Məhkəmə qərarları › İş №2(060)-479/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-479/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-479/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçıASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3835,61 manat əsas, 1795,29 manat faiz, 19.08.2017-ci ildən 13.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 582,4 manat əldən çıxmış fayda olmaqla, cəmi 6213,3 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi dəqiqləşmə verərək, cavabdehlərdən müştərək qaydada 2999,61 manat əsas, 1795,29 manat faiz, 19.08.2017-ci ildən 26.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 730,2 manat əldən çıxmış fayda olmaqla, cəmi 5525,1 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə “xxxx” İKB ASC arasında 19.08.2015-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən illik 32%-lə 24 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozmuş, öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə, 32% olmaqla 5100 manat kredit verilmişdir. - 19.08.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsinin təminatı olaraq borclu Cavabdeh1 zamin olmuşdur. - 26.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 2999,61 manat əsas, 1795,29 manat faiz və gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 730,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 5525,1 manat borcu vardır. - “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2015-ci il tarixli kredit müqaviləsinin 7.1-ci bəndindən görünür ki, borcalan verilmiş krediti və hesablanmış faizi ödəniş qrafik üzrə ödəmədikdə kreditor krediti hesablanmış faizi ilə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. - 19.08.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, 5100 manat məbləğində pul vəsaiti Cavabdeh1 verilmişdir. - Cavabdehə Cavabdeh1 məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi 14.04.2021-ci il tarixdə edilmişdir. -Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, “xxxx”İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehin 26.05.2021-ci il tarixinə 2999,61 manat əsas və 1795,29 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 oğlu iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 19.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin 7.1-ci bəndinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 19.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun Cavabdeh1 tutulması hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddianın 19.08.2017-ci il tarixdən 26.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 730,2 manat məbləğində əldən çıxmış fayda tələb olunması hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, 19.08.2015-ci il tarixli müqavilə üzrə borc tələbinin borclu ilə birlikdə zaminə qarşı yönəlməsi əsassızdır. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasının bitmə müddəti 24 ay, yəni 19.08.2017-ci ilə kimi olmuşdur. İddiaçı Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən iddia tələbini zaminə qarşı 19.08.2018-ci il tarixədək irəli sürdükdə haqlı olardı. İş materiallarından görünür ki, iddiaçı 25.08.2020-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ASC zaminə qarşı iddia tələbini qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra irəli sürdüyünə görə iddia Cavabdeh2 aid olan hissədə təmin edilməməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatdan yuxarı olduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 2999,61 manat əsas, 1795,29 manat faiz və 19.08.2017-ci il tarixdən 26.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 730,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 5525,1 manat borc və məhkəməyə ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumundan 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 2999,61 manat əsas, 1795,29 manat faiz və 19.08.2017-ci tarixdən 26.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 730,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 5525,1 manat borcun və ödənilmiş dövlət rüsumundan 30 manat tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar