Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4796/2024 28.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1nə qarşı «pul tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 (beş min) manatın və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5070 (beş min yetmiş) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, o, dişlərində olan problemlə əlaqədar olaraq 2023-cü ilin noyabr ayında Sumqayıt şəhər ərazisində fəaliyyət göstərən "TRİ DENTİS’' MMC-nin həkim-stomatoloqu, Cavabdeh2 müraciət etmişdir. Razılaşmaya görə həkimstomatoloq Cavabdeh2 ağzında implant diş əkməli idi. İmplant dişlərin əkilməsi üçün həkim Cavabdeh2 ondan 5000 (beş min) manat hissə-hissə pul almışdır. Lakin həkim səhvi səbəbindən ağzına implant dişlərin əkilməsi mümkün olmamışdır. Həkimin səhvi səbəbindən ağzında diş qalmamış, dişlərin hamısı çəkilmişdir. Cavabdehin günahı üzündən ona 5000 (beş min) manat maddi ziyan dəymiş, dişlərinin hamısı çıxarılmış, dişsiz qalmışdır. Dəfələrlə həkim-stomatoloq Cavabdeh2 müraciət edərək implant dişlərin qoyulmasını tələb etmişdir, dişlərin qoyulması mümkün olmadıqda implant dişlərin qoyulması üçün ödənilmiş 5000 (beş min) manat pulun qaytarılmasını tələb etmişdir. İ.akin cavabdeh əsassız bəhanələr gətirərək tələbini yerinə yetirmir. O, məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişdir. Sumqayıt şəhər Prokurorluğu Ş694 saylı məktubla məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının dişləri onun tərəfindən düzəldilmiş, heç bir problem olmamışdır. O, pulsuz olaraq əlavə olaraq 2 ədəd implant qoymuşdur. O, əvvəldə pasiyentə 2 implantla protezlərin tərpənəcəyini bildirmişdir. O, bütün məlumatları və təklifləri xanıma bildirmişdir. Hazırda onun taxdığı implantlar iddiaçının ağzındadır, dəfələrlə dişlərin ona qayatırılmasını bildirsədə, iddiaçı dişləri geri qaytarmamışdır. Buna görə də onun firma ilə mübahisəsi yaranmışdır.İddiaçı tərəfindən ödənilmiş məbləğ 2200 manat olmuş. Qalan pul iddiaçı tərəfindən ödənilməmişdir. Bu səbəbdən iddia tələbini əsassız hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan ödənişlə qəbzlərindən görünür ki, iddiaçı "xxxx" MMC-yə 2200 (iki min iki yüz) manat ödəniş etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı stomatoloq Cavabdeh2 müalicə apararkən ona maddi ziyan vurmasına dair Sumqayıt şəhər prokurorluğuna ünvanladığı müraciətinə baxılaraq ona mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən “Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir, Zərəri vuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir”. Həmin Məcəllənin 1115-ci maddəsinə görə “Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia tələbində qeyd etdiklərinə dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmiş, hazırda düzəldilmiş dişlər iddiaçının özündədir və cavabdehə geri qaytarılmamışdır. Məhkəmə hesab edir ki, iddianın təmini üçün hüquqi əsaslar yoxdur, ona görə də, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1nə qarşı «pul tələbinə dair» iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4796/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4796/2024
28.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver