Məhkəmə qərarları › İş №2(060)-4751/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4751/2020

14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4751/2020 14.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 41.000 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdehi illər öncə maşın ehtiyyat hissələri satışı ilə məşğul olması səbəbi ilə tanımış və daha sonra münasibətləri dostluq çərçivəsində davam etmişdir. Cavabdeh dəfələrlə işi ilə əlaqədar ondan borca pul almış və həmişə vaxtında qaytarmış və beləliklə də, onun və ailəsinin etibarını qazanmışdır. Hətta onun vasitəçiliyi ilə qardaşı X1 belə borca pul almışdır. Cavabdeh bir gün ona yenidən işi ilə əlaqədar borca pul istəmiş və o, məbləğ çox olduğundan, onunla həmin borc pula dair notariatda müqavilə bağlanmasını bildirmiş və cavabdeh bununla razılaşmışdır. Beləliklə, cavabdehlə onun arasında Sumqayıt “Asan Xidmət” X2 Xüsusi Notariusunda xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. O, müqavilə üzrə Cavabdeh 44.000 manat pulu xx.xx.2019-cu il tarixədək qaytarması şərti ilə vermişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, pulu tam şəkildə bu günə qədər ona geri ödəməmiş, qeyd edilən məbləğdən ona ödədiyi 3.000 manat pul olmuşdur. O, cavabdehə dəfələrlə müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə icra etməsini bildirsə də, cavabdeh onu dinləməmiş və müqavilə üzrə üzərinə düşən öhdəliyi tam şəkildə icra etməkdən qərəzli şəkildə yayınmışdır. Göründüyü kimi, Cavabdeh onun etibarından sui-istifadə edərək, onu aldadaraq 41.000 manat pul məbləğini ələ keçirmişdir. Bu səbəbdən də həmin pulun cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 44.000 manat məbləğində pulu borc vermiş, cavabdeh krediti xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa məhkəmə araşdırması zamanı və məhkəmədə iddiaçının verdiyi izahatından aydın olmuşdur ki, cavabdeh iddiaçıya kredit müqaviləsi üzrə 3000 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 41.000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 41.000 (qırx bir min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar