Məhkəmə qərarları › İş №2(060)-4745/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4745/2021

02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4745/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, onun nümayəndəsi, vəkil X5 və vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 25000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 avqust 2007-ci il tarixində X6 ilə ev alqı-satqısı müqaviləsi imzalamışdır. Lakin, bir müddət sonra cavabdeh bu mənzilin ona məxsus olduğunu bildirərək məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin iddiası təmin edilmiş və ünvan 1 ünvanında yerləşən əmlaka dair 15 avqust 2007-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X1 mənzilə dair məbləğin geri qaytarılması qət edilmişdir. Məhkəmə qətnamələri ilə mənzil cavabdehə qaytarılmışdır. Həmçinin tərəflər əvvəlki vəziyyətinə gətirilmişdir. Cavabdeh isə iddiaçının şəxsi vəsaiti hesabına aparılmış təmir nəticəsində cavabdeh əsassız varlanmışdır. Belə ki, iddiaçı mənzili alqı-satqı etdikdən sonra digər yaşayış sahəsi olmadığına görə cari təmir edərək mənzilə köçüb. Bundan sonra uzun müddət maddi imkanı olmadığına görə mənili əsaslı təmir etmirdi. Məhkəmə mübahisələri gedən zaman haqlı olduğunu bildiyi üçün və iddiaçının mənzildəki payından yazılı imtinası olduğu üçün ədalətli qətnamə çıxacağına inanırdı. Bu səbəbdən də həmin dövrdə artıq ailəsi ilə birgə təmirsiz evdə yaşaya bilmədiyinə görə məcbur qalaraq evi əsaslı təmir edib. Həmin təmirə iddiaçı 25000 manat pul xərcləyib. Hal-hazırda məhkəmə qətnaməsi ilə mənzili təhvil verməli olduğu cavabdeh iddiaçının hesabına aparılan yüksək təmirli evə köçəcəkdir. Beləliklə cavabdeh iddiaçının hesabına əsassız varlanacaqdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək öz etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2902 aylı, 17 dekabr 2008-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 55 saylı evdə yerləşən 35 nömrəli mənzilə dair X6 ilə iddiaçı arasında bağlanmış 15 avqust 2007-ci il tarixli alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi, Xanımqız Aslanovadan iddiaçının xeyrinə 36500 manat mənzilin dəyəri və 4000 manat təmir xərclərinin tutulması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-482/2009 saylı, 30 iyun 2009-cu il tarixli qətnaməsi ilə həmin qətnamə iddiaçının və Xanımqız Aslanovanın qarşılıqlı iddiaları hissəsmdə ləğv olunmuş, iddiaçının qarşılıqlı iddiası qismən təmin edilmiş, Xanımqız Aslanovadan iddiaçının xeyrinə 36500 manat tutulub verilməsi, cavabdehdən Xanımqız Aslanovanın xeyrinə 5500 ABŞ dollarının manatla məzənnəsi tutulub verilməsi qətnamənin qalan hissəsinin dəyişiklik olunmadan saxlanılması qət edilmişdir. Qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə 12.11.2010-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsində icraata başlanmışdır. İddiaçı borclu olan Aslanova Xanımqız ilə əlbir olaraq bilərəkdən müxtəlif predmetli əsassız iddialarla məhkəməyə müraciət etməklə qanuni qüvvəyə minmiş 30.06.2009-cu il tarxli məhkəmə qətnaməsinin icrasına süni maneələr yaradır. Cavabdeh mülkiyyət hüququnu əldə etməyinə baxmayaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir. İddiaçı isə cavabdehə məxsus daşınmaz əmlakdan gen-bol istifadə etməklə qanunsuz olaraq ondan faydalanır. Etibarsız hesab olunmuş alqı-satqı müqaviləsi Xanımqız Aslanova ilə iddiaçı arasında haqlanılmış buna görə də müqavilə üzrə cavabdehliyi Xanımqız Aslanova daşımalıdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ünvan 1-lə bağlı məhkəmə mübahisələri 2009-cu ildə baş verib. Lakin, o mənzili 2013-cü ildə təmir etdirib. Təmirə 25000 manat pul xərcləyib. Ev təmirsiz olduğundan və onun başqa yaşayış yeri olmadığından evi təmir etdirmək məcburiyyətində qalıb. Mənzilin boşaldılması Xanımqız Aslanovadan pulun tutulması ilə eyni vaxtda icra edilməli olduğundan icra bu vaxta qədər ləngiyib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Toğrul Babayev və vəkili Pərviz Hacılı məhkəmə iclasında iddianı müdafiə edərək onunla oxşar məzmunlu izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehə sonuncu məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi, vəkil X10 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin və (və ya) onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında mənzillə bağlı hər hansı müqavilə münasibləri olmamışdır. Eyni zamanda iddiaçı mənzili təmir etdirmişsə belə, artıq mənzillə bağlı mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra etdirmişdir. Belə olan halda cavabdeh həmin təmirlə bağlı hər hansı öhdəlik daşıya bilməz. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan məhkəmə aktları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2902/2008 saylı, 17 dekabr 2008-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər tələblərinə dair iddiası təmin edilmiş, ünvan 1-ə dair Xanımqız Aslanova ilə İddiaçı arasında bağlanmış 15.08.2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, dövlət reyestrində qeyd ləğv edilmiş, X3 adına qeyd bərpa edilmiş, İddiaçı, Xanımqız Aslanova və digərləri mənzilə pasport qeydiyyatından çıxarılmışlar. X4 36500 manat6 mənzilin dəyəri və 4000 manat təmir xərcləri İddiaçı xeyrinə tutulmuşdur. Qarşılıqlı iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-482/2009 saylı, 30.06.2009-cu il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 dekabr 2008-ci il tarixli qətnaməsi qarşılıqlı iddialara aid hissədə ləğv edilmiş, İddiaçı qarşılıqlı iddiası qismən təmin edilmiş, X7 Həşimovun xeyrinə 36500 manat pul tutulmuş, Xanımqız Aslanovanın qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh, T.S.Kazımovadan və E.S.X2 xeyrinə 5500 ABŞ dolları pul tutulmuş, Cavabdeh mənzildən çıxarılma barədə iddiası təmin olunmuş, Xanımqız Aslanova, İddiaçı və digərlərinin mənzildən çıxarılmaları qət edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Həmçinin müqavilənin etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi və qeydin bərpa edilməsi, cavabdehlərin mənzildən və pasport qeydiyyatından çıxarılmalarının pulun tutulması ilə eyni vaxta icra edilməsi qətnamədə göstərilmişdir. İş materiallarına mübahisəli mənzilin təmirdən sonrakı fotoşəkilləri əlavə edilmişdir. Öncə qeyd edilməlidir ki, ünvan 1-ə dair məhkəmə mübahisəsi gedən vaxt iddiaçı cavabdehə qarşı təmir xərcləri ilə bağlı iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə aktında bu iddiaya qiymət verilmişdir. Lakin, iddiaçının özünün də bildirdiyi kimi hazırkı iddia tələbində iddiaçı mənzilin təmirinə sonradan, yəni 2013-cü ildə sərf etdiyi xərci cavabdehdən tələb edir. Bu səbəbdən hazırkı iddia həmin vaxt verilmiş iddia ilə eyni predmet və əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İş üzrə tədqiq edilmiş məhkəmə aktları ilə müəyyən edilir ki, ünvan 1 (bundan sonra – mübahisəli mənzil) 15.08.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Xanımqız Aslanova tərəfindən iddiaçıya satılmışdır. Bundan sonra isə cavabdehin iddiası əsasında həmin alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmişdir. X4 iddiaçının xeyrinə 36500 manat pulun tutulması qət edilmişdir. Hal-hazıra kimi qətnamə icra edilməmişdir. İddiaçı isə 2013-cü ildə mübahisəli mənzili təmir etdirdiyini bildirərək həmin təmir xərcinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz tələbini mənzilin cavabdehə qaytarılacağı təqdirdə cavabdehin əsassız varlanacağı ilə əsaslandırır. Mülki Məcəlləyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2.). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.). Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (1092.2.). İşdən göründüyü kimi mübahisəli mənzil 2009-cu ildə yekunlaşmış məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qətnaməyə əsasən cavabdehə qaytarılmalıdır. İddiaçı mənzili 2013-cü ildə təmir etdirdiyini bildirir və həmin təmir xərcini cavabdehdən tələb edir. Halbuki, həmin vaxt iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən mənzili cavabdehə qaytarmalı olduğunu bilirdi. Belə olan halda iddiaçının mübahisəli mənzilin təmirinə çəkdiyi xərclərlə bağlı cavabdeh hər hansı öhdəlik daşıya bilməz. İddiaçı həmin mənzili həqiqətən təmir etdirmiş və təmir işlərinə iddia ərizəsində göstərilən məbləğdə vəsait sərf etmiş olsa belə cavabdeh mənzilin ona qaytarılacağı halda əsassız varlanmış sayıla bilməz. Çünki bu varlanmaya əsas verəcək qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud idi və iddiaçı bunu bilirdi. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən dəymiş maddi zərərin əvəzi olaraq 25000 manat pulun iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar