Məhkəmə qərarları › İş №2(060)-4777/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4777/2023

21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4777/2023 21.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı Üİfətli Türkan Rizvan qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Üİfətli Türkan Rizvan qızının Cavabdeh qarşı alimentin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Üİfətli Türkan Rizvan qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1644/2023 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılması və həmin alimentin birgə nikahdan olan uşaqları - xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 18 yaşları tamam olanadək cavabdehin aylıq qazanc və gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Üİfətli Türkan Rizvan qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 1644/2023 saylı qətnaməsinə tərəflər arasında bağlanmış nikah ləğv edilmiş və birgə nikahdan olan uşaqları - xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 iddiacının yanında saxlanılmaqla uşaqların yetkinlik yaşlarına çatana kimi cavabdehdən hər uşağa 250 manat olmaqla 2 uşağa görə 500 manat məbləğində aliment tutulması qət olunmuşdur. Cavabdeh bank müdiri vəzifəsində işləyir və yüksək əmək haqqı alır, bu aylıq əmək haqqı üzrə artımlar olur və bu halda uşaqların təminatını və maddi, mənəvi tələbatlarının tam olaraq təmin olunması üçün alimentin onun aylıq qazanc və gəlirinin 1/3 hissəsində müəyyən olunmasını məqsədəuyğun bilir. Buna görə də iddia tələbinə dəqiqləşmə verərək məhkəmə qətnaməsi ilə qət edilmiş alimentin tutulması qaydasını dəyişməklə alimentin birgə nikahdan olan uşaqları - xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 18 yaşları tamam olanadək Cavabdeh hər növ aylıq qazanc və gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Üİfətli Türkan Rizvan qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır, belə ki, aralarında bağlanmış nikah Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1644/2023 saylı qətnaməsinə əsasən ləğv edilmiş və birgə nikahdan olan uşaqları - xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 onun yanında saxlanılmaqla uşaqlarının yetkinlik yaşlarına çatana kimi cavabdehdən hər uşağa 220 manat olmaqla 2 uşağa görə 440 manat məbləğində aliment tutulmuşdur. Cavabdeh bank müdiri vəzifəsində işləyir və yüksək əmək haqqı alır, bu aylıq əmək haqqı üzrə artımlar olur və bu halda uşaqların təminatını və maddi, mənəvi tələbatlarının tam olaraq təmin olunması üçün alimentin onun aylıq qazanc və gəlirinin 1/3 hissəsində müəyyən olunmasını məqsədəuyğun bilir. Onu da qeyd edir ki, aliment üzrə işə baxılarkən (2023-cü ilin mart ayında) məhkəmə tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatda cavabdeh Beynəlxalq bankda müdir işlədiyi və əmək haqqısının 2725 manat olduğu göstərilmişdir. Alimentin artırılması ilə bağlı mediasiyada cavabdehlə aralarında razılıq əldə olunmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Üİfətli Türkan Rizvan qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin əmək haqqı barədə dəqiq məlumat var. Belə ki, cavabdeh Azərbaycan Beynəlxalq Bankında bank müdiri işləyir və 2773 manat əmək haqqı olaur. Belə olan halda hesab edir ki, aliment əmək haqqına yönəldilməli, aliment əmək haqqının 1/3 hissəsində müəyyən edilməlidir. Belə ki, həqiqətən də hər uşağa görə müəyyən edilmiş 250 manat aliment uşaqları saxlamaq üçün çox azdır. Odur ki, nümayəndə alimentin tutulmasının cavabdehin əmək haqqına yönəldilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) bildiriş göndərilsə də, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1644/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində, Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 16.07 2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçı Üİfətli Türkan Rizvan qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil tərəfindən ödənilmişdir. İşdə olan AZ-İİİ 996110 saylı və AZ-İV 520855 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-də rəis müavini vəzifəsində işləyir və 3110 manat əmək haqqı alır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlikyaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" ASC-də rəis müavini vəzifəsində işləyir və 3110 manat əmək haqqı alır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin daimi qazancı olduğundan ondan tutulan alimentin forması dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Üİfətli Türkan Rizvan qızına ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Üİfətli Türkan Rizvan qızının nümayəndəsi Vəkil mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci Vəkil tərəfindən ödənilmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçı Üİfətli Türkan Rizvan qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1644/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin tutulma qaydası dəyişdirilərək, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçı Üİfətli Türkan Rizvan qızına ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat ödənilmiş mediasiya xərci tutularaq iddiaçı Üİfətli Türkan Rizvan qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar