Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4728/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılmas” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 04.06.2019-cu il tarixli 2(060)-4916/2019 saylı qətnaməsi ilə sabit pul məbləğində təyin edilmiş 160 manat alimentin miqdarının artırılaraq hər ay Cavabdeh birgə nikahdan olan övladlarının saxlanılması üçün 175 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 17.04.2012-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan 17.01.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. Cavabdehlə aralarındakı münasibətlərin pozulması nəticəsində o, nikahın pozulması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Nəticədə məhkəmənin 04 iyun 2019-cu il tarixli 2(060)- 4916/2019 nömrəli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan övladları X2 nikah pozulduqdan sonra onun yanında saxlanılması və yetkinlik yaşına çatanadək hər ay cavabdehdən onun xeyrinə 160 manat alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Övladı böyüdükcə onun xərc və tələbləri artır. Onun bir ana kimi bu təlabatı ödəməyə maddi imkanı çatmır. Cavabdeh isə övladının saxlanılmasında ona hər-hansı əlavə köməklik göstərmir. Hesab edir ki, qarşı tərəf bir valideyn kimi ən azı qanunvericilikdə nəzərdə tutulmuş uşaqların yaşayış minimumu məbləğində məsuliyyət daşımalıdı və ona dəstək olmalıdı. Belə ki, tutulan 160 manat məbləğ övladının bir şəxsiyyət kimi formalaşmasında maddi dəstək anlamında olduqca cuzi məbləğdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi. Əlavə olaraq göstərdi ki, himayəsində olan azyaşlı uşağa qulluq etdiyinə görə işləmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 04.06.2019-cu il tarixli 2(060)-4916/2019 saylı qətnaməsinin məzmunundan görünür ki, Cavabdeh ilə X3 arasında 17.04.2012-ci il tarixdə 531 saylı akt qeydi ilə bağlanılmış nikahın pozulması, 17.01.2013-cü il təvəllüdlü X2 anası X1 yanında qalması, 01.05.2019-cu il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin bir yetkinlik yaşına çatmayan övladının olması, uşağın ananın yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin hallarından göründüyü kimi uşağın saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutulması məhkəmə qətnaməsi ilə qət edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımışdır və formalaşmış məhkəmə təcrübəsinə görə alimentin minimum məbləği müəyyən edilərkən bir qayda olaraq ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu meyar olaraq qəbul edilir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə cavabdehin etirafını, müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04.06.2019-cu il tarixli 2(060)-4916/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 17.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iş üzrə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04.06.2019-cu il tarixli 2(060)-4916/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 17.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Dəyişdirilmiş məbləğdə alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4728/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4728/2021
07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver