Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4746/2020 30.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kreditin, faizlərin və zərərin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 1568.67 manat əsas borc, 188.87 manat faiz borcu və 2197.60 manat cərimə borcu olmaqla, cəmi 3955.14 manat məbləğində kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırdı ki, İddiaçı ASC ilə bağlanmış 15009-1360/445332 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “Paykart Kredit” kartlarından 60 ay müddətinə illik 27% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1500 manat məbləğində istehlak kredit xətti açılmışdır. Kredit müqaviləsinə əsasən, cavabdeh kreditdən qanunvericilikdə qadağan edilməyən məqsədlərlə istifadə etməyi və kredit xətti üzrə bütün öhdəlikləri 12 ay müddətində tam ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx xxxx 2020-ci il tarixə İddiaçı ASC-yə 1568.67 manat əsas kredit borcu, 188.87 manat kreditdən istifadəyə görə faiz borcu, 2197.60 manat cərimə olmaqla, cəmi 3955.14 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə əsasən o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə bağlanmış 15009-1360/445332 saylı, xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “Paykart Kredit” kartlarından 60 ay müddətinə illik 27% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 1500 manat məbləğində istehlak kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 1568.67 manat əsas borc, 188.87 manat faiz borcu və 2197.60 manat cərimə borcu olmaqla, cəmi 3955.14 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 2197.60 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1568.67 manat əsas borc, 188.87 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 1807.54 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qimən təmin edilsin. Cavabdeh 1568.67 manat əsas borc, 188.87 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 1807.54 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-4746/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4746/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver