Məhkəmə qərarları › İş №2(060)-4709/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4709/2022

07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4709/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 1840 manat, Cavabdeh2 5550 manat pulun, həmçinin ödədiyi 94 manat dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh2 onun uzun illərdir ki, qonşusudur. O, cavabdehdən bir neçə dəfə məişət malları almış, pulunu ödəmiş və aralarında münasibət yaranmışdır. 15 oktyabr 2020-ci il tarixdə Aynurə iddiaçının ona olan inamından sui-istifadə edərək ondan 7000 manat məbləğində pul almış və onu əmin etmişdir ki, həmin pulu qaytara bilməsə, öz həyətindəki torpağın 2 sotunu adına keçirəcəkdir. Hətta o, həyat yoldaşı Kamalın kartını da girov qoyacaqdır. O, həyat yoldaşı Xaləddin ilə məsləhətləşərək üstündə olan 5550 manat məbləğində pulu yaşadığı həyətdə Aynurəyə vermişdir, əvəzində ondan hər hansı bir sənəd və ya kart almamışdır. xx.xx.2020-ci il tarixdə isə o, Aynurənin yaşadığı evə getdikdə həyat yoldaşı Kamal demişdir ki, “Aynurənin bir çox şəxslərə borcu olduğu üçün evdən çıxıb getmişdir.” 2020-ci ilin noyabr ayında bir daha həmin evə getdikdə Kamal ona hədə-qorxu gəlmiş və heç kəsdən qorxmadığını, hətta onu öldürəcəyini bildirmişdir. O, bir təsadüf nəticəsində Aynurənin Sumqayıt şəhər, 12-ci mikrorayon ərazisində kirayədə yaşadığını öyrənmiş, Aynurə evini satışa qoyduğunu və satdıqdan sonra əldə edəcəyi pul ilə torpağa görə ondan aldığı pulu qaytaracağını bildirmişdir və söz vermişdir ki, xx.xx.2020-ci il tarixdə pul onda olacaqdır. O, Aynurəyə torpağa görə 5550 manat verdikdən bir müddət sonra qardaşı Müzəffər yaşadığı ünvana gələrək həmin pulun az olduğunu bildirmiş və ondan 1840 manat da pul almış və yaxın müddət ərzində iki sot torpağı adına rəsmiləşdirəcəklərinə söz vermişdir. Nəticədə bu şəxslərin əməlləri üzündən ona ümumilikdə 7390 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, pulu Aynurəyə o, öz evində vermişdir. Həmin vaxt onlarda olan qonşular da onun Aynurəyə pul verdiyini görmüşlər. Aynurə və onun qardaşı Müzəffər ondan borc aldığı puldan heç biri bu günə qədər heç bir məbləğ ona qaytarmamışlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maaddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iddiaçı ilə qonşudur. O, hər gün bazarda ticarətlə məşğul olur. Bir dəfə səhər tezdən bazara gedərkən Aynurənin Güleydəgilin evindən çıxdığını görmüşdür. Bundan sonra, o, Güleydə xanımgilin evində olduğu zaman Aynurənin yenə də ora gəldiyini görmüş, Güleydə və Aynurə birlikdə digər otağa keçmişlər. Çölə çıxdıqda isə o, Güleydənin Aynurəyə nəsə verdiyini görmüşdür. Bu barədə soruşduqda Güleydə Aynurəyə pul verdiyini və həmin pulun müqabilində torpaq alacağını bildirmişdir. O, Güleydənin Aynurəyə təxminən 5500 manat pul verdiyini eşitmişdir. Bu hadisə təxminən 2020-ci ilin oktyabr ayında baş vermişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına olan: Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nin xx.xx.2021-ci il tarixli «Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» Qərardan görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı dindirilən Cavabdeh2 izahatında göstərmişdir ki, təxminən 10 ildir Güleydə ilə qonşuluqda yaşayır, 2018-ci il sonlarında avtomaşın almaq üçün pulu çatmadığı üçün Güleydədən 4000 manat 6 faizlə borca pul götürmüş, 2019-cu ilin sonlarında isə öz adına olan avtomaşını sataraq, Güleydədən aldığı 4000 manat pulu qaytarmışdır. Həmçinin 2020-ci ilin dekabr ayında qardaşı Müzəffər də Güleydədən faizlə borca 1700 manat pul götürmüş, həmin pulun bir neçə ay faizin versə də, sonradan pulu ödəyə bilməmişdir. Araşdırma zamanı dindirilən Cavabdeh1 izahatında göstərmişdir ki, əvvəllər Güleydə ilə qonşuluqda yaşamış, həmçinin bacısı Cavabdeh2 da onlarla qonşuluqda yaşamışdır. Güleydəni tanıyandan onun faizlə borca pul verdiyini bilmiş və 2020-ci ilin dekabr ayında müalicə olunacağı üçün pula ehtiyacı olduğundan Güleydənin yaşadığı ünvana gedib, ondan 6 faizlə ilkin olaraq 1200 manat, 3 gün sonra isə 500 manat borca pul götürmüşdür. O, 3 ay müddətində hər ay Güleydəyə 102 manat faiz pulu ödəmiş, lakin sonradan işsiz olduğu üçün ona pulu ödəyə bilməmişdir. O, Güleydəyə 1700 manat borclu olduğunu bildirsə də, sonuncu ondan 1840 manat tələb etmişdir. Göründüyü kimi, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdikləri izahatlarında İddiaçı müvafiq olaraq 1700 manat və 4000 manat borc aldıqlarını etiraf etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882.-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə ədalət mühakiməsini təqdim edilmiş sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan 1700 və 4000 manat borc pul aldıqları öz təsdiqini tapdığından iddianın həmin hissədə təmin edilməsi əsaslı və qanunidir. İddia qalan hissədə, yəni 4000 və 1700 manatdan artıq olan hissədə iddiaçı tərəfindən sübuta yetirə bilmədiyindən təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini qalan hissədə məhkəmədə sübuta yetirə bilmədi. İddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmır. Eləcə də məhkəmə qeyd edir ki, qeyd olunan pul vəsitinin (4000 manat) qaytarılması ilə bağlı Cavabdeh2 aparılmış araşdırma zamanı göstərdikləri onların şifahi bildirdiklərindən ibarət olmaqla heç bir sübuta əsaslanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 21,5 manatı iddiaçıya aid edilməli, 72,50 manat cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 1700 (bir min yeddi yüz) manat və Cavabdeh2 4000 (dörd min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,50 (yetmiş iki manat, əlli qəpik) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar