ümumi sahəsi 46.3 kv.m mənzili “payçının” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında bağlanmış 07 iyul 2020 ci il tarixli, ******* saylı müqavilədən görünür ki, müqavilənin şərti ondan ibarətdir ki, “MTK” pay qismində çıxış edən Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küç, 5-ci bina, 5-ci blok, 12-ci mərtəbə, 80 saylı, 2 otaqlı, ümumi sahəsi 69.0 kv.m mənzili “payçının” mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 2-ci bəndinə əsasən mənzillərin ümumi sahələləri müəyyən edilmişdir. Qeyd etmək istəyir ki, sırf payçının özünün maraqları nəzərə alınaraq, onun razılığı əsasında müqavilələr bağlanmışdır. Hesab edir ki, iddia ərizəsində göstərilən tələblər tamamilə əsassız və absurddur. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, yəni tərəflər arasında ********* saylı müqavilə üzrə 30 saylı mənzilinin ümumi sahəsinin 4 kv.m az olması, ******* saylı müqavilə üzrə isə 80 saylı mənzilinə görə 4 kv.m sahəsinin az olmasını və bununla bağlı ondan əsassız olaraq artıq pul alınmasını iddia etməsi tamamilə əsassızdır. Anoloji iddia tələbləri ilə bağlı qüvvədə olan məhkəmə qətnamələri ilə də müəyyən olunmuşdur ki, müqavilədə göstərilən sahə ölçüləri ilə mənzilin faktiki sahələrində heç bir fərq mövcud deyildir və buna dair bir neçə ekspertiza rəyləri də mövcuddur. Belə olan halda aydın olur ki, iddiaçının əsas tələbi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X3 izahatlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2, mənzil 80 (Yeni qaydalarla: Sumqayıt şəhəri, Gənclik küçəsi, 25, M12, m3) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1, mənzil 30 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 07 iyul 2020-cı il tarixli, ******* №-li payçı müqaviləsindən görünür ki, müqavilənin predmeti ondan ibarətdir ki, MTK pay qismindən çıxış edən Sumqayıt şəhəri, 6-cı mikr, Səməd Vurğun küçəsində inşa edilmiş 5-ci bina, 5-ci blok, 12-ci mərtəbə, 80 №-li, 2 otaqlı mənzili tikib və payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı bu müqaviləyə əsasən pay qisimndə çıxış edən Sumqayıt şəhəri, 6-cı mikr, Səməd Vurğun küçəsində inşa edilmiş 5-ci bina, 5-ci blok, 12-ci mərtəbə, 80 №-li, 2 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri və kommunal xərcləri MTK-ya ödənilməsini və həmçinin "xxxx" yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsinə yaşayış, yardımçı balkon sahələri, əlavə № 2-də göstərilən sxemə uyğun daxili divaraltı, beton sütunların altı sahələr, şaxtalar daxildir. Qeyd olunan müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 69 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 1 kv metri 1120 manat olmaqla, ümumi dəyəri 77251,5 manat təşkil edir. İş materiallarında olan İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 07 iyul 2020-ci il tarixli təminatlı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC İddiaçı onunla "xxxx" MTK arasında bağlanmış 07 iyul 2020-ci il tarixli, ******* №-li müqavilənin predmeti olan mənzilin alınması üçün 28570 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 02 avqust 2018-ci il tarixli, ********* №-li payçı müqaviləsindən görünür ki, müqavilənin predmeti ondan ibarətdir ki, MTK pay qismindən çıxış edən Sumqayıt şəhəri, 6-cı mikr, Səməd Vurğun küçəsində tikilməkdə olan 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 30 №-li, 1 otaqlı mənzili tikib və payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı bu müqaviləyə əsasən pay qisimndə çıxış edən Sumqayıt şəhəri, 6-cı mikr, Səməd Vurğun küçəsində tikilməkdə olan 3-cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 30 №-li, 1 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri və kommunal xərcləri MTK-ya ödənilməsini və həmçinin "xxxx" yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsinə yaşayış, yardımçı balkon sahələri, əlavə sxemə uyğun daxili divaraltı, beton sütunların altı sahələr, şaxtalar daxildir. Qeyd olunan müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin hesablaşma sahəsi 46.3 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin 1 kv metri 1130 manat olmaqla, ümumi dəyəri 52319 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2531 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 5, blok 5, 12-ci mərtəbə, 80 saylı mənzilin faktiki olaraq üç yaşayış otağından ibarət olduğu və faktiki ümumi sahəsinin 66,5 kv.m təşkil etdiyi müəyyən olunur. Eyni zamanda sözügedən mənzilin sahəsi hesablanarkən yaşayış və yardımçı otaqların sahələri, balkonun sahəsi, arakəsmə divarların altında qalan sahə beton sütunların altında qalan sahələr şaxtanın yerləşdiyi sahə nəzərə alındıqda mənzilin sahəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Payçı Müqaviləsi”ində qeyd olunan sahəyə uyğun olaraq 69,0 kv.m təşkil etdiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6643 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, bina 3, blok 3, 4-cü mərtəbə, 30 saylı mənzilin faktiki olaraq bir yaşayış otağından ibarət olduğu və faktiki ümumi sahəsinin 42,9 kv.m təşkil etdiyi müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2389 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən 3 saylı binanın, 3-cü blok, 4-cü mərtəbə, 30 saylı mənzilin sahəsi hesablanarkən yaşayış və yardımçı otaqların sahələri, balkonun sahəsi, arakəsmə divarların altında qalan sahə, beton sütunların altında qalan sahələr, şaxtanın yerləşdiyi sahə nəzərə alındıqda mənzilin faktiki sahəsinin (hesablaşma sahəsi) 46,3 kv.m təşkil etdiyi və bu sahənində xx.xx.2018-ci il tarixli, ********* nömrəli “Payçı Müqaviləsi”nə əlavə № 2-də göstərilən sxemə uyğun olduğu müəyyən edilmişdir. Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən 5 saylı binanın, 5-ci blok, 12-ci mərtəbə, 2 otaqlı, 80 saylı mənzilin sahəsi hesablanarkən yaşayış və yardımçı otaqların sahələri, balkonun sahəsi, arakəsmə divarların altında qalan sahə, beton sütunların altında qalan sahələr, şaxtanın yerləşdiyi sahə nəzərə alındıqda mənzilin faktiki sahəsinin (hesablaşma sahəsi) 69,0 kv.m təşkil etdiyi və bu sahənində xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Payçı Müqaviləsi”nə əlavə № 2-də göstərilən sxemə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı müqavilələrə əsasən artıq ödənilmiş pulu tələb etmiş, lakin müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı tərəflər arasında bağlanmış 07 iyul 2020-ci il tarixli, ******* №-li və xx.xx.2018-ci il tarixli, ********* №-li müqavilələrinin hər hansı bir bəndini mühabisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviə azadlığı prinsipləri təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-çi maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Göründüyü kimi, iddiaçı tərəf öz iradəsi ilə sərbəst surətdə MTK ilə 07 iyul 2020-ci il tarixli, ******* №-li və xx.xx.2018-ci il tarixli, ********* №-li müqavilələrini imzalamış və müqavilələrin şərtlərini müəyyən etmişdir. Həmin müqavilə və ona əlavələr müqavilənin iştirakçısı olan İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, işin tədqiq olunmuş halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilədə Sumqayıt şəhəri, 6-cı mikr, Səməd Vurğun küçəsində inşa edilmiş 5-ci bina, 5-ci blok, 12-ci mərtəbə, 80 №-li, 2 otaqlı mənzilin ümumi dəyərinin 77251,5 manat, Sumqayıt şəhəri, 6-cı mikr, Səməd Vurğun küçəsində tikilməkdə olan 3cü binasında, 3-cü blok, 4-cü mərtəbə, 30 №-li, 1 otaqlı mənzilin ümumi dəyərinin 52319 manat olması göstərilmişdir ki, həmin məbləğə həmçinin iddiaçının da razılaşaraq imza etdiyi müqaviləyə edilmiş 1 №-li protokolda göstərilən işlərin, yəni liftin quraşdırılması, giriş qapısı (metal-seyf), pəncərələr (plastik), su dayaqları (plastmas borular), qaz dayaqları, kanalizasiya dayaqları, mərkəzi istilik sistemi, binanın həyətinin abadlaşdırılması, mənzilin daxilində elektrik, telefon, televiziya xətlərinin çəkilməsi, mənzilin daxilində qızdırıcıların quraşdırılması, mənzilin döşəməsinə parket vurulması, divarların oboylanması, mənzilin tavanının təmiri və rənglənməsi, daxili qapıların quraşdırılması, hamamın təmirinin və avadanlıqlarının quraşdırılmasının dəyəri də daxildir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən hal, yəni tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh "xxxx" MTK-nın İddiaçı 07 iyul 2020ci il tarixli, ******* №-li müqavilə üzrə 69 kv.m və xx.xx.2018-ci il tarixli, ********* №-li müqavilə üzrə 46.3 kv ümumi sahəsi olan mənzilləri verməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini icra etməməsi açıq-aşkar əsassızdır. Belə ki, işin tədqiq olunmuş halları ilə müəyyən olunmuşdur ki, "xxxx" MTK iddiaçı ilə razılaşdırıldığı kimi, müqavilə ilə birlikdə ona təqdim edilmiş sxemə uyğun olaraq, ümumi sahəsi 69 və 46.3 kv metr təşkil edən mənzilləri inşa edərək, həmçinin təmir edərək iddiaçıya təhvil vermiş və bununla da müqavilə öhdəliyini tam icra etmişdir. Bu fakt məhkəmə araşdırmaları zamanı işin tədqiq olunmuş halları, eləcə də ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəyyən edilmiş mənzilin ümumi sahəsi ilə iddiaçının özünün ölçmə üsulu fərqli aparıldığından həmin sahələrin eynilik təşkil etməli olması absurddur. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin izahatında göstərdiyi dəlili ilə də razılaşaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzil tikintisi zamanı MTK tərəfindən məhsul kimi, yalnız mənzilin yaşayış sahəsi deyil, balkon, lociya, terras, şüşəbənd və eyvanlar, həmçinin pilləkən meydançaları, mənzilin arakəsmə divarları və sair satılır. Həmin işlərin görülməsi üçün isə divar daşı, kərpic, qum, sement, beton və sair tikinti materialları sərf olunur ki, bunların hamısı mənzil tikintisi zamanı MTK tərəfindən çəkilən xərclərə daxildir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarından görünür ki, iddiaçı cavabdehin sözügedən mənzilin müqavilələr ilə verilməli olan mənzil sahələrindən 4 kv metr az olmasını iddia etmiş, lakin cavabdeh tərəfindən aralarında bağlanmış 07 iyul 2020-ci il tarixli, ******* №-li və xx.xx.2018-ci il tarixli, ********* №-li müqavilələrinin şərtlərinin pozulmasını məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında insan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia^edƏnin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə iclasında isə iddiaçı öz tələbini təsdiq edə biləcək hər hıansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasərn Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası sübut olunmadığından və əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar