Məhkəmə qərarları › İş №2(060)-4707/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4707/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4707/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 24 oktyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 600 manat pulun, iddia ərizəsinin tərtib edilib məhkəməyə verilməsi üçün ödənilmiş 30.40 AZN dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, loqoped-müəllim işləyir. Cavabdeh 3 ildir ki, dırnaq ustası kimi tanıyır. O, cavabdehin müştərisi olmuşdur və onların dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin təxminən 3-4 oktyabrda Ülviyyə onu dəvət edib, bildirmişdir ki, «Growd-1» şirkət qurmuşdur, onu da həmin şirkətin şəbəkəsinə qoşulmağı təklif etmiş və ona pul qoyub, pul götürəcəyəni, nə qədər çox pul qoyularsa, daha çox gəlirləri olacağını bildirmişdir. İlkin pul ödənişi 200 manatdan başlayır. O, Ülviyyəni uzun illər tanıdığına görə onun etdiyi təkliflə razılaşmışdır. Amma Ülviyyəyə bildirmişdir ki, «o bir az belə şeylərə inanmır, amma onu tanıdığına görə razılaşır. Bir problem olsa, dediyi kimi qazanc əldə etməsə ondanverdiyim pulu geri alacaq». Ülviyyə də bildirdi ki, «heç bir problem ola bilməz, 2 ay ərzində, təxminən dekabr ayının 14-nə kimi pul alacaq». Həmçinin bildirmişdir ki, «müəllimləri yazdır, çoxalaq, gəliri də cəlb etdiyi şəxslərə görə çox olsun». Cavabdeh ona inandığından bibisi qızından 400 manatda borc pul alıb bibisi qızının yanında Ülviyyəyə 400 manat vermişdir. Həmçinin ona verdiyi 400 manat pulu da bibisi qızından borc aldığını bildirmişdir. Ülviyyə bibisi qızına da təklif etmişdir ki, “sən də bizə qoşul, pul qoy, pul götür”. Bibisi qızı isə bildirmişdir ki, bu iş alınsın, sonra şəbəkəyə qoşular. Ülviyyə daha çox məbləğ qoyularsa, daha çox qazanc əldə edərsən dediyindən əlavə olaraq 200 manat pulu da, evdə anasının, bacısının yanında Ülviyyəyə təqdim etmişdir. Bir sözlə Ülviyyənin etdiyi təkliflə bağlı ona 600 manat məbləğində pul vermişdir. Lakin vəd verildiyi kimi qoyduğu pulun müqabilində hər hansı məbləğdə qazanc, gəlir əldə etməmişdir. Səbəbi ilə maraqlananda Ülviyyə müxtəlif bəhanələr gətirmişdir. Həmçinin ona məlum olmuşdur ki, «Growd-1» şirkəti və üzvləri dələduzluq hərəkətlərinə yol verdikləri üçün barələrində cinayət işləri başlanılmışdır. Ona görə də o, verdiyi pulu Ülviyyədən geri tələb etmişdir. Ülviyyə bildirmişdir ki, onun verdiyi pul onun tərəfindən şirkətin işçisi İlkin adlı şəxsə təqdim edilmişdir. Ona görə də o, pulu qaytara bilmir. Onu da xüsusi qeyd edir ki, Ülviyyə ondan pulu alarkən «Growd-1» şirkətinin adından istifadə etsə də, onunla şirkət arasında hər hansı müqavilə bağlanmamışdır. O, pulu Ülviyyəyə təqdim etmişdir. Bu barədə sübutları vardır. Ülviyyə ona verdiyi pulla bağlı ona hər hansı bir sənəd, qəbz təqdim etməmişdir, yəni onun verdiyi pul şirkətə ödənilməmişdir. O, Ülviyyədən pulunu geri ala bilmədiyinə görə, yəni ona məxsus 600 manat pul onun tərəfindən etibarından suiistifadə olunmaqla dələduzluq yolu ilə mənimsənildiyindən Sumqayıt şəhər Polis İdarəsinin 3-cü PB-nə aidiyyəti üzrə dələduzluq faktı ilə bağlı şikayət etmişdir. Şikayəti araşdırılmış, Ülviyyə dindirilmiş, cavabdeh ondan aldığı pulu etiraf etsə də, pul «Growd-1» şirkətinin işçisi İkin adlı şəxsə verildiyindən və şirkət verdiyi vədə əməl etmədiyindən onun pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də şikayəti mülki xarakterli sayılaraq, onun məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Sual yaranır: Əgər pul şirkətə verilmişdirsə, şirkətlə onun arasında niyə müqavilə bağlanmamışdır və pulun şirkətə verilməsi barədə sübutlar niyə ona təqdim edilməmişdir?!... Hansı əsaslara görə Ülviyyə pulun şirkətə, şirkətin işçisi İlkin adlı şəxsə verildiyini təsdiq edən sübutları təhqiqat orqanına təqdim etməmişdir?!... Bu günədək o, dəfələrlə verdiyi pulu Ülviyyədən tələb etsə də, Ülviyyə onun verdiyi pulun şirkətin işçisi İlkinə təqdim etdiyini bildirərək onun pulunu qaytarmamışdır. O, əsəb-stress keçirmiş, əmlakından məhrum olmuşdur. O, Ülviyyəyə vermiş olduğu 600 manat pulu məhkəmədənkənar ala bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini bibisi qızı, X1, bacısı, Məmmədova Günay Vəkil qızı və anası, X3 şahid qismində təsdiq edə bilər. Bundan başqa iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.40 manat dövlət rusumu ödəmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərinə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. 5-6 ildir ki, iddiaçı ilə yaxın münasibətləri var. Ona qeyd olunan məsələ ilə bağlı xalası oğlu təklif vermişdir. Ona izah olunmuşdur ki, qoyacağı pul müqabilində daha artıq məbləğdə pul götürmək mümkün olacaq. Xalası oğlu Elçin onu İlkin adlı şəxslə tanış etmiş və deyilən işləri İlkin görmüşdür. Bu işlə şirkət məşğul olmuşdur. Bildiyinə görə daha sonra şirkətlər iflasa uğramış, belə ki, şirkətin rəhbərliyinin hərəkətlərində dələduzluq halları olmuşdur. Əslində o, özü də aldanmışdır. O, hər şeyin yaxşı olacağını güman etmişdir. Bundan başqa onu da qeyd edir ki, əlavə pulun nə zaman yüklənəcəyini bilməmişdir. Bu məsələ ilə əlaqədar o da 2000 manat pul itirmişdir. Lakin o, şikayətçi olmamışdır, bununla əlaqədar hər hansı orqana şikayət etməmişdir. Qeyd edir ki, 400 manatı İlkin almışdır, 200 manat və 400 manat pul bilavasitə İlkinə verilmiş, yəni pulu qəbul edən şəxs İlkin olmuşdur. O, iddiaçıdan aldığı 200 manat pulu İlkinin kart hesabına köçürmüşdür. Bununla bağlı qəzblər olsa da, onları tullamışdır. İddiaçı 400 manat pulu isə Ceyran şadlıq sarayının yanında “Ye-De” kafesinin yanında İlkinə vermişdir. O, bu pullardan 1 qəpik belə almamışdır. Əslində 600 manat böyük məbləğdə pul da deyil, minimum əmək haqqı məbləğindən də azdır. Əgər o, tələb olunan pulu borc olaraq iddiaçıdan götürsəydi, onu iddiaçıya qaytarardı. Əlavə olaraq onu da bildirir ki, o, iddiaçıya şirkətə daxil olması barədə mail ünvanı, login göndərmişdir. İddiaçı öz adına açılmış hesaba baxmışdır və onun şirkət hesabı olduğunu bilmişdir. Hətta hesabın biri iddiaçının anasının, digəri isə bacısının adına açılmışdır. Sayt açmaq onun səlahiyyəti daxilində olmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, 5-6 ildir ki, cavabdehlə tanışdır. Cavabdeh 2020-2021-ci illərdə onu çağıraraq şirkət qurulduğunu, 200 manat pul verməklə daha artıq məbləğdə faizlə gəlir əldə edə biləcəyini bildirmişdir. İlkin olaraq o, cavabdehə 200 manat pul vermişdir. Daha sonra Ülviyyə bu işin alınması üçün daha iki şəxsin müarciət etməsinin lazım olduğunu bildirmişdir. Bununla əlaqədar o, bibisı qızından 400 manat pulu alıb ödəniş etmişdir. Ülviyyə dekabr ayında pulun qaytarılacağını bildirmişdir. Lakin yanvar, mart ayları keçsə də, ödəniş olunmamışdır. Artıq 2 ilə yaxındır ki, cavabdeh məsələni uzadır, onun pulunu qaytarmır. Buna görə də o, Polis Bölməsinə müraciət etmişdir. Qeyd edir ki, o, 200 manat pulu öz evində Ülviyyəyə vermiş, həmin vaxt bibisi qızı da onun yanında olmuşdur. Qalan pulu isə Ülviyyə ilə restoranda görüşüb vermişdir. Həmin vaxt onların yanında İlkin adlı şəxs də olmuşdur. Amma o pulu Ülviyyəyə vermişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 31, mənzil 36-da yaşayan İddiaçı Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ünvanladığı xx.xx.2021-ci il tarixli 126-12220M-3121 nömrəli ərizəsi daxil olmuşdur. Vətəndaş İddiaçı müraciətində tanışı Ülviyyə adlı qadına ümumilikdə 600 manat borc pul verməsini lakin həmin şəxsin bu günə qədər pulunu geri qaytarmadığını bildirmişdir. Vətəndaş Məmmədovaya müraciətində qeyd etdiyi xüsusatların həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən məhkəmələrin səlahiyyətində olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etmək hüququnun olması izah olunmuşdur. İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-103/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, həmin hökm ilə Maraqlı şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Maraqlı şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, axtarışda olan şəxs kimi tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni ümumilikdə 04 (dörd) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 12 may 2022-ci il tarixdən hesablanması, iş üzrə mülki iddianın qismən təmin edilməsi və vurulmuş maddi zərərə görə 11.381 (on bir min üç yüz səksən bir) manat 15 (on beş) qəpik və mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin Maraqlı şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X2 ödənilməsi, Maraqlı şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, tərəflər arasında borc münasibətləri olmamış, iddiaçı əvvəlcədən cavabdehə verdiyi pulun daha yüksək məbləğdə qazanc əldə etmək üçün başqa şəxsə və ya şirkətə ödəniləcəyini bilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi zərər vurmanı öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir. Həmçinin, mülki qanunvericilik daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur və həmin maddi hüquq normalarının dispozisiyasından da aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətin yaranması üçün zərərin özünün varlığı, zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla), hüquqa zidd əməli və əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Hazırkı işin hallarının Mülki Məcəllənin delikt üzrə məsuliyyətin əmələ gəlmə əsasları baxımından qiymətləndirilməsi də, cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas vermir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı cavabdehin ona məxsus 600 manat məbləğində pulu mənimsəyərək qanunsuz olaraq özündə saxladığını, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona həmin məbləğdə ziyan dəydiyini sübut edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında olan münasibətlərdə adıçəkilən Maraqlı şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-103/2022 saylı, xx.xx.2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilən 30 manat dövlət rusumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar