Məhkəmə qərarları › İş №2(060)-4724/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4724/2022

10.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4724/2022 10.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(017)-201 /2015 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılması və cavabdehdən xx.xx.2005-ci il təvüllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(017)-201 /2015 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılması və cavabdehdən xx.xx.2005-ci il təvüllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(017)-201 /2015 saylı qətnaməsi ilə qət edilmiş alimentin dəyişdirilməsi və cavabdehdən xx.xx.2005-ci il təvüllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(017)-201 /2015 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2005-ci il təvüllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv olunmuşdur. Hazırda Respublika üzrə 1 uşağın saxlanılması minimumu 193 manat təşkil edir, lakin qət edilmiş aliment uşağın maddi məsrəflərini qarşılamaq üçün yetərli deyildir. Belə ki, uşaq böyümüş artıq 17 yaşındadır, onun maddi məsrəfləri durmadan artır, lakin o, bu məsrəfləri qarşılamaq imkanında deyildir ki, bu da uşağın mənafeyinə təsir göstərir. Cavabdeh fərdi işlərdə işləyir,qazanc və gəlirə malikdir, buna görə də alimentin sabit pul məbləğində, hər ay üçün 193 manat məbləğində müəyyən edilməsini məqsədəuyğun bilir. Göstərilənləri nəzər alaraq, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(017)-201 /2015 saylı qətnaməsi ilə qət edilmiş alimentin dəyişdirilməsi və cavabdehdən xx.xx.2005-ci il təvüllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, iddiaçı ilə 1999-cu il tarixdə faktiki nikaha girmişlər 2010-cu ildə nikahlarını rəsmiləşdirmişdirlər. Onların birgə nikahlarından bir övladları olmuşdur. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün 2015-ci il tarixdə aralarında olan nikah pozulmuşdur. O, hər ay məkhəmə qətnaməsi ilə kəsilən alimenti ödəyir. Hazırda tələb olunan aliment məbləğini qismən qəbul edir. Belə ki, o, ikinci dəfə ailə həyatı qurmuş və ikinci nikahından iki övladları var. Lakin buna baxmayaraq, o, 150 manat aliment ödəyə bilər. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 2(017)-201/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh 70 manat məbləğində aliment alınaraq X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 2(017)-199\2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış, 866 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və xx.xx.2005-ci il tarixdə anadan olmuş X9 anası X4 yanında saxlanması qət edilmişdir. İş materiallarında olan AZ-İİ № 562990 saylı, xx.xx.2010-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 5284 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı “Fəxri” super marektində satıcı işləyir. Aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan AZ-İİ № 415138 saylı, xx.xx.2020-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikah Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 14 noyabr 2020-ci il tarixdə bağlanmış və 1746 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Zalıyeva” soyadı verilmişdir. İş materiallarında olan AA2244117 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11yu xx.xx.2021-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA3497614 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13yu xx.xx.2022-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesi davam edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X7 xx.xx.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediyasiya sessiyasından sonra prosesi davam etmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün “X10” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 10 iyul 2005-ci il təvəllüdlü X3 yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-201/2015 saylı iş üzrə qəbul etdiyi 20 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 10 iyul 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-201/2015 saylı, 20 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 10 iyul 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar